|
Rusiyada növbəti parlament seçkiləri keçirildi
Sentyabrın 18-də Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Yerli vaxtla saat 08:00-da başlayan seçki axşam 20:00-da başa çatdı. Qanunverici orqanın aşağı palatası olan Dövlət Dumasında 450 deputat yeri var idi ki, bunlardan 225-i proporsional, bir o qədər də majoritar sistem üzrə formalaşmalı idi. 

Siyasi texnoloqlar Dövlət Dumasına 4 siyasi partiyanın düşəcəyini proqnozlaşdırırdılar. Bunlar Dumada təmsil olunan “Vahid Rusiya”, Rusiya Kommunist, Ədalətli Rusiya, Liberal Demokrat partiyaları idi.
 
Səsvermədə iştirak edən Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında seçki gününü işdə keçirəcəyini söyləyib. Jurnalistlərin kimə səs verməsi ilə bağlı sualına V. Putin belə cavab verib: “Bəyəm bilmirsiz kimə səs verəcəyəm?”
 
Qeyd edək ki, seçkilərin getdiyi müddətdə Moskvada seçki məntəqəsində naməlum şəxsin özünü partlatmaq istədiyi barədə həyəcanlı xəbərlər yayılıb. Hüquq-mühafizə orqanlarındakı mənbədən RİA Novostiyə verilən məlumata görə, Moskvanın “Erməni dalanı”nda yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərindəki bombanı partladacağı ilə məntəqədəkiləri hədələməyə başlayıb. Mənbə onu da bildirib ki, artıq həmin şəxs zərərsizləşdirilib. 
 
***
 
Seçkilər axşam saatlarında başa çatdığından, ilkin nəticələr barədə ətraflı məlumat vermək imkanı olmadı. Bununla belə ekspertlər qonşu ölkəmizdə keçirilən seçkilərin Azərbaycan üçün əhəmiyyəti barədə müxtəlif fikirlər səsləndirirlər. Xüsusilə, deputatların yarısının proporsional sistem üzrə seçilməsinin Azərbaycanda da bərpasına təsir edəcəyini düşünürlər. Lakin əksini fikirləşənlər də var. 
 
Seçkilər ərəfəsində diqqətçəkən məqamlardan biri də o oldur ki, 5 min namizəd arasında bir nəfər azərbaycanlı da yoxdur. Milyonlarla azərbaycanlının yaşadığı bir ölkədə bir nəfər iddiaçımızın belə olmaması təəssüf doğurur. 
 
Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiyadakı seçkilər Azərbaycan üçün o zaman əhəmiyyətli olardı ki, obyektiv və ədalətli keçsin: “Ölkəmiz üçün əhəmiyyəti olardı ki, qonşu ölkə xalqın iradəsi əsasında parlamentini formalaşdırsın. Amma görünən odur ki, Putinin partiyası olan ”Vahid Rusiya" seçkilərdə üstünlük qazanacaq. Əvvəlcədən bunu təxmin etmək çətin deyildi. Hətta 60%-dən yuxarı səs yığacağını da proqnozlaşdırmaq olurdu. Bu səsin hesabına da istənilən qanun layihəsini parlamentdə keçirmək mümkün olacaq. Digər parlamentdə keçən partiyalar da olacaq ki, həmin qurumlar hakimiyyətin dəstəkçisi funksiyasını həyata keçirəcəklər. Nəticədə hakimiyyətin mövqeyini müdafiə edənlər Dumada 85-87% təşkil edəcəklər. Postsovet ölkələrinin əksəriyyətində sona qədər demokratik seçkilərə riayət olunmur. Seçkilərə müxtəlif qanunsuz yollarla müdaxilələr edilir. Bunlar bir növ adətə çevrilib. Rusiyada digər postsovet ölkələrinə nisbətən daha demokratik seçkilər keçirilir, bu doğrudur. Amma nisbətdə götürəndə azdır. Rusiyada da seçkilərdən sonra etiraz aksiyaları olur. Amma keçən il bu etirazlara başçılıq edən şəxs həbs olundu və bir il həbs cəzası çəkdi. İndi də aksiyalara rəhbərlik etmək imkanları yoxdur. Orada bir sıra siyasi xadimlər sıradan çıxarılıb, öldürülənlər var. Qətlə yetirilən baş nazirin keçmiş müavini Boris Nemtsovu qeyd edə bilərik. Bundan sonra etiraz aksiyalarının keçiriləcəyini söyləmək çox çətindir. Ölkədəki Kommunist Partiyası artıq iqtidaryönlü quruma çevrilib. Bəzi tədbirlər keçirir, amma bu da hakimiyyətlə razılaşdırılmış şəkildə olur. Rusiyada cəmiyyəti dirçəldə biləcək proseslərin olacağına inam azdır".
 
