Bir neçə gün öncə “Yeni Müsavat” qəzetinin reportyor qrupu düşmənlə həmsərhəd olan Tərtər rayonuna baş çəkmiş, orada yaşayan əhalinin problemlərini işıqlandırmışdı. Qəzetimizdə dərc olunan bu yazıdan sonra bir çox ictimaiyyət nümayəndələri ilə yanaşı, həmin rayondan Milli Məclisə deputat seçilən Sahib Alıyev də qeyd olunan problemlərə münasibət bildirdi.
“Yeni Müsavat”a danışan deputat ilk növbədə Tərtərdə su çatışmazlığına toxunaraq deyib ki, bu problem bədnam düşmənlərimizdən qaynaqlanıb: “Su problemini ermənilər qəsdən yaradır. Qış aylarında suyu açıb buraxırlar, yay aylarında suyun qarşısını kəsirlər. Bu cür mərdimazarlıqla məşğuldurlar. Ancaq buna baxmayaraq, Tərtərin su tələbatını ödəmək üçün ardıcıl olaraq artezian quyuları qazılır. Tərtərdəki artezian quyularının sayı artıq 500-ü keçib. Bu yay biz yenə də rayon icra hakimiyyətinin başçısı ilə birgə baş nazirin yanında olduq, yenidən 6 artezian quyusunun qazılmasına başlanıldı. Ancaq bu da tələbatı tam ödəmir və böyük bir problem olaraq qalır. Görək, bu problem necə həllini tapacaq, Dəryaçay məsələsi var, su kanalı məsələsi var. Bununla bağlı Nazirlər Kabineti qarşısında da dəfələrlə məsələ qaldırılıb”.
Yol probleminə toxunan deputat bunun səbəbi kimi Tərtərin kanalizasiya sisteminin yenilənməsini göstərdi: “Ona görə də bəzi yerlərdə asfalt qazılıb, əvvəlki qazılan yerlər isə təmir olunub. Yolla bağlı Tərtərin elə də kəskin hiss olunan problemi yoxdur. Cənab prezident bir il ərzində iki dəfə öz fondundan Tərtərə pul ayırdı və bir neçə kəndi birləşdirən iki yol çəkildi. Bu istiqamətdə işlər davam etdirilir”.
Deputatın sözlərinə görə, ölkə başçısının xüsusi qayğısı nəticəsində Tərtərin qaz və elektrik təchizatı ilə bağlı problemlər həllini artıq tapıb: “Tərtərdə qazlaşdırma dərəcəsi 97 faizdir. Ölkə başçısının cəbhə bölgələrinə göstərdiyi xüsusi qayğının nəticəsi olaraq Tərtərdə 97 faiz qazlaşdırma gedib. Ən böyük problem su qıtlığı ilə bağlıdır. Bu da işğal faktoru ilə bağlı məsələdir. Avropa Şurasından nümayəndə heyəti gələndə də biz məsələni qaldırdıq. Hələ ki artezian quyuları qazmaqla çalışırıq ki, bu məsələni bir qədər yumşaldaq. Tərtərin cəbhə xəttinə yaxın olan kəndlərində müasir tələblərə cavab verən tibb məntəqələri də qurulub. Lakin problemlərdən biri də odur ki, Tərtərdə 40-dan artıq vakant həkim yeri var. Rayon rəhbərliyi də dəfələrlə məsələ qaldırıb ki, bizim gənc həkimlər Tərtərə işləməyə gəlsinlər, onları torpaqla təmin etməyə, ev tikməyə köməklik etməyə də hazır olduğunu bildirib. Bu problem var”.
Məşğuliyyət məsələsinə gəlincə, Sahib Alıyev bildirdi ki, bu, cəbhəyanı bölgələrin hamısına xas problemdir: “Artıq bölgələrdə kənd təsərrüfatının yenidən canlandırılması məsələsi gündəmdədir. Bu baxımdan, Tərtərdə də keçmiş rəhbərlik tərəfindən mənimsənilmiş 2 min hektardan artıq torpaq geri qaytarılıb. Orada yenidən əkin məsələsi öz həllini tapmalıdır. Gələn il həm pambıqçılıq sahələrinin genişləndirilməsi, həm də baramaçılıq sahəsinin canlandırılması nəzərdə tutulub”.
Bəzi bankların Tərtər rayonunda yerləşən əmlakı girov olaraq qəbul etməməsini tənqid edən Sahib Alıyev bu məsələni yüksək dairələrdə də qaldıracağını diqqətə çatdırdı: “Bir problem də var ki, mən bunu lazımi yerlərdə də qaldıracağam. Fermerlərlə görüşümdə onlar mənə bildiriblər ki, nədənsə bəzi banklar Tərtər rayonuna kredit vermək istəmirlər. Tələb edirlər ki, girovlar başqa rayonlardan qoyulsun, Tərtər rayonundan yox. Ona görə ki, bu rayon cəbhə xəttində yerləşir. Mən bunu korazehinlik, real vəziyyəti düzgün qiymətləndirməmək kimi qiymətləndirirəm. Buradan onlara səslənirəm ki, başqa yerlərə necə kredit ayırırlarsa, Tərtərə də sahibkarlığa dəstək proqramı çərçivəsində o cür kredit ayırsınlar. Bu onların borcudur. Necə olur ki, cənab prezident müharibənin ən ağır vaxtlarında Qapanlı kəndinə gedir, ancaq hansısa bank Tərtərə kredit vermir, oradan girov qəbul etmir. Əslində isə insanlarda sahibkarlıq təşəbbüsünü daha da qaldırmaq üçün girov əvəzinə onun mənzili və ya əmlakı yox, aldığı texnika götürülməlidir. Banklar girov məsələsindən daha çox biznes-planla maraqlanmalıdır. Bu cür hərəkətlərə isə yol verməməlidirlər. Hesab edirəm ki, biz gələn ilə qədər Tərtərin bir çox problemlərinin həll olunmasının şahidi olacağıq”.
Cia.az
