|
“SOCAR-ın istiqrazları dövlətə əlavə dividentlər gətirəcək”
Bu gündən etibarən ABŞ dolları ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılır. Məlumat üçün qeyd edək ki, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. 

Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq istiqrazların buraxılışı tək mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. 
 
Bundan əlavə, xarici fiziki və hüquqi şəxslər də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcək. SOCAR istiqrazları başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın layihələrində iştirak edib, mənfəətindən birbaşa pay əldə etməsi, həmçinin aktiv dövriyyədə olmayan, vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi üçün nəzərdə tutulub. Qeyd edilir ki, istiqrazlardan əldə olunan gəlirdən vergi tutulmayacaq.
 
İstiqraz satışından cəlb olunan vəsait maliyyələşmə portfelinin şaxələndirilməsinə yönəldiləcək. SOCAR-ın beynəlxalq maliyyə əməliyyatları əsasən xarici valyutada gerçəkləşdiyi üçün hazırkı emissiyada istiqrazların dəyəri ABŞ dolları ilə ifadə olunur. Şirkətin maliyyə imkanları və əvvəlki istiqraz emissiyalarına nisbətdə bu məbləğ kiçik görünsə də, aktiv olmayan vəsaitlərin iqtisadiyyatımıza cəlb edilməsi və iqtisadi əməliyyatların canlandırılması baxımından bu, olduqca mühüm olan ilk addımdır.

SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən “AzFinance İnvest”, “İnvestAZ”, “PAŞA Kapital”, “PSG-Kapital”, 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, “Kapital Bank” və digər banklardan əldə etmək mümkün olacaq. Bəs görəsən, bu istiqrazların bazara daxil olması iqtisadiyyata hansı yeniliklər gətirəcək və vətəndaşlara nə qazandıracaq? 
 
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, SOCAR-ın istiqrazları vətəndaşların əlində olan, yastıq altında saxlanılan vəsaitlərin real sektora cəlb olunmasına hesablanıb: “Bu istiqrazları ortaya çıxaran zərurət ondan ibarətdir ki, vətəndaşlar banklara inanmadıqları üçün əmanətlərini çıxarıb evlərdə saxlayırlar. Banklarda vətəndaşlara 2-3 faizdən artıq depozit vermirlər. İnsanların kommersiya banklarına inamı da çox azdır. Dövlət Neft Şirkəti həmin evlərdə yatan vəsaiti, daha doğrusu, kapitalı real sektora cəlb edir və insanlara bankların verə bilməyəcəyi 5 faiz gəlir qazanmaq şansı verir. SOCAR istiqrazlarının buraxılmasının səbəbi, sadəcə, bundan ibarətdir”. 
 
İstiqrazların dollarla satılmasına gəlincə, İlham Şaban bildirdi ki, bu, vətəndaşların gəlirlərinin sığortalanmasına yönəlib: “İstiqrazların dollarla satılması insanların vəsaitlərinin maliyyə bazarındakı hazırkı risklərdən sığortalaması deməkdir. Təsəvvür edin ki, istiqrazları hazırda 1000 manata satırlar. 1000 manat təxminən 587 dollardır. Bir ilə üzərinə 12 faiz  gəlir. Əgər vətəndaş indi dolları 1.7 manata alırdısa, 1 ildən sonra bir qədər baha alacaq və 1000 manat təxminən 550 dollar olacaq. Vətəndaş 12 faizlik gəliri alandan sonra belə ziyana düşəcək. Buna yol verməmək üçün SOCAR istiqrazları dollarla satır”.
 
SOCAR-ın istiqrazlarının satışa çıxarılmasına münasibət bildirən Milli Məclisin İqtisadi  siyasət komitəsinin üzvü Vahid Əhmədov da istiqrazların digərlərinə nisbətən  daha etibarlı olduğunu bildirdi: “Mənə elə gəlir ki,  SOCAR şirkətinin istiqrazları alınacaq. Çünki arxasında böyük əmtəə durur. Elə ciddi bir problem yaranmayacaq. Əsasən hər şey prosesin nə dərəcədə şəffaf keçiriləcəyindən asılı olacaq. Ümumi götürəndə mən hesab edirəm ki, SOCAR kimi dünyada tanınmış bir şirkətin istiqrazları Azərbaycan dövlətinə, həm də şirkətin özünə əlavə dividentlər gətirəcək. Vətəndaşlar da prosesi izləməlidir ki, bunları daha çox kimlər alacaq, necə olacaq. Mən deməzdim ki, sadə insanlarda vəsait çoxdur. Vəsaitlər müəyyən qrup insanlardadır, yəqin ki, onlar bu istiqrazlardan istifadə edəcəklər. Lakin kütlədə bu vəsaitlər yoxdur. Ümumi dövlətin faydaları baxımından istiqrazlar önəmlidir”. 
Cia.az