Son illərdə Azərbaycan müxalifətinin xariclə təması sıfıra düşüb. Xarici ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar, səfirliklər demokratik düşərgə ilə əlaqələrin olmasında maraqlı görünmürlər. Əgər 10 il öncəyə qədər xarici qurumlar Azərbaycan müxalifəti ilə əlaqələrin qurulmasına can atırdılarsa, indi tam əksidir. Siyasi partiyalar buna səy göstərirlər, amma əks tərəf bundan qaçır.
Yalnız seçkilər ərəfəsində xarici qurumların Azərbaycanın müxalifət partiyaları ilə ara-sıra görüşləri olur. Seçkilər bitən kimi əlaqələr də bitir.
Ekspertlər bunu müxtəlif səbəblərlə izah edirlər. Əsas səslənən fikirlərdən biri Azərbaycan müxalifətinin əvvəlki illərlə müqayisədə zəifləməsidir. Bir növ xarici ölkələr, qurumlar zəif müxalifətə görə Azərbaycan hökuməti ilə əlaqələrinə kölgə salmaq istəmirlər. Çünki ölkə iqtidarında ən çox qıcıq oyadan amillərdən biri budur.
Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətin xariclə təmasının azalması ilə bağlı səslənən fikirlərlə razı deyil: “Bir neçə il əvvəl birbaşa təmaslar olurdusa, indi səfirliklərlə görüşlər olur, baxış və yanaşmalar təqdim olunur. Bundan əlavə də görüşlər olur. Beynəlxalq təşkilatlar və xarici ölkələrin nümayəndələri ilə görüşlər indi də davam edir. Əvvəlki illər kimi bu sahədə ciddi bir problem yoxdur. 10 il öncəki ictimai-siyasi proseslərin dinamikliyini indiki ilə bərabərləşdirmək olarmı? 10 il öncə daha mütəmadi, dinamik görüşlər olurdu. İndi bunun tam əksidir. Bu da siyasi proseslərin əvvəlki illərdən kəskin şəkildə fərqlənməsidir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu bu sahədə təcrübələrinin və əlaqələrinin digər siyasi qurumlardan fərqli olaraq, çox zəif olduğunu söylədi: “Bu sualın cavabını xaricdən gələnlərlə görüşənlərdən soruşsanız daha yaxşı olar. Bu sahədə təcrübəmiz, münasibətlərimiz hamıdan zəifdir. Bunun heç marağında da olmamışıq. İstəyəndə görüşüblər, istəməyəndə yox”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, xaricin Azərbaycanın demokratikləşməsinə olan marağının azalması əlaqələrin zəifləməsinə səbəb olub: “Müxalifətin daxildə düzgün siyasət apara bilməməsi də xariclə əlaqələrin zəifləməsinə səbəb olan amillərdəndir. Dağınıq müxalifətə Qərb dəstək verib, hansısa uğurlu nəticə əldə edəcəyinə ümid etmir. Əlaqələrin bərpası üçün hesab edirəm ki, müxalifət daxilində böyük birlik yaradılmalı və bu barədə xaricə ciddi mesajlar verilməlidir. Qərbi real birlik barədə inandırmaq lazımdır. Eyni zamanda Qərbin Azərbaycanda demokratiyanın bərqərar olmasına azalan marağını artırmaq üçün müvafiq dairələrlə iş aparmaq lazımdır. Azərbaycan hakimiyyəti əvvəlki illərdən qat-qat zəifdir. Çünki əvvəlki illərdə Azərbaycanda total böhran yox idi. İndi ölkəmiz bu böhranı yaşayır. Əvvəlki illərdə neftin qiyməti yüksək olduğu üçün Azərbaycan da neft ölkəsi kimi diqqəti cəlb edirdi. Bu gün isə bunların heç biri yoxdur. Neft dünyada artıq ciddi rol oynamır. Geopolitik cəhətdən də Azərbaycanın əhəmiyyəti azalır. Çünki Qərb İranla yaxınlaşır. Əvvəllər İrana görə ölkəmizə daha çox diqqət var idi. Bu baxımdan, hesab edirəm ki, hakimiyyətin mövqeyi indi daha zəifdir. Yəni iqtidar güclüdür deyə, Qərbin Azərbaycan müxalifətinə marağının azalması ilə bağlı fikirlər doğru ola bilməz”.
musavat
