|
“Bu qətliamların bir səbəbi var”

“Hollandiyada türk, Türkiyədə isə sayca dördünücü hollandiyalı mafiya başçısının qətlə yetirilməsi hər iki ölkənin güclü mafioz qurumlarının öz aralarında qanlı müharibə apardığından xəbər verir”

Bu sözləri axar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Türkiyədə sürətlə yayılan mafiya cinayətləri və bunun arxasında Hollandiyanın olması ilə bağlı iddialarla bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Hollandiya Baş Prokurorluğunun İstanbulda olarkən “mafiya başçıları İstanbula gələrək qətllər törədəcək, qara siyahıda 30 nəfər var” kimi verilən bu ismarıc yalnız malumat xarakteri daşıya bilərdi ki, görünür, onlar da bu bilgi ilə Türkiyəyə xəbərdarlıq etmək istəyiblər:

“Şübhəsiz, bundan öncəki güllələnmə olayında, xüsusilə də Vedat Şahinin güllələnməsində “Kalaşnikov” avtomatından istifadə olunması mesaj kimi də təqdim olunaraq hardasa Rusiya mafiyası ilə bağlılıq kimi yozula bilər. Amma hər halda hesab edirəm ki, bu, ən adi bir mafia müharibəsidir. Yüksək ehtimalla, mafiya qurumları görünür öz aralarında narko-bazarı bölə bilmirlər. Dava bunun davasıdır. Buna görə də hazırda Türkiyədə tüğyan edən bu olaya siyasi çalar vermək üçün heç bir əsas yoxdur”.

Politoloq Rusiya-Türkiyə ittifaqının yarandığı bir vaxtda bu cür olayların gerçəkləşməsinin arxasında mafiya amilindən istifadə olunmasını güman etmədiyini bildirib:

“Çünki bu mafiyalar kifayət qədər müstəqil və öz maraqları olan qurumlardır. Ona görə də indi öz aralarında müharibə aparmaq siyasətə görə heç onların özünə də əl vermir. Onu da qeyd edim ki, Türkiyə dövlətinin illərlə axtardığı mafiya başçısının başqa bir dövlətin mafiyası tərəfindən tapılaraq qətlə yetirilməsi türk polisi və xüsusi xidmət orqanlarının nüfuzuna zərbədir. Elə problem də bundan qaynaqlanır”.

Xatırladaq ki, İstanbulda son günlər mafiya başçılarının öldürülməsi adi hal alıb. Cinayətlərin arxasında isə Hollandiya mafiyasının olduğu iddia edilir.