Sentyabrın 26-da konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
Müxalifət bu dəyişiklikləri təhlükəli, hakimiyyət təmsilçiləri isə vacib, vaxtı çatmış islahatlardan ötrü edildiyini bildirir.
Referendumla əlaqədar təşviqat sentyabrın 24-də başa çatır, ayın 25-i, həftənin bazar günü “sükut günü”dür.
Referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında üç - “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” təşviqat qrupu qeydiyyatdan keçib.
Referenduma 5 gün qalmış - sentyabrın 21-də ABŞ səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasında olub. MSK katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən xəbərə görə, MSK sədri Məzahir Pənahovla ABŞ səfiri Robert Sekuta arasında görüş keçirilib. R.Sekuta rəhbərlik etdiyi qurumun MSK ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
M.Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. O, həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
musavat
