|
“ABAD” mərkəzləri qeyr-neft sektorunu abad edəcəkmi?
Neftin ucuzlaşmasından sonra qeyri-neft sektorunun, turizmin, aqrar sahənin inkişafı, sahibkarlığa əngəllərin aradan qaldırılması məqsədilə prezident İlham Əliyev sentyabrın 23-də ASAN Xidmətin tabeliyində Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılması haqqında fərman imzalayıb. Yeni qurum ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrini həyata keçirəcək. Fərmana əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  (ASAN Xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxsi yaradılacaq.
 
 “ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədilə fondun yaradılması, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, məhsulun sertifikatlaşdırılması və sair xidmətlər nəzərdə tutulub. 
 
Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ASAN Xidmətə 1 milyon manat ayrılıb.
 
Bəs, bu yeni mərkəzin fəaliyyəti Azərbaycan iqtisadiyyatına və əhalinin gəlirlərinə, ölkədə məşğulluq səviyyəsinə necə təsir göstərəcək? 
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, yeni yaradılan qurumun ASAN Xidmət qədər şəffaf və uğurlu fəaliyyət göstərəcəyinə ümid edir: «ASAN Xidmət mərkəzi Azərbaycanda fəaliyyətə başladığı gündən orada həyata keçirilən xidmətlərdə bürokratik əngəllər, süründürməçilik, korrupsiya halları faktiki olaraq tamamilə aradan qaldırılıb. Yəni şəffaf bir xidmət həyata keçirilir. Bu gün də ASAN Xidmət mərkəzlərinin tərkibində “ABAD” mərkəzinin yaradılması, sahibkarlığın və ailə təsərrüfatının inkişafı baxımından müsbət haldır. Yəqin ki, həmin mərkəzin nəzdində fond yaradılacaq, dövlətdən maliyyə ayrılacaq və insanlar oraya müraciət edərək banklar vasitəsilə deyil, bu xidmət vasitəsilə  özləri üçün təsərrüfat quracaqlar. Kiçik və orta sahibkarlığa yardım üçün bunun əhəmiyyəti böyükdür. Mən inanıram ki, ASAN Xidmət necə şəffaf fəaliyyət həyata keçirirdisə, “ABAD” xidmətdə də belə olacaq və sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcək. Bu xidmət əsasən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub". 
 
Deputat qeyd etdi ki, «ABAD» mərkəzlərinin yaradılması ilk növbədə əhalinin işlə təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir: “Həmçinin hər bir dövlət üçün kiçik və orta sahibkarlığın inkişafı əsas prioritetdir. Əgər dövlətdə bu sahədə heç bir problem yoxdursa, o dövlət daha çox inkişaf etmiş dövlət sayılır. Əgər biz bu sahəni inkişaf etdirə bilsək, bu, dövlət üçün də böyük əhəmiyyət kəsb edəcək. Yaradılacaq fonda vəsait yəqin ki, dövlət büdcəsindən veriləcək, o fond vasitəsilə vəsait insanlara yönəldiləcək və işlər  görüləcək. Düzdür, bizim belə fondlarımız çoxdur, ancaq burada şəffaflıq önəmlidir ki, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən insan bu sahədə problemlə qarşılaşmasın”.  
 
İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “ABAD xidmət” mərkəzlərinin “ASAN”-ın tərkibində yaradılması bu layihənin uğurlu olacağını deməyə əsas verir: “İlk növbədə onu qeyd edim ki, bu mərkəzin ASAN Xidmətin tərkibində yaradılması hökumətin bu istiqamətdə gələcəkdə atılacaq addımlarla bağlı qərarlı olmasından və prosesin daha şəffaf şəkildə keçiriləcəyindən xəbər verir. Həmçinin ASAN Xidmətin bu günə qədər həyata keçirdiyi şəffaf siyasətin davam etdirilməsi məqsədindən qaynaqlanır. Hazırkı dövrdə bu təşəbbüs qeyri-neft sektorunun inkişafı baxımından müsbət addımdır. Çünki ölkə iqtisadiyyatında bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Ölkə iqtisadiyyatında kiçik sahibkarlığın payı cəmi 2,6 faizdir. Ailə təsərrüfatlarından söhbət gedirsə, təbii ki, ailə təsərrüfatlarının məşğulluqda payı kifayət qədər böyükdür. Ölkə məşğulluğunun 36 faizinin məhz kənd təsərrüfatının payına düşdüyünü nəzərə alsaq, kənd təsərrüfatında çalışanların da 95 faizini məhz ailə  təsərrüfatlarında çalışanlar təşkil edir. İstehsalın da təxminən 92 faizi məhz  sektorda, ailə-kəndli təsərrüfatlarının fəaliyyəti nəticəsində formalaşır”. 
 
İqtisadçı ekspert ailə kəndli təsərrüfatlarına daha çox diqqət ayrılmasının vacibliyini önə sürərək, “ABAD” mərkəzlərinin bu sahədə inkişaf yaradacağına inandığını qeyd etdi: “Ölkədə məşğulluğun 34 faizinin məhz ailə təsərrüfatları ilə bağlı olduğunu nəzərə alsaq, onların ölkə iqtisadiyyatında yaratdığı dəyərin ÜDM-də payı 4,5-5 faiz arasında olur. Bu isə o deməkdir ki, həmin təsərrüfatların inkişaf etdirilməsinə, exspensiv inkişaf modelindən intensiv inkişaf modelinə keçirilməsinə çox ciddi ehtiyac var. Qəbul edilən qərarın da əsas məqsədi bu istiqamətdə nailiyyətlərin əldə olunmasına yönəlib. Fərmandan da göründüyü kimi, yeni texnologiyaların cəlb edilməsi, maliyyə fondunun yaradılması , təşəbbüslərin dəstəklənməsi, satışa dəstək verilməsi, logistik dəstəyin təmin olunması kimi məsələlər də burada öz əksini tapıb. O cümlədən konsaltinq xidmətinin göstərilməsi daha səmərəli təsərrüfat subyektlərinin ortaya çıxmasına şərait yaradacaq”. 
 
R.Həsənovun sözlərinə görə, həm ölkə vətəndaşlarının, həm də iqtisadiyyatın bu mərkəzlərin yaradılmasına ehtiyacı var: “Əsas məqsəd ailə təsərrüfatlarının gəlirliliyini artırmaq, bu yolla kənd təsərrüfatı sahəsinə insanları cəlb etməkdir. Amerika kimi kapitalizmin inkişaf etdiyi ölkədə iqtisadiyyatın 54 faizi kiçik sahibkarlıq hesabına formalaşıb. Avropa ölkələrində də vəziyyət analoji formadadır. Yəni kiçik sahibkarlıq iqtisadi inkişafın təminatçısı hesab olunur. Azərbaycanda da bu sahənin inkişaf etdirilməsinə ehtiyac var. Mən ölkə rəhbərliyi tərəfindən imzalanmış fərmanı yüksək qiymətləndirirəm. Ancaq bu məsələdə icra mexanizminin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi əsas fəaliyyət istiqamətlərindən olmalıdır.  İşlər sürətləndirilməlidir, ölkə iqtisadiyyatı idxaldan asılılıqdan xilas olmalıdır. Daxili tələbatın ödənilməsi, milli gəlirlərin qorunması, məşğulluğun təmin olunması baxımından bu layihənin uğurlu olacağına ümid edirəm”.
musavat