|
Teatra maraq artıb: dövlət məmuru da, müğənni də gəlir
Teatr cəmiyyətin bir qolu, canlı ünsiyyət vasitəsidir. Bəzən isə deyirlər ki, teatr cəmiyyətin güzgüsüdür, daim yenilənməlidir. Orada cəmiyyətdə baş verən hadisələr, yaşanan problemlər öz əksini tapmalıdır. Çoxları Azərbaycan teatrlarında dövrümüzlə səsləşməyən, köhnə əsərlərin səhnələşdirilməsindən gileylənir. Onlar bildirirlər ki, səhnəyə yeni əsərlər qoyulmalı, teatra yeni nəfəs gətirilməlidir. 
 
Bəs, hazırda teatrlarda durum necədir? Tamaşaçıların tamaşalara marağı hansı səviyyədədir? 
 
Musavat.com mövzu ilə əlaqədar müxtəlif peşə adamları arasında sorğu keçirib. Tez-tez tamaşalara üz tutan müğənni Elnarə Xəlilova bildirir ki, insanların teatra getməməsi fikri ilə razı deyil: “Teatrlar hər zaman özünü yeniləməlidir. Səhnəyə yeni əsərlər qoyulmalıdır. Tək Azərbaycan yazarlarına  deyil, dünya yazıçılarına da müraciət olunmalıdır. Onu da qeyd edim ki, köhnə tamaşaların yeni aktyorların təqdimatında oynanılmasını çox bəyənirəm. “Qatil” tamaşasının möhürünü Şükufə Yusupova ilə Sabir Məmmədov vurub. ”Qatil” deyəndə hər kəs onlardan danışır. Lakin mən “Qatil” tamaşasını Münəvvər xanım və Hikmət bəyin ifasında çox bəyənirəm. O tamaşaya dəfələrlə baxmışam, bundan sonra da 5 dəfə də izləyə bilərəm. Rejissorların gənc aktyorları köhnə əsərlərə cəlb etməsi müsbət haldır. Teatra marağın az olması fikri ilə razı deyiləm. Teatrı sevən adam gedib baxır. Dəfələrlə həmkarlarımı da teatra cəlb etmişəm. Teleaparıcılar,  müğənnilərlə birlikdə teatra üz tutmuşam. İnanıram ki, teatra getməyən həmkarlarımda da bu sahəyə maraq oyadacağam və onlarla birlikdə tamaşa izləməyə gedəcəyəm. Ana olmağımla əlaqədar sonuncu dəfə ötən mövsümün sonuna yaxın "Ölülər" tamaşasının premyerasında iştirak etdim. Bu tamaşada da yeni heyətlə təqdim edildi. Çox bəyəndim. Bu mövsümdə bir dəfə də gedib baxacağam”. 
 
Qafqazinfo.az saytının müxbiri Günel Hacı deyir ki, teatra marağı olsa da, vaxt azlığından gedə bilmir: “Sonuncu dəfə ötən ay Rus dram teatrına getmişəm. O da işimlə əlaqədar. Teatra tez-tez getməməyimin səbəbi vaxt azlığıdır. Film maksimum saatyarıma bitirsə, teatr 3 saat çəkir. Elə tez-tez filmə gedən biri də deyiləm. Gedəndə hər ikisinə maraqla baxıram və deməzdim ki, bizdə teatra maraq azdı. Daimi izləyiciləri var və indiyə kimi haçan getmişəmsə, zal tam dolu olub. Sentyabr ayının afişasına da baxmışdım, amma gedə bilmədim. Uzağı gələn ay mütləq getməyi planlaşdırıram”.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı  deyir ki, teatrın bəlli tamaşaçıları var: “Bizim teatr mövsümü sentyabrın 17-dən etibarən açıb. Artıq “Qarabağnamə” və “Ölülər” tamaşaları nümayiş olunub. Təbii ki, teatrın bəlli tamaşaçıları var, biz bu auditoriyanın geniş olmasını arzu edirik. Məsələn, universitetlərdəki, məktəblərdəki, dövlət və ictimai təşkilatlardakı auditoriyanın daimi tamaşaçımız olmasını istərdik. Sonuncu dəfə nümayiş olunan “Ölülər” tamaşasında zal dolu idi, səhnə əsəri alqışlarla qarşılandı. Bu tamaşanın ən yüksək dövlət rəsmilərindən tutmuş, sıravi tamaşaçılara qədər müxtəlif auditoriyası olub. Məsələn, xatırlayıram ki, “Ölülər”ə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, dövlət müşaviri Kamal Abdulla, xalq yazıçısı Anar, millət vəkilləri və başqaları baxıb. Ümumən, az da olsa tamaşalarımızda dövlət məmurlarına, müğənnilərə rast gəlirəm. Məsələn, Ziyafət müəllimi teatrda tez-tez görürəm. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin kollektivi ilə repertuarda olan “Şah Qacar” tamaşasına baxıb. Mətbuat katibi kimi jurnalistləri dəvət edirəm, iştirak edirlər. Tutalım, “Müfəttiş”, "Ölülər", “Qatil”, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarına jurnalistləri dəvət etmişəm, gəlib baxıblar. Müğənnilərə gəldikdə isə, Elnarə Xəlilovanın və Teymur Əmrahın adını çəkə bilərəm”.
 
Tələbə Kənan İbrahimli isə düşünür ki, teatra marağın az olmasının səbəbi vaxt və müasir texnologiyadır:“Dərslər, iş, gündəlik qayğılar... Bunlar yetərincə vaxt aldığı üçün mədəni tələbatımızı tam ödəyə bilmirik. Həm də teatrlara maraq da azdır. Nə isə cəlbedici görünmür. Əgər maraqlı olsa, getməyə vaxt tapılar. Düşünün ki, "Bu şəhərdə"nin, "Bakılı oğlanlar"ın günlərlə davam edən konsertlərinə bilet tapmaq olmur. Amma digər teatrlara gedənlərin sayı bunun 10 faizi qədər deyil. Bunun günahı bir az bizdə, yəni tamaşaçıdadırsa, bir az da teatrlardadır. Ortaya yaxşı iş qoysunlar, reklam etsinlər, camaatı bir yolla cəlb etsinlər. Yeni, dövrlə səsləşən əsərlər səhnələşdirsinlər. O zaman hər şey düzələr, mən də vaxt tapıb, gedərəm”.
cia.az