|
Hicablı şagirdlər - dini dəyərlər bir, qanun isə ayrı şeyi deyir
Yeni tədris ili başlar-başlamaz müzakirə edilən mövzulardan biri də məktəbə hicabda gələn şagirdlər məsələsi oldu. 1-ci sinfə yenicə qədəmini qoyan 6 yaşlı qızcığazların uzun ətəkdə və hicabda gəlməsi bir çox insanlar tərəfindən xoş qarşılanmır və onlar bu məqamda valideynləri günahlandırırlar. 

Maraqlıdır, bəs din buna nə deyir? Azyaşlı uşaqlara dini təbliğ etmək, onları dinə yönləndirmək nə dərəcədə doğrudur? Dini ekspert Kənan Rövşənoğlu insanların dini təbliğ edib yaymalarının qadağan edilə bilinməyəcəyini dedi: “Son illərdə Azərbaycanda dini sahədə qanunvericilik ildən-ilə sərtləşdirilir. Bunun obyektiv səbəbləri də var. Azərbaycan hökuməti radikal dini qrupların yayılmasına qarşı bir sıra istiqamətlərdə, o cümlədən qanunvericilik sahəsində tədbirlər  görməyə çalışır. Bu mənada dəyişikliklərin bir qismi anlaşılandır. Ancaq bəzi dəyişikliklər effektiv olmur, bəziləri isə əks-effekt verir, insanlar arasında radikalizmin yayılmasına gətirir. Konkret dini təbliğata görə cəzalara gəlincə, bu maddə daha əvvəl də olub və indi görünən odur ki, daha da sərtləşdirilir. Ancaq bəzən burda təqdimat yanlışlığı olur. Söhbət radikal dini fikirlərin yayılması, təbliğ və tədris olunmasından gedir. Bu məsələdə qanun anlaşılandır. Bütün dövlətlərdə radikalizm, ekstremizm təbliğatları qadağandır və qanunlarla mühakimə olunur. Ancaq bu, yalnız radikal dini fikirlərə aiddir. İnsanların dini təbliğ etmələri, yaymaları qadağan edilə bilməz. Xüsusən də valideynlər yetkinlik yaşına çatana qədər övladlarını öz mənsub olduqları inanc, mədəniyyət və adətlər əsasında tərbiyə etmək hüququna malikdir. Yalnız həddi-buluğa çatan övlad artıq özü hansı dinə mənsub olacağını və ya olmayacağını özü müəyyən edə bilər”.

K.Rövşənoğlu baş örtüyünün bu kontekstdə şərh olunmasının absurd olduğunu bildirdi: “Əvvəla, valideynin körpə uşaqlarını necə geyindirməsi onların hüququdur. Məsələnin dini tərəfinə gəlincə, dində baş örtüsü namaz, oruc və digər ibadətlər kimi müəyyən yaşdan sonra vacib buyurulub. Azyaşlı uşaqların başını örtməsi dini hökm deyil, valideyninin öz övladını necə tərbiyə etmək, dini dəyərləri aşılamaq niyyəti ilə bağlıdır. Bunu qanunla yasaqlamaq mümkün deyil, sadəcə, insanlara dini hökmləri daha dəqiq və aydın şəkildə izah etməklə mümkün ola bilər”.
 
Azyaşlıları dinə yönəlməyə məcbur etmənin cəzasına gəlincə isə hüquqşünas Müzəffər Baxış buna görə Cinayət Məcəlləsində cərimə və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğunu dedi: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə görə, şəxsi hər hansı dinə, dini cərəyana etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, iştirak etməyə, habelə dini təhsil almağa məcbur etməyə görə 3 min manatdan 5 min manatadək cərimə və ya 2 ilədək islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 167-1.2-ci maddəyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olmağa görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 167-1.3-cü maddəyə görə, bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq növündən istifadə etməklə törədildikdə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etməklə cəzalandırılır.
 
Yetkinlik yaşına çatmama həddi də 18 yaşına qədər olan şəxslərə aiddir. Yetkinlik yaşına çatmayan şəxslər hər hansısa dinə, dini cərəyana etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilirsə, istər valideynləri tərəfindən olsun, istər digər şəxslər tərəfindən olsun, buna görə həmin şəxslər Azərbaycan Respublikasının 167-1.3.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər və onlar 7 min manatdan 9 min manatadək cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər”.
 
musavat