|
Rusiyadakı seçkilər ekspertlərin gözündə...
Sentyabrın 18-də Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin nəticələri açıqlanıb və hakim partiya-Vahid Rusiya partiyası qalib gəlib.  90%-dən çox sayılan səslərdən sonra hakim partiyanın 450 nəfərlik Dövlət Dumasındakı deputat sayından 300-dən çoxunu qazandığı məlum olub. 
5%-lik baryeri keçən digər partiyalar Kommunist Partiyası, ultramillətçi Liberal Demokrat Partiyası və Ədalətli Rusiya Partiyasıdır. Liberal müxalifət partiyası parlamentdə təmsilçilik üçün lazım olan 5 faizlik baryeri aşa bilməyib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 93%-nin sayılmasından sonrakı vəziyyətə görə, dünən keçirilmiş Dövlət Dumasına seçkilərdə seçicilərin cəmi 47,81%-i iştirak edib.
Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bu, Rusiya Federasiyasının tarixi ərzində ilk dəfədir ki, seçicilərin yarıdan çoxu ölkə parlamentinin seçkilərində iştirak etməyib.
Prezident Vladimir Putin seçkinin ilkin nəticələri məlum olandan sonra tərəfdarlarını qələbə münasibətilə təbrik edib. Putin bunları deyib: “ Partiya çox yaxşı nəticələr əldə edib. Biz partiyamızın çox yaxşı nəticə göstərdiyini inamla deyə bilərik. Bu qələbədir”.
Qeyd edək ki, 2014-cü ildə Ukraynadan alınaraq Rusiyanın nəzarəti altına keçən Krım sakinləri də ilk dəfə səsverməyə qatılıb. Krımda seçkilərin keçirilməsi Ukraynanı qəzəbləndirib. 
Seçkilərdə Putin hakimiyyətinin növbəti qələbəsini əvvəlcədən ekspertlər proqnozlaşdırırdılar. 

Politoloq Elxan Şahinoğlu şimal qonşumuzdakı seçkilərlə bağlı proqnozlarının özünü doğrultduğunu bildirdi: “Rusiyada seçkiqabağı təşviqat kampaniyasını diqqətlə izlədim. Siyasətçilərin maraqlı dialoqlarını müşahidə etdim. Seçkidən əvvəl proqnozum belə idi ki, Dövlət Dumasının yeni tərkibi köhnəsindən ciddi fərqlənməyəcək. Say nisbətən dəyişə bilər, partiyaların sıralamasında dəyişiklik gözləmirdim. Sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki kimi 4 partiya daxil oldu. İlkin hesablamalara görə hakim partiya administrativ resurs və şəxsən prezident Vladimir Putinin dəstəyi sayəsində parlamentdə konstitusiyalı çoxluğa malik olacaq. Bu hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündürücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq. Bu isə heç də hamının xoşuna gəlməyəcək. Bu seçkilərin digər nəticəsi ondan ibarətdir ki, Rusiyada liberal ideya iflasa uğrayıb. Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar ən yaxşı halda 1 və ya 2 faizin həndəvərində nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilməyib. Bu nəticədə həmin partiyaların özlərinin də günah var, rusiyalı liberallar bizimkilər kimi vahid ideya ətrafında birləşə bilmir, hərə yorğanı öz üzərinə çəkir, nəticədə hamısı qapı arxasında qalır. Parlament seçkisində ciddi saxtakarlıq halları qeydə alınmayıb. Buna baxmayaraq, hakim “Vahid Rusiya” partiyası administrativ resursdan gen-bol istifadə edib. Bu partiyanın qələbəsinə prezident Vladimir Putinin yüksək reytinqi təsir edib. Yəni əslində seçicilərin əksəriyyəti “Vahid Rusiya” ilə Putin arasında fərq görmürlər, ona görə də elliklə bu partiyaya səs verirlər. Buna baxmayaraq, bu seçki seçicilərin passivliyi ilə yadda qaldı, Rusiya vətəndaşlarının az qala yarısı seçkiyə getmədi. Bunun da səbəbi odur ki, insanlar seçki yolu ilə həyatlarının dəyişəcəyinə inanmırlar. Belə baxanda böyük şəhərlər olan Moskva və Sanki-Peterburq sakinlərinin bir hissəsi heç hakim partiyaya səs verməyiblər. Hakim partiya əsas səsini regionlar hesabına toplayıb. Şəhər insanları daha tələbkar olur, dəyişiklik istəyir və indiki durumdan narazıdırlar. Buna baxmayaraq, Rusiyada şəhər sakinlərinin seçki nəticəsinə təsiri azdır”.
 
