Ölkədə valyuta hərracları davam etdirilir. Son olaraq Dövlət Neft Fondu 20 banka 72 milyon dollar satıb. Bildirilir ki, Dövlət Neft Fondu tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 72,4 milyon dollar məbləğində vəsait 20 banka satılıb. Ekspertlər isə bildirirlər ki, bununla uzun müddət manatın sabitliyini qorumaq mümkün deyil.
Hərraclarda diqqətçəkən məqam həm də odur ki, hərraca çıxarılan valyutanın hamısı satılmır. Bankların artıq dollara tələbatı yoxdur, yoxsa başqa səbəblər var? Ekspertlər məsələni musavat.com-a şərh ediblər.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankların valyuta ehtiyacının hansı səviyyədə olduğunu dəqiqləşdirmək çətindir: “Çünki banklar hərracdan qabaq öz sifarişlərini verəndə onlara təzyiq edirlər, deyirlər ki, bu rəqəmdən çox yazma. Halbuki bu, açıq hərracın qanunlarına ziddir. Amma bizdə belə bir məhdudiyyət var. Əslində bankların ehtiyacları çox olur, məhdudiyyət qoyulur deyə vəziyyət belə alınır. Amma digər tərəfdən də bu gün ola bilsin doğrudan da dollara ehtiyac çox deyil. Çünki əvvəl də demişdim ki, avqustun sonu, sentyabrın əvvəlində davam edən dollar qıtlığı zamanında qara bazarda dollar baha qiymətə alınırdı, bu da milli valyuta ilə alınırdı. Bu gün yenə də milli valyutanın qıtlığı var. Əldə milli valyuta yoxdur. Ola bilsin, bu gün dollar ehtiyacı həm də buna görə azalıb. Son bir ayda Mərkəzi Bank da banklara kredit vermir. İndi də Mərkəzi Bank manat krediti verir, amma uçot dərəcəsini artırıb. Deməli, artıq banklar Mərkəzi Bankdan milli valyutanı baha alırlar, buna görə də hamısını dollara çevirmək istəmirlər. Eyni zamanda banklar da indi məcbur olublar ki, sahibkarlara, biznesmenlərə verdikləri kreditlər üzrə faizləri qaldırırlar. Təbii ki, bu gün sahibkar 30 faizlə krediti götürəcəksə, onu dərhal qaçıb əvvəlki kimi dollara çevirməyəcək, çünki faizi də vermək lazımdır. Amma bu, yenə çox çəkməyəcək. Çünki istənilən halda Mərkəzi Bank kreditləri banklara çox verdikcə, onların bir hissəsi yenə də valyuta bazarına axacaq, axdıqca da dollara tələbat artacaq. Xüsusilə ilin axırına dollara tələbat lap artacaq. Çünki bir sıra sahibkarlar da, banklar özləri də bir sıra öhdəlikləri üzrə ödənişlər etməlidirlər, öhdəliklərini bağlamalıdırlar. Buna görə də dollara tələbat artacaq”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, əslində hərraca dollar vaxtında, daha tez çıxarılmalı idi: “Bu yubanma isə valyuta bazarında ciddi dollar qıtlığı yaratdı. Əslində Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi, valyuta bazarında son bir aydakı vəziyyət də müşahidə edilməzdi”.
Ekspert həmçinin deyib ki, kommersiya banklarının sifarişi süni tələbdir: “Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər».
Ekspert valyuta bazarında proseslərin necə davam edəcəyi ilə bağlı proqnozlarını da bölüşüb: “Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsilə manata çevirib. Neft Fondu büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər.
Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq. Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq.
Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb”.
musavat
