Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 9,5 faizdən 15 faizə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 12 faizdən 15 faizə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıblar. Bu gün 15 faizədək faiz dərəcələri ilə banklara yatırılan əmanətlər sığortalanır.
Artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15-ə və daha yüksək səviyyəyə qaldırıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35 faizə çıxıb. Çünki banklar özləri pulu daha baha cəlb edirlər. İndiyədək belə kreditlər 29-30 faizlə verilirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.
Ekspertlərin fikrincə, adətən Mərkəzi Bank faiz dərəcələrini artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Ekspert Elşad Məmmədov musavat.com-a bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsinin artırılması ilə bağlı qərarı ölkənin bank-maliyyə sektoruna nəzarət edən qurumlar tərəfindən son aylarda həyata keçirilən sərt monetar siyasətin davamı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, ölkədə devalvasiyalar baş verəndən sonra davamlı olaraq Mərkəzi Bank və iqtisadi bloka aid digər müvafiq qurumlar pul kütləsinin azaldılmasına yönəlmiş sərt monetar siyasət həyata keçirməkdədir. Onun fikrincə, sərt monetar siyasət qısa müddətdə effekt verəcək.
Qeyd edək ki, son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir.
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı ölkə.az-a bildirib ki, nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür: “Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim: Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən məhrum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin. Beş min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1,05 manat kursu ilə hesablansın. Həmçinin 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün. Birmənalı şəkildə, təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə banklar üçün vacibdir. Bu, problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar”.
Ekspertin sözlərinə görə, kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına, yəni təkliflərin nəzərə alınma ehtimalına gəldikdə isə bu dövlət qurumlarının səlahiyyətində olduğu üçün nə isə demək çətindir: “Bu, daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqları üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil. Güman edirəm ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var. Əvvəlki statuslarımda da qeyd etdiyim kimi, problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhdəliyi yaratmayacaq”.
Qeyd edək ki, problemli kreditlərin geri qaytarılmasında aylardır ki, ciddi irəliləyiş baş vermir. Ekspertlərin fikrincə, problemli kreditlərin xeyli hissəsini bank sahibləri və bankı idarə edən şəxslər özləri yaradıblar. Ekspertlər problemli kreditlərlə bağlı güzəştlərin tətbiq edilməsini vacib sayırlar.
cia.az
