Dağlıq Qarabağ probleminin həllinə ən böyük maneənin Ermənistan olduğu MDB-nin son Bişkek sammitində bir daha öz təsdiqini tapdı. İşğalçı dövlətin başçısı Serj Sərkisyan öz çıxışında növbəti dəfə işğala məruz qalmış Azərbaycanın ünvanına həyasızcasına ittihamlar səsləndirdi.
Bununla guya o, öz aləmində toplantıya qatılan liderlərin diqqətini “əzabkeş xalq”a yönəltmək, onları çaşdırmaq istədi. Ancaq uğursuzluğa uğradı, cavabı gecikmədi. Ardınca söz alan Azərbaycan prezidenti İlham Əliyev sənədli-sübutlu düşmən ölkə prezidentinin “arqumentini” alt-üst elədi, onun yalanını çıxardı, Sərkisyanı ifşa elədi.
Həmin cavabdan sitat: “Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu... Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayır.
Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir... Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim”.
***
Əslində prezident Əliyevin izahatı olmasaydı da, acı həqiqətlər MDB-yə üzv ölkələrin liderlərinə bəllidir. Kor-kor, gör-gör, hamı bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və 25 ildir işğal altında saxlayır, Azərbaycan Ermənistanın yox. Beynəlxalq təşkilatların (BMT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı) sənədləri də çoxdan eyni şeyi deyir, Sərkisyanın deməsi ilə deyil ki.
Di gəl ki, böyük güclərin bölgədə toqquşan maraqları üzündən bu günədək Ermənistana ciddi təzyiqlər edilməyib, işğalçı hələ də cəzasızlıq atmosferində özünü hiss edir, qəbul edilən qətnamələr yerinə yetirilməmiş qalır. Yenə aprel döyüşlərindən sonra ümid yaranmışdı ki, nəhayət, “buz yerindən” tərpənəcək.
Əfsus ki, ötən müddətdə prezidentlər səviyyəsində Vyana və Sankt-Peterburqda cəmi iki görüş keçirilib ki, bu da real irəliləyişə gətirməyib. Yeri gəlmişkən, prezidentlərin sonuncu - Sankt-Peterburq görüşündən (20 iyun) sabah 3 ay ötür. “Qarabağ yükü” isə hələ də öz köhnə yerindədir. Hərgah, vasitəçi dövlətlərdən xüsusən də Rusiya istəsə, problemin ədalətli nizamlanmasına öz sanballı töhfəsini verə bilər.
***
Qarabağ ixtilafının mümkün həll yolunu “Vestnik Kavkaza” nəşrinə şərh edən rusiyalı tarixçi-alim və analitik Oleq Kuznetsova görə, Moskvanı konfliktin tam həcmdə nizamlanmasında maraqlı edən iki səbəb var: “Birincisi, konflikt beynəlxalq arenada Rusiyanın statusuna mane olur, ona görə ki, münaqişənin həll olunmamış qalması və Moskvanın Bakı və İrəvandan bərabər məsafəli uzaqlıqda olmaması Rusiyanın və onun prezidentinin xarici siyasət opponentlərinə imkan verir desinlər ki, guya Rusiya da Azərbaycan ərazilərinin şərikli işğalçısıdır. Bu mənada xarici siyasət məntiqi nöqteyi-nəzərdən Qarabağ konfliktini qapatmaq zəruridir”.
Analitik ikinci səbəb kimi Ermənistan amilini göstərir: “Bu gün Ermənistan bir dövlət olaraq nə öz iqtisadiyyatına, nə də öz sərmayələrinə malikdir. Günü bu gün Ermənistan Rusiyadan və dünyanın başqa ölkələrindən müxtəlif investisiyalar və ödəmələr şəklində olan boz sxemlər hesabına yaşayır. Respublikanın Rusiyaya kifayət qədər böyük pul borcu var - hansını ki, qlobal böhran şəraitində qaytarmaq lazımdır. Bu borc isə indiki məqamda geridönməzdir və getdikcə artır. Bu üzdən də Rusiyaya sərfəlidir ki, Ermənistan adlı ballastdan qurtulsun - o Ermənistan ki, təkcə Rusiyanın yox, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin iqtisadiyyatını da geri çəkir. Üstəlik, Rusiyanın Belarus və Qazaxıstan timsalında ən yaxın müttəfiqləri Ermənistanı iqtisadi və hərbi-siyasi tərəfdaş kimi heç cür görmək istəmir. Nəticə etibarilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maksimum maraqlı olmalıdır”.
***
Öz növbəsində azərbaycanlı politoloq Rasim Musabəyov eyni adlı nəşrə açıqlamasında bildirib ki, Moskva üçün hər iki ölkə ilə münasibət saxlamağın mühümlüyü Azərbaycan və Ermənistana kompromisin tapılmasına kömək üçün hərəkətverici qüvvə rolundadır: “Əgər müharibə qızışsa, Ermənistan Rusiyanın köməyi olmadan məğlubiyyətə məhkum olacaq. Bu, İrəvan üçün satqınçılıq anlamına gələcək. Ancaq Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıması və Kremlə geosiyasi və iqtisadi qazanc gətirməsi səbəbindən, Rusiyanın Ermənistanın ərazi ambisiyalarının xeyrinə müharibəyə müdaxiləsi Kremlə sərfəli deyil. Ona görə də Rusiya böyük müharibənin fitilinin çəkilməməsində maraqlıdır. Məsələ, sadəcə, ondadır ki, bunu necə etməli?”
Politoloqa görə, Kreml erməni rəhbərliyini ciddi şəkildə ağla gətirmək üçün rıçaqlar malikdir: “Söhbət bu rıçaqlara sayəsində münaqişənin tam həllindən və gündəmdən çıxarılmasından getməsə də, prosesi qabağa aparmaqdan və heç olmasa, erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına başlamaqdan gedir. Söhbət həmçinin ərazilərin boşaldılmasının, kommunikasiyaların açılmasının və təmas xəttində sabitliyi möhkəmlətməyin hansı ardıcıllıqla baş verəcəyindən gedir. Əgər Rusiyanın köməyi ilə formul tapılsa, o halda proses irəli gedəcək. Əks halda, mən payızda olmasa da, yazda yüz faiz geniş miqyaslı hərbi toqquşmanın olacağını istisna etmirəm”, - deyə politoloq xəbərdarlıq edib.
musavat
