MDB-nin Bişkek toplantısında işğalçı Ermənistanın başçısı Serj Sərkisyanın Azərbaycan əleyhinə çıxışı və ona Azərbaycan prezidenti İlham Əliyevin kəskin cavabı bir daha göstərdi ki, Qarabağ münaqişəsi hələ ki ədalətli həldən çox uzaqdır.
Bunun da əsas səbəbi təcavüzkarın reallaşması mümkün olmayan tələblərlə çıxış eləməsi, eyni zamanda Qarabağa dair BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qəbul elədiyi qətnamələrin rəsmi İrəvan tərəfindən sabotaj edilməsidir - təbii ki, beynəlxalq birliyin, vasitəçi dövlətlərin işğalçıya dözümlü yanaşması kimi acı reallıq da öz yerində.
BMT-dən söz düşmüşkən, dünən Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasa İƏT-in baş katibi İyad bin Amin Mədəni sədrlik edib.
Xatırladaq ki, Kontakt Qrupunun tərkibinə 7 dövlət - Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub. İclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir bildirib ki, İƏT Kontakt Qruplarının təsis olunması təşkilat üçün mühüm əhəmiyyətə malik məsələlərə İƏT-ə üzv dövlətlərin daha çox diqqət yetirməsi üçün uğurlu təcrübə olmaqda özünü sübut edib.
“İnanıram ki, Kontakt Qrupun iclasları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki son vəziyyət barədə İƏT-ə üzv dövlətlərini məlumatlandırmaq və münaqişənin nizamlanması prosesinə İƏT-in mümkün töhfələrinə dair fikir mübadiləsi aparmaq üçün fürsət olacaq. Ermənistan Azərbaycana qarşı müharibəyə başladıb və güc tətbiq edib, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayon da daxil olmaqla, ərazisinin beşdə birini işğal edib, bir milyondan çox azərbaycanlı əhalini didərgin salmaqla işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıb, münaqişə dövründə digər ağır cinayətlər törədib” - nazir qeyd edib.
XİN başçısı deyib ki, beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını pisləyib. Bu xüsusda o, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul elədiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini, habelə İƏT-in də Ermənistanı açıq-aşkar təcavüzkar kimi tanıyan qətnamə qəbul elədiyini xatırladıb.
“Lakin silahlı münaqişənin başlanmasından 24 il keçməsinə baxmayaraq, Ermənistan BMT qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir” - deyə, nazir ardınca vurğulayıb. Onun sözlərinə görə, Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir.
Azərbaycanın baş diplomatı sonda bildirib: “Bundan əlavə, atəşkəsin müntəzəm pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter almış və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnib. Ən son bu ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Aprel hadisələri göstərdi ki, beynəlxalq ictimaiyyətin qeyri-davamlı və qəbuledilməz hesab etdiyi status-kvo təhlükəlidir və gözlənilməz nəticələri ilə hər an gərginliyin artması ehtimalı var. Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir. Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar”.
*****
Qeyd edək ki, Azərbaycan XİN başçısı işğalçı Ermənistana analoji müharibə xəbərdarlığını az öncə ATƏT-ə üzv ölkələrin XİN başçılarının Almaniyadakı qeyri-formal toplantısında çıxışı zamanı da ünvanlanmışdı. Əfsus ki, rəsmi İrəvanın davranışı bu kimi xəbərdarlıqlardan ciddi nəticə çıxardığı haqda qənaətə gəlməyə imkan vermir.
Sərkisyanın sentyabrın 16-da Bişkekdə təxribatçı çıxışı buna bariz sübutdur. Bu gün isə İrəvanda Ermənistanın formal müstəqillik günündə keçirilən hərbi paradla düşmən ölkə guya Azərbaycana “əzələ” nümayiş etdirməyi planlaşdırır. Ancaq bunu da daha çox Rusiyadan icarəyə götürdüyü silahlar və raket kompleksləri ilə etmək niyyətindədir. Eyni zamanda Sərkisyan rejimi bu yolla ondan narazı olan toplumu sakitləşdirməyə, bu ilin aprelində Azərbaycandan aldığı hərbi zərbənin acısını unutdurmağa, aprel sindromundan çıxmağa ümid edir.
Aprel insidenti isə Azərbaycan XİN rəhbərinin dediyi kimi, istənilən an təkrarlana bilər, əgər erməni tərəfi danışıqlarda tezliklə konstruktiv mövqe tutmasa, mövcud status-kvonu uzatmağa çalışsa - özü də bu dəfə daha geniş miqyasda. Hərbi və siyasi ekspertlər də neçə vaxtdır mövcud status-kvonun təhlükəli olması barədə xəbərdarlıqlar etməkdədirlər. Hər halda Azərbaycan böyük paralar xərcləyərək, aldığı müasir silahlar və döyüş sistemlərini vitrinə qoymağa hazırlaşmır.
