|
Bir həftədə 3 mitinq, cəmi 10 min adam-niyə?
Müxalifət bir həftə ərzində üç mitinq keçirdi. İkisini əsasən AXCP-dən ibarət olan Milli Şura, birini isə Müsavat Partiyası. Hər üç mitinqə Bakı Şəhər İcra Hakimiyyəti rəsmi razılıq vermişdi və mitinqlərin üçü də kifayət qədər əlverişli ünvanda-"İnşaatçılar" metro stansiyasının yanındakı keçmiş “Məhsul” stadionunda oldu. Təşkilatçı qüvvələrin liderlərinin xalqa ard-arda çağırışları da oldu. Fəqət bu mitinqlərin üçünə cəmi təxminən 10 min adam qatıldı. 
 
Azərbaycanda sosial həyatından, bahalıqdan, manatın ucuzlaşmasından, məmur özbaşınalığından, işsizlikdən narazıların sayının az qala ölkə əhalisinin yarısını əhatə etdiyi bir zamanda (mitinq təşkilatçıları bu rəqəmin 90 faiz olduğunu bəyan edir) narazı xalqın meydana çıxmamasının sirri nədədir? 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, ölkədəki sosial iqtisadi, siyasi durumdan narazı kütlənin keçirilən mitinqlərdə ortaya çıxmamasının bir neçə səbəbi var. Əsas səbəb demokratik dəyişikliklərə, demokratik siyasi partiyalara inamın itməsidir. Artıq Azərbaycan xalqı dinc-demokratik yolla hər hansı bir dəyişikliyin olacağına inanmır. Bu da çox təhlükəlidir: “Hakimiyyət sevinir ki, nəhayət, dinc demokratik mübarizə aparan qüvvələri sıradan çıxarıb, müxalifət yoxdur. 
 
Halbuki bu vəziyyətin özü təhlükədir. Azərbaycanda narazılıq böyükdür və getdikcə artır. Belə vəziyyətdə dinc demokratik qüvvələrə inam yoxdursa, deməli, dəyişiklik istəyən çoxluq başqa alternativ axtaracaq və ya başqa alternativlərə baş vuranların arxasınca gedəcək. Azərbaycanda xalq o zaman ortaya çıxacaq ki, meydanda yeni bir qüvvə olacaq və həmin qüvvə hakimiyyətə real alternativ olacaq, hakimiyyətin gücünə alternativ gücü ortaya qoyacaq. Azərbaycan xalqında dəyişikliyə həmin liderin və yaxud həmin siyasi liderin timsalında inam yaranacaq. 23 ildir eyni siyasi qüvvələr, eyni adamlar eyni çağırışları edir və nəticə də eynidir. 23 ildir aparılan mübarizə nəticə verməyib. Azərbaycan xalqı da bunu görür. Təbii ki, bu vəziyyətin yaranmasında hakimiyyətin illərdir apardığı repressiv siyasət xüsusi rol oynayıb. Xalqın seçkilərə inamının öldürülməsi bu vəziyyətdə ciddi rol oynayıb. Artıq xalq dinc yolla, mitinqlə, seçki ilə hakimiyyətin dəyişəcəyinə inamını itirib. Xalq artıq gözləmə mövqeyindədir, hakimiyyətə real alternativ qüvvənin ortaya çıxmasını gözləyir. Hələlik bu cür qüvvə görünmür. Ona görə də xalq da ortada görünmür, mitinqi istər AXCP, istərsə də Müsavat keçirsin, narazı xalq meydana gəlmir. Bu partiyalar hətta birlikdə mitinq təşkil etsəydilər belə, xalq yenə də gəlməyəcəkdi. Çünki xalq demokratik yolla mübarizəyə, dəyişikliklərə, demokratik dəyərlərin daşıyıcıları olan qüvvələrə inamını itirib”. 

Image result for Sülhəddin əkbər

S.Əkbər qeyd etdi ki, Azərbaycanda proseslər üç mərhələdə keçəcək. Hazırda birinci mərhələ başa çatmayıb: “Bir müddət əvvəl ADP qərargahında müxalifət partiyalarının geniş bir toplantısı oldu. Mən orada məruzə ilə çıxış elədim. Bildirdim ki, Azərbaycanda proseslər üç mərhələli gedəcək. Birinci mərhələ gözlənti mərhələsidir. Hələlik Azərbaycan xalqı bu hakimiyyətdən nə isə gözləyir və bu gözləmə mərhələsi hələ tam başa çatmayıb. Üçüncü devalvasiya da bu ilin axırına kimi olacaq. Bundan sonra ikinci mərhələ-real alternativ axtarışı mərhələsi başlayacaq. Milli-azadlıq hərəkatından çıxan siyasi qüvvələr həmin alternativ deyil. Ölkədə siyasi, iqtisadi şərtlər dəyişib. Yeni siyasi, iqtisadi şəraitə uyğun, indiki hakimiyyətə real alternativ ola biləcək, böyük maliyyə resurslarına, xarici dəstəyə malik qüvvə ortaya çıxmalıdır. Xalqın bu cür qüvvəni araması uzun müddət davam edəcək. 
 
