|
Bu gün Azərbaycanda referendumdur
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Sentyabrın 25-i səhər tezdən saat 08:00-dan etibarən referendumla əlaqədar təşviqatın aparılması üçün sentyabrın 3-dən ayrılan müddət başa çatıb.
 
Seçki Məcəlləsinin tələblərinə əsasən, sentyabrın 26-da Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

“Sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi üçün bütün işlər nəzərdə tutulduğu kimi vaxtında və yüksək səviyyədə yekunlaşıb.
 
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, dairələr bütün texniki vasitələrlə təchiz edilib ki, bütün məlumatları operativ şəkildə MSK-nın internet saytına ötürə bilsinlər: “Ölkədə fəaliyyət göstərən KİV-lər də görülən işləri aşkar şəkildə müşahidə edə biləcəklər. Polis orqanları ilə də sıx əməkdaşlıq edilib. Təlimlər keçirilib və onlara bütün lazımı göstərişlər verilib. Eyni zamanda, Penitensiar Xidmətin əməkdaşları üçün də təlimlər olub. Media nümayəndələrinin seçki günü necə işləməli olduğu izah edilib”.

MSK sədri onu da qeyd edib ki, referendum seçkisi ilə əlaqədar 38 konsul və xarici səfirliklərin nümayəndəliklərində seçki məntəqələri yaradılıb: “Hesab edirəm ki, sabah səsvermə zamanı heç bir problem yaranmayacaq. Məntəqələrin hamısı müşahidəçilər və KİV nümayəndələri üçün açıqdır. Akreditasiyadan kimsə keçibsə, o da rahat şəkildə müşahidə apara biləcək”.
 
Məzahir Pənahov, həmçinin vurğulayıb ki, seçki prosesində əsas komponentlərdən biri də məhz müşahidəçilərdir. MSK sədri bildirib ki, seçkini 117 beynəlxalq müşahidəçi izləyəcək: “Seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gələcək. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan keçib. Həmin şəxslər həm paytaxtda, həm də bölgələrdəki seçki prosesini müşahidə edə bilərlər. Yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib. Eyni zamanda 34 min nəfərə yaxın şəxs öz təşəbbüsü ilə müraciət edib. 2 min 700 şəxs siyasi partiyalar tərəfindən təqdim olunub. QHT-lər 1046 nəfər təqdim edib.
 
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyası Bakıya gəlib.
 
Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertləri daxildir.
 
MDB PA-nın beynəlxalq müşahidəçiləri seçki günü Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.
 
Nümayəndə heyəti prezident İlham Əliyevlə görüşüblər. Sentyabrın 25-də həmçinin, prezident  referendumu müşahidə etmək üçün Bakıda olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyətini qəbul edib. 

APA-nın məlumatına görə, dövlət başçısı keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirib.
 Prezident qeyd edib ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq, ölkəmizin Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd edib.
 
Missiyanın rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu nəzərə çatdırıb. A.Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirib. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını söyləyib:  “Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir”.
 
Nümayəndə heyəti Milli Məclisdə də olublar. Onlar parlamentin sədri Oqtay Əsədovla görüşüblər. Əsədov AŞPA-nın Dəyərləndirmə Missiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etməsinin önəmini qeyd edib.
 
Missiyanın rəhbəri Aleksandr Nikoloski AŞPA müşahidəçilərinin ölkəmizdə keçirilən bütün prezident və parlament seçkilərini, eyni zamanda, referendumları izlədiklərini söyləyib
Onu da bildirək ki, 26 sentyabr referendum günü şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu keçiriləcək.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək.
 
Azərbaycan Mətbuat Şurası referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Qurumdan musavat.com-a daxil olan məlumatda bildirilir ki, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcəklər. Onlar həmçinin jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini də müşahidə edəcəklər. 
 
Bundan başqa referendum günü Mətbuat Şurasında qaynar xətt yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər. 
 
Mətbuat Şurası referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq. Medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyi yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması təmin ediləcək.
musavat