|
“Venesiya Komissiyasının rəyini siyasi sifariş kimi qiymətləndirirəm” - Şahin Əliyev
“Mən tam rəsmi, tam  məsuliyyətlə deyirəm ki, referendum aktı layihəsi ilə bağlı Azərbaycan Prezident Administrasiyası ilə nə Avropa Şurası, nə də Venesiya Komissiyasından kimsə əlaqə saxlamayıb”. 
 
Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bu fikirləri keçirdiyi mətbuat konfransında bildirib. Dövlət rəsmisi qeyd edib ki, sözügedən qurumlardan kimsə onlarla layihəni müzakirə etməyə səy göstərməyib: “Bizimlə heç kim danışmaq istəməyib. Nə telefon zəngi, nə məktub gəlib. Yalnız referenduma 20 gün qalmış AŞ PA Venesiya Komissiyasına sorğu verib”. 
 
Venesiya Komissiyasına referendumla bağlı nə səbəbə müraciət olunmaması barədə sualın cavabında Ş.Əliyev “biz hesab etmədik ki, bu dəyişikliklər bu cür mühüm xarakter daşıyır”, deyə bildirdi: “Xaricilər heç cür başa düşmür ki, söhbət prezidentə əlavə səlahiyyətlər verilməsindən getmir. Burada əsas məqsəd icraedici orqanın işini təkmilləşdirməkdən ibarətdir”. 
 
PA təmsilçisi onu da əlavə etdi ki, Venesiya Komissiyasının rəyi məşvərətçi rəydir: “Bizim Venesiya Komissiyası ilə münasibətlərimiz peşəkarlıq üzərində qurulub. Bir-birimizlə müzakirələrdə ya razılaşmışıq, ya da razılaşmamışıq.  İndi bu prosedur tamamilə pozulub. Bu, Avropa Şurası daxilində gedən siyasi proseslərin nəticəsi, aysberqin görünməyən tərəfidir. Əks təqdirdə bu tələm - tələsiklik nəyə lazım idi?” Ş.Əliyevin sözlərinə görə, qurumla Azərbaycan hökuməti arasında həyata keçirilən normal proseslər kobud şəkildə pozulub. “Venesiya Komissiyasının 14-15-də  plenar iclası olacaq. Bu rəy orada təsdiq olunmalıdır. Biz çalışacağıq ki, Azərbaycan hökumətinin o vaxta qədər hazırlanacaq rəyi rəsmi olaraq Venesiya Komissiyasının rəyinə əlavə olunsun”. 
 
PA rəsmisi Venesiya Komissiyasının rəyini bu cür dəyərləndirdi: “Belə rəy yaranır ki, bu, siyasi sifarişdir. Ona görə ki, iki həftə ərzində bu rəyin tələm-tələsik hazırlanması mümkün deyil. AŞPA sədrinin Komissiyaya məktubu nə iyul, nə avqust, nə sentyabrda yox, referenduma cəmi 7 gün qalmış Venesiya Komissiyasına göndərilib. Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm”. 
Cia.az