ABŞ Mərkəzi Bankının bu həftə verəcəyi faiz qərarı barədə fikir ayrılığı var. Federal Ehtiyatlar Sistemi (FES) ilə istiqraz əməliyyatları aparmaq hüququna malik olan 23 təşkilatdan ikisi - Barclays və BNP Paribas onun faizi artıracağını bildirib.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, FES-in toplantısından faiz artımı qərarının çıxmasını gözləmir: “Çünki ABŞ-da makroiqtisadi göstəricilər gözləntilərdən aşağı olub. Gözləntilərə uyğun rəqəm olmadığı üçün bu dəfə faiz artımı ertələnəcək. Amma çox güman ki, FES-in rəsmi açıqlamasında və mətbuat konfransında ”bu il faiz mütləq artırılacaq", - kimi fikirlər olacaq. Belə mesaj veriləcək ki, bu toplantıdan sonrakı toplantılardan birində faiz artımı qərarı mütləq olacaq. Bundan sonra FES-in üç toplantısı olacaq. Keçiriləcək mətbuat konfransında mesaj veriləcək.
Bu mesajın dünya valyuta bazarlarına, maliyyə bazarlarına təsiri olacaq. Faiz artırılsa, bu təsir daha çox olacaq. Amma belə mesaj verilsə belə, dünya maliyyə birjaları və maliyyə bazarları öz işini ehtiyatlı tutmağa çalışacaq. Faiz dərəcəsinin artırılması isə faktiki olaraq dollar indeksinin artırılmasına səbəb olacaq. Dolların digər valyutalara nisbətən bahalaşması Azərbaycandan da yan keçməyəcək.
Azı ona görə ki, dollar bahalaşarkən iki yöndən Azərbaycana birbaşa təsir göstərir. Ətraf ölkələrin, ciddi tərəfdaşı olduğumuz ölkələrin valyutasında dəyişmə baş verir, ucuzlaşma baş verir. Bu, istər-istəməz Azərbaycan manatına basqıları artırır. İkinci önəmli məsələ isə bahalı dollar həmişə neftin daha da ucuzlaşması deməkdir. Bu tendensiyanı biz artıq görürük, neft 50 dollar civarından yenidən 45 dollara qədər enib, dəyər itirib. Yəni bunun özü də Azərbaycana təsir göstərir. Neftin qiymətinin aşağı düşməsi gəlirləri azaldır, valyuta gəlirlərimiz azalır. Təbii ki, bu da ehtiyatlara təsir göstərəcək. Ona görə də əgər faiz qalxsa, proses daha sürətli olacaq".
Cia.az
