Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edib. Çıxışında Ərdoğanın söylədiyi “Dünya indi bu 5 ölkəyə (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) məhkum edilib” sözləri və BMT baş katibi Pan Gi Munun “bir neçə dövlət dünyanı girov saxlayır” bəyanatı günə öz damğasını vurmuş oldu.
Ərdoğan deyib ki, 1-ci Dünya müharibəsi şərtləri içərisində qurulmuş BMT Təhlükəsizlik Şurasını uzun müddət bu şəkildə saxlamaq mümkün deyil: “Bütün dünyanın təmsil edilmədiyi BMT Təhlükəsizlik Şurası ola bilməz. Təsəvvür edirsinizmi, 3 ölkə Avropadan, 1 ölkə Asiyadan və bir ölkə ABŞ. Dünyanın digər ölkələri nə olacaq?”- Türkiyə lideri söyləyib. Türkiyə prezidentinin və BMT baş katibinin bu bəyanatları dünyada böyük əks-səda doğurub və BMT Təhlükəsizlik Şurası ilə bağlı ciddi diskussiyalara səbəb olub.
Politoloq Qabil Hüseynliyə görə, həm Ərdoğan, həm də Pan Gi Mun dünya üçün çox ciddi problem kəsb edən məsələni haqlı olaraq qaldırıblar: “Hegemon dövlətlərin təkcə dünyada nüfuz dairəsi uğrunda mübarizədə yox, həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda öz təsirlərini yaymaq uğrunda amansız mübarizə apardığı faktdır. Bunun zərbəsi isə digər dövlətlərə, xalqlara dəyir. Həmin iri dövlətlərin bir-biri ilə nüfuz mübarizəsi postsovet məkanında, Yaxın Şərqdəki münaqişələrdə, son zamanlarda isə Suriyada və İraqdakı müharibələrdə özünü göstərir. 5 dövlətin beşinin də günahlarını eyniləşdirmək, bərabərləşdirmək olmaz. Daha çox ifrata varan, qızışdırıcı rol oynayan, dünyanı müharibə həddinə çatdıran Rusiyadır, sonra ABŞ-dır. Postsovet məkanındakı bütün münaqişə ocaqlarını yaradan da, donduran da, idarə edən də Rusiyadır.
Dağlıq Qarabağ münaqişəsi bu iki dövlətin geosiyasi mübarizəsinin əsirinə çevrilib. Suriyada da dünya eyni vəziyyətlə baş-başa qalıb. Dünyanı, əsasən də Türkiyəni və Avropanı təhdid edən qaçqın probleminin yaranmasında da məhz Rusiya ilə ABŞ-ın, Fransanın, Böyük Britaniyanın arasında gedən nüfuz savaşı rol oynayır. Dünyadakı münaqişə ocaqlarının söndürülməsi BMT Təhlükəsizlik Şurasından gözlənildiyi halda, onun 5 daimi üzvünün arasında gedən nüfuz mübarizəsinin münaqişələri alovlandırdığı, sönməyə imkan vermədiyi açıq görünür. Dünyada bir ABŞ-Rusiya qarşıdurması gedir və getdikcə mürəkkəbləşir. Bu qarşıdurma dünyadakı bütün münaqişə ocaqlarının mənbəyidir. Bu qarşıdurma dünyanı həqiqətən də girovluğunda saxlayır. BMT artıq ABŞ-la Rusiyanın siyasi rəqabət meydanına çevrilib. Dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün bir normal layihəni BMT Təhlükəsizlik Şurasından keçirmək mümkün deyil. Çünki ya Rusiya, ya ABŞ, yaxud da onların müttəfiqlərindən kimsə öz veto hüququndan istifadə edərək belə qətnamələrin keçməsinin qarşısını alır”.
Politoloq vurğuladı ki, həm Pan Gi Mun, həm də Ərdoğanın dünyanın bir nömrəli beynəlxalq təşkilatında ciddi islahatlar aparmaq təklifləri neçə ildir irəli sürülür və həyata keçməsinə yenə həmin beşlik imkan vermir: “İslahatlara isə son dərəcə ciddi ehtiyac var. Yaponiya, Almaniya, Türkiyə və başqa dövlətlər BMT-nin səmərəsiz işlədiyini, sülhə və təhlükəsizliyə lazımi töhfə verə bilmədiyini, bunun da əsas səbəbini Təhlükəsizlik Şurasının daimi üzvü olan bir neçə dövlətin hegemonluğu ilə izah edirlər. Bu dövlətlər açıq surətdə və haqlı olaraq təklif edir ki, BMT Təhlükəsizlik Şurası yenidən qurulmalıdır. BMT TŞ-nin beş daimi üzvü daha böyük səlahiyyətlərə malik olmamalıdır, veto hüquqi səlahiyyətindən məhrum edilməlidir. Yaxud Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Məsələn, Yaponiya və Almaniya tərkibin 15-ə qaldırılmasını təklif edirlər. BMT-nin sərəncamındakı məhdud miqdarda olan qoşun kontingentinin səlahiyyətlərini genişləndirməyi və sayını artırmağı təklif edirlər. BMT üçün ciddi məsələlərdən biri quruma üzvlük haqqı verilməsində problemlərdir. Elə dövlətlər var ki, 30 ildir BMT-yə bir dollar da üzvlük haqqı ödəmir. Elə vaxtlar olur ki, BMT-nin büdcəsinin 45-50 faizini Amerika ödəməli olur. Rusiyanın BMT-yə üzvlük haqqı borcları var. Amma Azərbaycan və Türkiyə vaxtlı-vaxtında üzvlük haqqını ödəyir. Bütün bu problemlərin həlli üçün BMT-də islahatlara başlamaq zərurəti var”.
musavat
