Adı dəfələrlə qanunsuzluq və dələduqluqda hallanan “Yeni Yasamal” MTK ilə bağlı yenə şikayət və narazılıq var.
Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37A, mənzil 42-də yaşayan Əliyev Afiq Məhcan oğlu musavat.com-a yazdığı şikayət ərizəsində bildirir ki, tikinti şirkəti onun yaşadığı mənzilin qapısını qıraraq başqasına satıb: “Beş il bundan əvvəl “Yeni Yasamal” MTK-dan aldığım və MTK-nın sədri Cahangir Alışovun imzası ilə təsdiq olunaraq mənə verilmiş mənzilin qapısı qırılaraq bir ay bundan əvvəl ikinci bir şəxsə satılıb. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binadan aldığım mənzili artıq başqasına satıblar. Bu cinayət faktını Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bildirsəm də, hələ ki, heç bir cavab almamışam. Bu cinayətdə məsuliyyət birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məxsusdur. Çünki C.Alışova iki ilə yaxındır cinayət işi açılıb. Amma nə ofis müsadirə olunub, nə də cinayətlər törətdiyi “möhür” əlindən alınıb. Bu, ona bənzəyir ki, prokurorluq caninin əlinə silah verir. Evimi satdığı ikinci şəxs “Cahangir Alışovun arxası möhkəmdir, qanunla ona bata bilməzsən”,- deyir. Neçə ildir ki, “YeniYasamal” MTK-nın törətdiyi cinayətlər haqqında mətbuatda tez-tez yazılar dərc olunur və hüquq-mühafizə orqanları bu məsələdən xəbərdar, ancaq biganədir. Biz sakinlər dəfələrlə bu binada bir mənzilin bir neçə adama satıldığının şahidi olmuşuq. İndi mənim başıma eyni oyunu açdılar”.
Dövlət başçısına, baş prokurora, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, ombudsmana müraciətlər etdiyini bildirən A.Əliyev dövlət başçısı İlham Əliyevdən mülkiyyət hüquqlarının bərpasına yardım göstərməyi xahiş edir: “Öz ölkəmizdə mülkiyyət hüququmuzun havadarlı dələduzlar tərəfindən pozulduğuna görə ömrümüz sıxıntılar içərisində keçir. Sizdən xahiş edirəm ki, mənim mülkiyyət hüququmun tapdalanmasına imkan verməyəsiniz. Qanuni mənzilimin özümə geri verilməsinə və qanunlarımızı çeynəyən cinayətkar dəstənin cəzalandırımasına görə müvafiq orqanlara göstəriş verəsiniz. Dövlət qurumlarının fəaliyyətsizliyi üzündən Azərbaycan vətəndaşı hər cüzi məsələnin həll olunmasını sizdən istəyir”.
Qeyd edək ki, “Yasamal” MTK ilə bağlı problem illərdir davam edir. Hətta 2015-ci ildə Yasamal rayonunda yerləşən binanın 50-yə yaxın sakini etiraz aksiyası keçirib. Onlar mənzil aldıqları binanın sahibi tərəfindən aldadılmalarından, doqquz il ərzində binanın hazır olmamasından, bir mənzilin bir neçə nəfərə satılmasından, həmçinin, verdikləri pulu geri ala bilməmələrindən şikayətlənmişdilər. Sakinlər bildirmişdilər ki, 250 ailə Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın tikilib başa çatmasını doqquz ildir ki, gözləyir. Binanı tikən “Yasamal MTK”nın rəhbərliyi isə onları aldadaraq illəri yola verir və nəticədə 250 ailə küçələrdədir. Sakinlərin sözlərinə görə, “Yasamal MTK”nın rəhbərliyinin fırıldağı barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsindən tutmuş rayon icra hakimiyyətinə qədər bir çox instansiyalara şikayət məktubları göndərsələr də, nəticəsi olmayıb: “Yazmadığımız yer qalmayıb. Nəticəsizdir. Rəsmilər, aidiyyəti qurumlar niyə məsələni araşdırmırlar? 250 ailə küçələrdə qalıb. İllərdir kirayələrdəyik, mümkün deyil yaşamaq. Buradakı mənzilin krediti, üstəlik, başqa evin kirayəsi... Biz vətəndaş deyilikmi? Niyə şikayətlərimiz cavabsızdır? MTK rəhbərliyini kimdir bu qədər müdafiə edən, qoruyan?”
Cia.az
