|
Qubad İbadoğlu: “Xalq bu müstəvidə mübarizəyə hələ hazır deyil”
Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu “Yeni Müsavat”ın qonağı olub. O, manatın devalvasiyasının, neftin ucuzlaşmasının ölkədə doğurduğu fəsadlar, 2016-cı ildə sosial durum və böhranlı vəziyyətdən çıxmağın yollarından danışıb.  O, eyni zamanda son bir həftədə müxalif cəbhədə baş verənləri, mitinqləri də dəyərləndirib. 
-Manatın hər devalvasiyasından sonra ekspertlər, jurnalistlər belə bir tezis irəli sürür ki, artıq cəmiyyət sosial partlayışın astanasındadır. Bunun izləri özünü ciddi mitinqlərdə, insan selinin etirazında göstərəcək. Amma bu tezis hər dəfə də özünü doğrultmur. Birinci onu soruşum: niyə? Sosial problemlərin məngənəsində sıxılan cəmiyyət niyə aktiv etiraz etmir? 
 
-Bunun  müxtəlif səbəbləri var. Başlıca  səbəblərdən biri odur ki, iqtisadi vəziyyətin pisləşməsinin neqativ  təsirləri lazım olan səviyyəyə çatmayıb. Uzun illər neft gəlirlərinin paylanmasından yığılan vəsaitlər hazırkı keçid dövründə sabitləşdirici funksiya daşımaqdadır.  Digər sabitləşdirici funksiyanı mövsümi amillər oynayırdı. Əhalinin böyük hissəsi kəndlərdə yaşayır, öz təsərrüfatlarından qidalanırdı, bu da onların ailə büdcəsinin xərclərini azaldırdı. Hazırda isə mövsüm məhsulları tükənir, əsas ərzaq məhsullarının qiymətləri artır, manat dəyərini itirir. Bunun nəticəsində əhalinin güzəranı günü-gündən pisləşir, insanlar əvvəlki dövrlə müqayisədə pis dolanırlar. Amma sosial problemlər bizim təsvir etdiyimiz  səviyyədə geniş və əhatəli deyil.  İşləyənlərin çox hissəsi əmək haqlarını, pensiyaçılar təqaüdlərinin vaxtında ala bilirlər. 
 
Problemlər ötən illərlə müqayisədə artır və bu gedişlə onların əhatəsi genişlənəcək, neqativ təsirləri artacaq. Çünki belə davam edərsə, bir neçə aydan sonra əmək haqlarının, pensiyaların vaxtında ödənilməsi ilə bağlı maliyyə çətinlikləri  yarana bilər. Onda iqtisadi problemlərin təsir dairəsi daha geniş və ünvanlı  olacaq. 
 
Bu gün elə bir vəziyyət yaranıb ki, həm iş yerlərinin itirilməsi kütləviləşir, həm də mövcud iş yerlərində əmək dəyərsizləşir. Məsələn, indi görülən işə əvvəlkindən daha az əmək haqqı verirlər. Çünki bütünlükdə iqtisadiyyat kiçildiyindən biznesin də, digər təşkilatların da maliyyə imkanları məhdudlaşıb. Eyni zamanda indi yeni  iş yerlərinə çıxış imkanları o qədər çətinləşib ki, heç kim iş yerini itirmək istəmir.  Hətta iş yerində qalan adam da layiqli əməyi ödənilməsə də, işəgötürənə minnətdarlıq edir ki, ədalətli şəkildə öz zəhmətinin dəyərini görmədiyi mövcud işini itirməsin. 
Digər  başlıca amil ondan  ibarətdir ki, bu gün istənilən siyasi və ictimai fəallığın arxasında mütəşəkkil  əlaqələndirmə, səfərbərlik dayanır. Amma hazırda ölkədə, xüsusilə də regionlarda o gücə və resurslara malik siyasi-ictimai institutlar yoxdur. Digər tərəfdən, insanlar hansısa bir siyasi qüvvə və yaxud da ictimai təşkilatın onların etirazlarını idarə edib, ölkədə hansısa dəyişikliklərə  aparıb çıxaracağını düşünmürlər. Ona görə də onlar bir müddət  gözləmə mövqeyində qalacaq, ara-sıra lokal, sistemsiz  olsa da  etirazlar yaranacaq.  Bu etirazlar yalnız hökumət-əhali müstəvisində deyil, işə götürən və işçi münasibətlərində də müşahidə olunacaq.
 