Hakimiyyət də bu cür alternativ qüvvənin ortaya çıxmasına indiyə qədər imkan vermir. Kimini ölkə xaricində saxlayıb Azərbaycana gəlməsinə imkan vermir, kimisi həbsdədir, həbsdən çıxmasına imkan verilmir. Ortadakı qüvvələri də uzun illər aparılan repressiv metodlarla, satın almalarla sıradan çıxarıblar. Ona görə də alternativ arayışı uzun sürəcək. Amma alternativ tapılandan sonra üçüncü mərhələ-dəyişiklik mərhələsi başlayacaq. Bu mərhələ sürətli gedəcək. Yalnız bu zaman xalqı meydanda görə biləcəyik. Həmin alternativ qüvvə hakimiyyət daxilindən də çıxa bilər, böyük bir oliqarx da ola bilər, xarici dəstəkli bir qüvvə, həmçinin xarici dəstəkli bir dini hərəkat da ola bilər, kobud xarici müdaxilə ilə də ola bilər. Variantlar çoxdur. Hər bir halda ənənəvi demokratik qüvvələrin alternativ qüvvə olmaq şansları, önə çıxmaq, hərəkətverici qüvvə olmaq şansı yoxdur. Prosesdə müəyyən bir rolda iştirak edəcəklər, öz yerlərini də tutacaqlar, amma lider və aparıcı qüvvə olmayacaqlar. Azərbaycan xalqı ayıq xalqdır. Nə vaxt real qüvvə görsə ona dəstək verəcək. Mən yenə də bu fikrimdə qalıram”.  
 
S.Əkbər onu vurğuladı ki, Azərbaycanda milli burjuaziya və orta təbəqənin formalaşmaması  da demokratik dəyişikliklərin baş verməsinə maneələrdən biridir: “Dinc demokratik hərəkatın müəyyənedici qüvvəsi həmişə milli burjuaziya, hərəkətverici qüvvəsi isə orta təbəqə olur. Azərbaycan hakimiyyəti məqsədli şəkildə ölkədə milli burjuaziyanın və orta təbəqənin yaranmasına imkan verməyib. Ona görə də bu gün demokratik inkişaf dalana dirənib. Bu, çox mühüm strateji bir məsələdir. Yəni Azərbaycan iqtidarı öz hakimiyyətini qorumaq üçün çox ciddi bir iş görüb”. 
 
ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev isə son iki gündə müxalifətin keçirdiyi mitinqləri növbəti dəfə tənqid edib. 

Image result for Rəsul Quliyev
 
Sabiq spiker facebook səhifəsində bu aksiyaları “Mitinqlərin sonu” başlığı altında belə təhlil edib: “Hələ də özlərini müxalifət hesab edən 2 partiya  - AXCP və Müsavat  bu mitinqlərlə biz də varıq (AXCP bir qədər çox) arzularını həyata keçirə bilmədilər. Nəticədə hakimiyyət xalq üzərində,  AXCP isə Müsavat üzərində böyük üstünlüklə qələbə çaldı. Növbəti xaotik mübarizə əhvalı yaranana qədər Xalq Cəbhəsi bu mitinqlərlə hakimiyyəti necə təşvişə saldığından danışacaq, Müsavat isə ”onun məqsədi kütləvilik deyildi, sadəcə, hökumətə mesaj göndərmək idi", yazacaq. Hakimiyyətdən zəhləsi gedən, özlərini müxalifət adlandıranlara zərrə qədər inanmayan məzlum Azərbaycan xalqı ‘’Allah bu zülmü yerdə qoymaz’’ ümidi ilə yaşamağını davam etdirəcək, imkan tapanlar isə xarici ölkələrə üz tutacaqlar".
 
R.Quliyev onu tənqid edən bəzi müzakirə iştirakçılarına isə bildirib ki, yeni liderlərin üzə çıxmasına çalışır:“Mən Bakıda olsaydım, azı 5 variantım olardı”.
 
Image result for Əvəz Zeynallı
 
“Xural” qəzeti və saytının baş redaktoru Əvəz Zeynallı isə Müsavat Partiyasının 18 sentyabrda keçirdiyi mitinqi təhlil edib. Sosial şəbəkədəki statusunda iştirakçısı olduğu mitinqin detalları ilə bağlı yazan Ə.Zeynallı qüsurları da sadalayıb. Eyni zamanda qeyd edib ki, bütün hallarda Arif Hacılının hamını 24 sentyabrda təşkil olunacaq mitinqə səsləməsi siyasi mədəniyyət və genişürəklilik idi: “İlin-günün bu zamanında 11 və 17 sentyabr mitinqlərindən xeyli az insan gəlsə də, bu cür mitinq təşkil etmək də uğur kimi qiymətləndirilməlidir. AXCP də, Müsavat da bu mitinqlərin nəticələrini yaxşı analiz etməli, gələcək üçün dərslər çıxarmalı və perspektivə istiqamətlənən hədəflər müəyyənləşdirməlidir...”
musavat