Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq parkı” ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Etibar Məmmədov 7 il, 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Şəxsən H.Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.
İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları əmlak alqı-satqısı ilə məşğul olmuş 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılmışdı. Daha sonra o, ev dustaqlığına buraxılmışdı.
T.Hüseynovdan sonra isə 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.
F.Quliyev Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2-ci maddələri, Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 313, 320, 29, 178, 178.3.2-ci maddələri ilə təqsirli bilinirlər.
Məlumat üçün onu da əlavə edək ki, “Dostluq parkı”ndkı villaların söküntüsü zamanı yadda qalan ən əsas məqamlardan biri Hacıbala Abutalıbovun həmin dəbdəbəli mülkləri musiqi sədaları altında yerlə-yeksan etdirməsi idi. Villaları sökdürən H.Abutalıbov həmin ərazidə sonradan bir neçə dəfə iməcilik keçirib, şam ağacları əkdirib.
Cia.az