-Son bir həftədə baş tutan 3 mitinqi dəyərləndirmənizi istərdik. İnsanların aktivliyindən tutmuş müxalif cəbhənin potensialına qədər... Sizcə, bu aksiyalar hansı mənzərəni göz önünə sərdi? 
 
- Əvvəla, qeyd edim ki, mitinqin zamanı düzgün seçilməmişdi. Xalq bu müstəvidə mübarizəyə hələ hazır deyil. Ümumiyyətlə, mitinqlərə siyasi mübarizədə vasitə kimi baxılmalıdır, onu məqsəd kimi qarşıya qoymaq düzgün deyildir.  Bu mübarizə vasitəsinin zamanında istifadə olunması çox vacibdir. Müşahidələrim göstərdi ki, son mitinqlər   xalqdan  çox onun təşkilatçılarına və etiraz nümayiş etdirdiyi  hakimiyyətə lazım idi. Düzdür, təşkilatçılar indiki ağır şərtlər daxilində əvvəlkilərlə müqayisədə mitinqə daha çox iştirakçı cəlb edə bilmişdi, lakin bu, qarşıya qoyulan hədəf üçün yetərli deyildi. Hətta hər 2 təşkilatçının birgə təşkil etdiyi mitinqdə  də iştirakçılar yetərincə ola bilməzdi. Çünki demək olar ki, əsas iştirakçılar eyni şəxslərdən ibarət idi.  Bununla yanaşı, son kütləvi  tədbirlərdə müxtəlif maraqlar üçün iştirak edənlər  əvvəlkindən çox görsənirdi. 
 
-Müxtəlif maraqlar? Söhbət nədən gedir? 
 
- Mitinqə gələnlərin hamısını partiyaların sosial bazası kimi dəyərləndirmək düzgün deyildir. Onların bir qismi müşahidə, çıxışları dinləmək üçün gəlirdilər. Bəziləri hansısa qüvvənin təmsilçiləri olaraq problemlərin səsləndirilməsi və yaxud eşidilməsi üçün ora toplaşmışdılar. Kiçik bir  qrup  isə hesab edirdi ki, indiki halda bu prosesdə iştirak edib, yeni bir nə isə eşidə bilərlər. Amma bütün hallarda mitinqlərin böyük əksəriyyətini ənənəvi iştirakçılar təşkil edirdi. Nəzərə alsaq ki, mitinq referendumla bağlı idi, təbii ki, bu mitinqlərin əhəmiyyəti var. Azərbaycan vətəndaşı bu mitinqlərdə iştirak edib referendumla bağlı əhəmiyyətli bilgilər, arqumentlər əldə etməli idi. Çox təəssüf ki, referendumla bağlı ciddi arqumentlər  nə mitinqlərdə və nə də  ictimai müzakirələrdə səsləndirilmədi. Mən demək olar ki, bununla bağlı müxtəlif yazılar oxudum, amma arqumentli  və hərtərəfli  təhlili yalnız  İlyas İsmayılovun yazısında  gördüm. Onun yazısı məntiqli və konstitusiya baxımdan konseptual yanaşmasına görə seçilirdi. Arzulayardım ki, belə təhlillər çox olsun. Dəyişikliklər arasında məni də narahat edən çoxlu məqamlar vardır. Xüsusilə də bir iqtisadçı kimi məni ən çox narahat edən özəl mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. Fərdi məlumatlara çıxış imkanlarının azaldılması da məni narahat edir. Çünki mülkiyyət hüquqlarının məhdudlaşdırılması, şəffaflığın və hesabatlılığın azaldılması islahatların keçid istiqamətində müəyyən təşəbbüslərin ortalığa çıxdığı  indiki şəraitdə həm  xaricdən sərmayə cəlb edilməsinə, həm də islahatların həyata keçirilməsinə ciddi maneələr  yaradacaq. 
 

