|
Xalça Muzeyində “Ailə günü”

Azərbaycan Xalça Muzeyində “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir valideynlər ilə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyəti möhkəmləndirmək və ən əsası ailələrə ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə keçirilib. İştirakçılara valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması ilə bağlı bir-birindən maraqlı proqramlar təqdim olunub. Həmçinin memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb.

Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birininin rəsmini çəkiblər. Ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

Cia.az