 
Politoloq Şahin Cəfərli Rusiyada seçici fəallığının aşağı olmasına toxundu: “Diqqəti cəlb edən əsas məqam səsvermədə seçici fəallığının aşağı olmasıdır. Ölkə üzrə iştirak faizinin 48% olduğu açıqlanıb, lakin əslində bu rəqəmin özü də reallığı əks etdirmir. Sirr deyil ki, bu rəqəm kütləvi saxtakarlığın baş verdiyi bəzi regionların, xüsusən də, müsəlman əhalinin yaşadığı respublikaların göstəriciləri sayəsində əmələ gəlib. Qanunsuzluqların nisbətən az olduğu Moskva və Sanki-Peterburqda səsvermədə iştirak edənlərin sayı 30 faizdən də az olub. Bu iki meqapolis həm də ölkənin əsas elmi-intellektual və sənaye mərkəzləridir, təhsil səviyyəsi yüksək olan təbəqə məhz bu şəhərlərdə məskunlaşıb. Ortaya çıxan nəticələr Rusiya əhalisi arasında apatiyanın hökm sürdüyünü göstərir. İnsanlar onların rəyinin və səsinin heç nəyi dəyişməyəcəyini düşünürlər, seçki institutuna inam itib, siyasi proseslərə laqeydlik yaranıb. Əslində isə sosial-iqtisadi problemlərin getdikcə artdığı bir cəmiyyətdə tamam başqa situasiya müşahidə edilməli idi. Normal, demokratik bir ölkədə iqtidar partiyası bu qədər problemin olduğu bir dövrdə bu cür parlaq zəfər qazana və alternativsiz qala bilməz. “Vahid Rusiya” isə təkcə çoxluq əldə etməklə qalmayıb, həm də Konstitusion çoxluğa sahib olub. Bu seçkilər 2018-ci ilin prezident seçkiləri öncəsi Putinin mövqelərinin sarsılmaz olduğunu nümayiş etdirdi”.
 
Ş.Cəfərli Putinin reytinqindən də söz açdı: “Rusiyada prezident Putinin reytinqi çox yüksəkdir və “Vahid Rusiya”nın uğurunu da bu amillə izah etmək olar. Şübhə etmirəm ki, səsverməyə qatılan Rusiya vətəndaşlarının əksəriyyəti həqiqətən hakim partiyaya səs veriblər və baş vermiş pozuntular ümumi nəticəyə həlledici təsir göstərməyib. Lakin seçki demokratiyası təkcə səsvermə günü pozuntuların azlığı və nəticələrə minimal təsiri ilə ölçülmür. Önəmli olan seçkiqabağı kampaniyada bütün tərəflərə bərabər şəraitin yaradılıb-yaradılmaması, siyasi qüvvələrin mediadan eyni səviyyədə istifadə edib-etməməsi, plüralist mühitin mövcud olub-olmaması və ümumilikdə ölkədə demokratik hüquq və azadlıqların vəziyyətidir. Rusiyada faktiki olaraq avtokratik üsul-idarə bərqərar olub, tək adam rejimi hökm sürür. Ölkədə bir Putin kultu var. Putinə qarşı çıxmaq az qala dövlətə qarşı çıxmaq, vətənə xəyanət, xarici dairələrə casusluq kimi qəbul olunur. Cəmiyyətdə alternativlər formalaşmır. Putinin və hakim partiyanın layiqli alternativinin olmamasını təkcə hazırkı liberal müxalifətin daxilindəki problemlər, yaxud Rusiya əhalisinin liberal ideologiyalı siyasi qüvvələrə neqativ münasibəti ilə izah etmək doğru olmaz. Ölkədə elə bir mühit yaranıb ki, alternativlər ya yetişmir, ya da Aleksey Navalnıy örnəyində olduğu kimi, alternativlərin yetişməsinə imkan verilmir. Rusiya kimi böyük dövlətin bu duruma düşməsi üzücüdür. Postsovet məkanının lider dövləti kimi Rusiya demokratikləşmənin, inkişafın, tərəqqinin öncülü olmalı idi. Lakin çox təəssüf ki, bugünkü Rusiya mütərəqqi dəyərləri təmsil etmir və özü inkişafdan geri qalmaqla yanaşı, yaxın ətrafdakı ölkələrin də demokratik inkişafını əngəlləyir, etnik-ərazi münaqişələrindən hələ də regionda öz təsirini qorumaq üçün bir vasitə kimi istifadə edir. Son seçkilər göstərdi ki, yaxın dövrdə Rusiyanın hazırkı siyasətində ciddi dəyişikliklərə ümid etməyə dəyməz. Bu seçkilər Rusiyanın siyasi tarixində geriyə doğru addımdır”.
Cia.az