“Son mitinqlər müxtəlif maraqlara xidmət etdi”

 
-Mitinqlərə qayıdaq yenidən. ADR üzvləri keçirilən bu mitinqlərə qatıldı. Baxmayaraq ki, təşkilatçılarla münasibətlər o qədər də isti deyildi... 
 
-Biz bu məsələdə  üzvlərə sərbəstlik vermişdik. Nə  qədər üzvün hansı aksiyada iştirak etməsi ilə bağlı hesablamalara malik deyilik. Amma müşahidələrimiz göstərir ki,  ADR üzvlərinin bir qrupu hər iki kütləvi aksiyada bu prosesin iştirakçısına çevriliblər. 
 
-Referendumda prezidentliyin müddəti, prezident yaşının azaldılması ilə bağlı məqamlar da var. 
 
- Mənim üçün onlar da narahatedicidir. Amma hazırkı dövrün əsas siyasi  problemi nə prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması, nə də prezident yaşının aşağı salınması ilə bağlı deyil. Ölkədə ən ciddi  siyasi problem seçki və referendumun azad və ədalətli keçirilməsi ilə əlaqədardır. Hazırda planlaşdırılan referendumun da həmin problemlərin mövcudluğu şəraitində, birtərəfli müşahidələr və icra hakimiyyətlərin nəzarəti altında keçəcəyi də şübhə doğurmur. 
 
- Son günlər Natiq Cəfərlinin həbsdən azad edilməsi ilə ölkədə “yeni siyasi açılım” anonsları da güclənib. Ehtimal edilir ki, bu, siyasi məhbus məsələsi ilə bağlı hakimiyyətin yeni, loyal siyasətinin başlanğıcıdır. Sizin versiyalarınız necədir? 
- Bu ehtimal aşağıdır. Çünki prosesin ardıcıl olaraq davam edəcəyi gözlənilmir. Yalnız Natiq Cəfərlinin azadlığa çıxması ilə bu prosesin davamlı olacağını demək üçün yetərli deyil. Çünki yeni həbslər, ittihamlar var və onlar müxtəlif spektrlidir. Bu, onu göstərir ki, hələ ki vəziyyətin  ciddi şəkildə yaxşılığa doğru dəyişəcəyinə əsas yoxdur. O baxımdan, bunun yeni siyasi açılım olduğunu düşünmürəm. Hər halda, söhbət Natiq Cəfərlinin təmsil etdiyi təşkilatdan gedirsə, çox yaxşı olardı ki, İlqar Məmmədov da onun ardınca azadlığa çıxsın. 
- Sizcə, Natiq Cəfərlinin azadlığa buraxılıb, İlqar Məmmədovun israrla həbsdə saxlanılması nəyin göstəricisi idi? 
 
-Fikrimcə, siyasi proseslərdəki ittihamların  böyük  əksəriyyəti arqumentsiz və əsassızdır. Amma Natiq Cəfərli ilə bağlı prosesləri dəyərləndirsək görəcəyik ki, ona əvvəl açılmış cinayət işi həbs olunmazdan bir müddət əvvəl bağlanmışdı. Natiq Cəfərli əvvəl ölkədən çıxa bilmirdi, amma sonra çıxış imkanları yaradılmışdı. 
 
Müşahidələrim onu göstərdi ki, Natiq Cəfərli barəsində yuxarılara düzgün məlumat verilməmişdi. Onu şərləmişdilər, axtardılar heç nə tapmadılar. Hazırda hansısa ictimai-siyasi təşkilat  fəaliyyət göstərirsə onun hardansa maliyyələşdiyini ehtimal edirlər. Onlar başa düşmürlər ki,  bəzi fəaliyyətləri   maliyyəsiz də etmək olur.  
İstənilən halda Natiq Cəfərlini azadlığa buraxmaq düzgün qərar idi. Onunla yanaşı, İlqar Məmmədovun və  digər siyasi məhbusların da azadlıq haqqına qovuşmasını arzulayardım. Onların bundan sonra da  məhbəsdə saxlanması hazırkı hakimiyyətə  daha çox ziyan vuracaq.
musavat