|
Avropa İttifaqı ilə barışıq: rəsmi Bakı həm də uduşda...
Avropa İttifaqı ilə Azərbaycan arasında son bir ildə yaşanan gərginlik sentyabrın 20-də başa çatdı. Birliyin Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin Bakıya səfəri və iqtidar təmsilçiləri ilə görüşü ötən il sentyabrın 10-da Avropa Parlamentində ölkəmiz əleyhinə qəbul edilən qətnamədən sonra pik həddə çatan münasibətləri yeni məcraya yönəltdi.  

Avropalı qonaqların prezident İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, eləcə də Milli Məclisdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə görüşü zamanı ciddi mesajlar verildi. Görüşlərdən sonra bu qənaətə gəlmək olar ki, Avropa artıq Azərbaycanla münasibətlərin birmənalı şəkildə düzəlməsinin tərəfdarıdır. 
 
Ekspertlər Aİ ilə Azərbaycan arasındakı son günlərdəki müsbət gəlişmələrin gələcək baxımından hər iki tərəf üçün müsbət töhfələr verəcəyini bildirirlər. 
 
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa Azərbaycanla münasibətlərin normallaşması yollarını arayır: “Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşə hazırlaşdığı hiss olunurdu. Dövlət başçısının masasının üzərində Avropa Parlamentinin qətnaməsinin mətni var idi və prezidentin avropalı deputatlarla həmin sənədi bənd-bənd müzakirə etməsi maraqlı idi. Qətnamənin qəbulundan bir il sonra Avropa Parlamenti yenidən rəsmi Bakı ilə dialoqa ehtiyac duyub. İlham Əliyev ilk dəfə idi ki, konkret adlar çəkərək sənəddə göstərilən insanlara qarşı Azərbaycanda heç bir təzyiqin olmadığını bildirdi. İlham Əliyev görüşdə ATƏT-in Bakı ofisinin niyə bağlandığını ilk dəfə izah etdi. Bu da Azərbaycan cəmiyyəti üçün yenilik idi. Bu görüşə qədər bəziləri düşünürdü ki, prezidentin bir sıra ictimai fəalın fəaliyyətindən xəbəri yoxdur. Ancaq İlham Əliyev Emin Millidən tutmuş Emin Hüseynova qədər adları saydı və onlarla bağlı problemlərin mahiyyətindən söz açdı. Bu o deməkdir ki, Azərbaycanda geniş ictimaiyyətə bəlli olan elə bir məsələ yoxdur ki, prezidentin ondan xəbəri olmasın. 
 
İlham Əliyevin detallarla zəngin çıxışı ondan xəbər verir ki, prezident Avropa Parlamentinin Azərbaycanla əlaqələri bərpa etmək istəyindən məlumatlıdır. Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin dondurulması Brüsseli narahat edir. Doğrudur, rəsmi Bakı Avropa Komissiyası ilə əlaqələrini davam etdirir, ancaq bu azdır. Brüsselin Azərbaycanla münasibətlərinə yenidən baxmasının bir neçə səbəbi var. Birincisi, Azərbaycan böyük enerji və nəqliyyat layihələri hesabına bölgənin əsas dövlətinə çevrilir. Bu səbəbdən Azərbaycanla soyuq münasibətlər Brüsselin maraqlarına cavab vermir. İkincisi, Azərbaycanla Avropa Birliyi arasındakı soyuq münasibətlər Rusiyanın maraqlarına cavab verir. Brüssel isə Rusiyanın Cənubi Qafqazdakı maraqlarının artmasından narahatdır. Üçüncüsü, Brüssel rəsmi Bakı ilə strateji əməkdaşlığı genişləndirən saziş imzalamaq istəyir. Azərbaycanın Avropa Birliyinin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq sazişi var. İlham Əliyev Avropa Parlamentinin qətnaməsini tənqid etməsinə baxmayaraq, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini rəsmi Bakının yüksək qiymətləndirdiyini bildirdi. Bunun özü rəsmi Bakının Avropa Parlamenti ilə əlaqələrin yenidən bərpasında maraqlı olduğunu göstərir. Ancaq Avropa Parlamentinin Azərbaycanla bağlı mövcud qətnaməsi varkən, bu əlaqələrin bərpası və inkişafı mümkündürmü? Və ya bu qətnamə varkən rəsmi Bakı Avronestə geri qayıdacaqmı?
 
Avropa Parlamentinin bir il əvvəl qəbul etdiyi qətnamədən imtinası mümkün görünmür. Belə olan halda Bakıya Avropa Parlamenti ilə əməkdaşlığın konturlarını müəyyənləşdirmək çətin olacaq. Ya da qətnamədə adları çəkilən şəxslər əfv olunmalıdır ki, həmin sənəd özü-özlüyündə mahiyyətini itirsin. Maraqlıdır ki, Avropa Parlamenti Azərbaycanda demokratiya ilə bağlı qətnamə qəbul edərkən Ermənistanda demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı heç bir qətnaməsi yoxdur. Bunu İlham Əliyev də qeyd etdi. Rəsmi Bakı bunu Avropa Parlamentinin məsələlərə ikili standartlardan yanaşması kimi izah edir. İlham Əliyev qətlə yetirilən jurnalist Rasim Əliyev məsələsində də tam haqlıdır. Hamıya bəllidir ki, idman müxbiri hansı səbəbdən və kimlər tərəfindən qətlə yetirilib. Bunda hakimiyyəti günahlandırmaq həqiqətən ədalətsizlikdir. Avropa Parlamentinin qətnaməsinin başqa bəndləri ətrafında mübahisə etmək mümkündür, ancaq Rasim Əliyevin qətlinə görə prezidenti günahlandırmaq absurddur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə ortada Belarus nümunəsinin olduğunu qeyd etdi: “Uzaqda tutmaqla ölkələrin Avropaya inteqrasiyasına nail olmaq mümkün deyil. Daha fərqli nəticələr ortaya çıxır. Sıx tutmaqla ölkələrin demokratikləşməsinə daha çox yardım edilir. Ona görə Avropa bu xətti seçmişdir. Keçən il Azərbaycanla bağlı fərqli mövqe tutuldu, müxtəlif qərarlar qəbul edildi. Amma sonradan bu xəttə qayıdıldı. Bu yolla Avropa problemli ölkələrdə həm mövqelərini gücləndirir, həm də problemləri həll edir. Uduş hər iki tərəfdədir. Azərbaycanda demokratiyanın inkişafında Avropa maraqlıdır. Eyni zamanda Azərbaycan bu yolla güclü bir dövlət halına gələ bilir. Bu münasibətlərin davamlı olacağına mütləq inanıram”.

Aİ nümayəndələrinin hüquq müdafiəçiləri ilə görüşündə iştirak edən Novella Cəfəroğlu gələcəkdə bu münasibətlərin bəhrə verəcəyini düşünür: “Onlardan xahişim oldu ki, Azərbaycanı əzməyin, Rusiya tərəfə atmayın. Siyasi məhbusları azad etdirəcəyik, digər problemlər həll olunacaq. İslahatlara ehtiyacımız var. Dəyişikliklərin olacağına çox inanıram. Bütün bunlara iradə lazımdır. Prezidentlə görüşən qonaqlar səmimi görüşün alındığını bildirdilər. Daim inamla yaşamışam. Belə olmasaydı, digərləri kimi ayrı dövlətdə yaşayardım, oradan ölkəmizi tənqid edərdim. Azərbaycanda oturub bu problemləri həll etməyə çalışmaq, xaricdə olub, qrant alıb, Azərbaycanı söyməkdən daha ləyaqətlidir”.
musavat