Prezident İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılacaq.
Müəyyən edilib ki, məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.
Bu fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan İqtisadiyyat Nazirliyi qəbul edir. İcra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan prezidenti ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edir. İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Ekspertlər musavat.com-a fərmanı şərh ediblər. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, səbəb ölkədən valyuta axınının qarşısını almaqdır: “Çünki dövlət və hökumət qurumları, icra strukturları maliyyə mənbələrini büdcəsən manatla alırlar. Xariclə hər hansı satınalma müqavilələri bağlanarkən, xidmət müqavilələri bağlanarkən həmin aldıqları, hesablarında olan manatı məcburən valyutaya çevirib ödənişlər həyata keçirməlidirlər. Bu da valyuta axınını daha da sürətləndirir. Fərmanın verilməsinin əsas səbəbi budur. Amma fərmanın işləməsində ciddi problemlər yaşanacaq. Azərbaycanda yerli istehsal çox aşağı səviyyədə olduğundan, bir çox sahələrdə istehsalın heç cücərtisi belə olmadığından, o fərmanı həyata keçirmək çətin olacaq. Amma pozitiv təsirləri də var. Ən azından, kənd təsərrüfatı məhsulları məsələsində pozitiv tərəfi o olacaq ki, ordunun, dövlətin nəzarətində olan xəstəxanaların, uşaq evlərinin ərzaq təminatını, kənd təsərrüfatı məhsulları təminatını yerli fermerlər, yerli şirkətlər öz üzərlərinə götürsələr, bu, təmin edilsə, bu, həm istehsalın artımına səbəb olacaq, həm fermerlərə dəstək ola bilər. Bu barədə biz dəfələrlə təkliflər də vermişik. Yəni bu tərəfdən pozitiv təsir ola bilər. Amma elə sahələr var ki, Azərbaycanda ümumiyyətlə istehsal yoxdur. Yerli məhsul yoxdur ki, onu əvəz edəsən. Məsələn, dövlət idarələrində bir kompüter lazım olsa, onu necə yerli istehsal hesabına təmin edəcəklər? Və yaxud bütün dövlət və hökumət idarələrində qarajlar mövcuddur, o qarajlarda xarici avtomobillər var. Onların təmir edilməsi lazım olacaq. O detalların alınmasına mütləq əlavə vəsait xərclənməlidir. Bunu da yerli istehsalın hesabına ödəmək mümkün deyil. Böyük layihələr var ki, orada lazım olan avadanlıqlar, hər hansı tikinti materialları Azərbaycanda istehsal olunmur. Onun üçün hansı addımlar atılacaq? Bu fərmandan irəli gələn bəzi məsələlərdə pozitivlik var. Digər sahələrdə isə problemlər yaşanacaq. Fərmanda da qeyd olunub ki, zərurət yaranarsa, icazəli şəkildə hər hansı məhsul və xidmətlərin alışını həyata keçirmək olar. Düşünürəm ki, nazirliklər və dövlət idarələri, icra hakimiyyəti strukturları növbəyə dayanacaqlar ki, hansısa mal və xidmətin alınmasının labüdlüyünü İqtisadi İnkişaf Nazirliyinə, yaxud hökumətə izah etsinlər, yaxud tələb etsinlər”.
Ekspert Elşad Məmmədov isə musavat.com-a qeyd edib ki, büdcədən maliyyələşdirilən təşkilatların idxal mallarının satın alınmasının dayandırılması barədə ölkə başçısı tərəfindən qəbul edilmiş qərar yüksək qiymətləndirilməlidir: “Əvvəllər də qeyd etdiyim kimi, hazırkı iqtisadi durumda taktiki iqtisadi idarəetmə baxımından ən mühüm və təxirəsalınmaz istiqamət ölkədən kapital axınının maksimum effektiv dərəcədə qarşısının alınmasıdır. Bunun üçün isə o cümlədən, büdcə təşkilatlarının və ümumilikdə dövlət qurumlarının xərclər paketi, investisiya siyasəti optimallaşdırılmalı, bu təşkilatların iqtisadi siyasətinin ölkənin iqtisadi maraqlarına uyğun həyata keçirilməsi təmin edilməlidir. Eyni zamanda, bu proses paralel olaraq idxalı əvəz edəcək milli istehsal sistemlərinin formalaşdırılmasını stimullaşdırmalıdır. Bununla belə, qeyd etmək lazımdır ki, satınalmalarda tamamilə idxaldan imtina Azərbaycan iqtisadiyyatı üçün uzunmüddətli ola bilməz və müəyyən məhsul və xidmətlər üzrə bu qərar yalnız müvəqqəti xaraktet daşıya bilər. Bundan başqa, aydındır ki, idxal mallarının büdcə təşkilatları tərəfindən satın alınmasının dayandırılması ilkin mərhələdə həmin təşkilatların fəaliyyətində müəyyən problemlər yaradacaq. Lakin bu problemlərin operativ həlli üçün aidiyyəti qurumlar tərəfindən müxtəlif sahələr üzrə idxalı əvəz edə biləcək milli istehsal prosesinin təşkil olunması və artıq idxal olunmuş məhsullardan səmərəli istifadə olunmasının təmin edilməsi zəruridir. Ümumilikdə hökumətin iqtisadi bloku tərəfindən icrasının lazımi səviyyədə həyata keçiriləcəyi şərti ilə, bu qərarın qəbul edilməsi həm ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, həm milli iqtisadiyyatda mövcud olan struktur disbalansın azaldılması, həm də ümumilikdə makroiqtisadi durumun müəyyən dərəcədə stabilləşməsi baxımından təqdirəlayiq hesab olunmalıdır”.
cia.az