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, müsbət və mənfi istiqamətdə Rusiyadakı seçkilər ciddi dəyişikliklərə səbəb olmayacaq: “Rusiyada  söz sahibi Putindir. Onun da Azərbaycana münasibəti bəllidir, normal münasibət mövcuddur. Bu seçkilərdən sonra da bu münasibətlər normal şəkildə inkişaf edəcək”. F.Ağamalı azərbaycanlı namizədlərin seçkilərdə olmaması ilə bağlı da fikirlərini dedi: “Bu, xoşagələn vəziyyət deyil. İstər siyasətçilər, istərsə də mətbuat səviyyəsində Rusiyanın ictimai-siyasi həyatında azərbaycanlıların aktiv iştirakı daim önə çəkilib. Təəssüfedici haldır ki, indi Rusiyanın maliyyə və iqtisadi həyatında ciddi rol oynayan insanlarımız onun siyasi həyatına lazımi səviyyədə qovuşa bilmirlər. Barmaqla sayıla biləcək soydaşımız var ki, onlar da aşağı ranqlarda təmsil olunurlar. Bunun səbəbini doğrusu, bilmirəm. Uzun illərdir Rusiyaya gedib-gələn şəxsəm. Gördüyüm odur ki, siyasi proseslərə soydaşlarımız cəlb olunmurlar. Siyasi proseslərə cəlb olunsalar belə, maraqlarını və ambisiyalarını lazımi səviyyədə ortaya qoya bilmirlər. Daha çox hakimiyyətə yaxın iqtidaryönlü şəxslərə öz dəstəklərini verirlər, maliyyə yardımlarını göstərirlər. Nə üçün Dövlət Dumasına keçirilən seçkilərdə, eləcə də daha aktiv siyasi proseslərdə iştirak etmirlər? Bunlar təəssüf doğurmaya bilməz. Bu sualların cavabı indiyə qədər mənə bəlli deyil”.
 
Zaman-zaman Azərbaycanda da proporsional seçki sisteminin tətbiqinin vacibliyini önə çəkən deputat yaxın gələcəkdə ölkəmizdə bu sistemin olacağını düşünmür: “Ümumiyyətlə, qarışıq sistemin faydası var. Dəfələrlə bunun üzərində dayanmışam. Majoritar və proporsional sistemin hər birinin özünəməxsus üstünlükləri var. Proporsional sistem siyasi proseslərdə partiyaların rolunu daha da artırır, onu stimullaşdırır və cəmiyyəti daha çox siyasiləşdirir. Hər kəs ümid edir ki, istənilən siyasi partiyada fəaliyyətini qurarsa, potensialını reallaşdırarsa, seçkilərə partiya siyahısı ilə qoşulub qələbə qazana bilər. Nəticədə partiyalara insanların geniş şəkildə qoşulmaları təmin oluna bilər. Bu da siyasi qurumların bütövlükdə inkişafına yola açar. Majoritar seçki sistemi isə təkmandatlı sistemdir. Bu sistemlə deputat seçilən şəxslərin qarşısında geniş imkanlar açılır. Bu baxımdan hər iki sistemin özünəməxsus üstün tərəfləri var. Rusiyada artıq bu seçki sistemi tətbiq olundu. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə də bu qarışıq sistem tətbiq olunacaq. Faktiki olaraq, indi bu mümkün deyil. Çünki konstitusiyaya ediləcək dəyişikliklərdə bunlar nəzərə alınmadı”.
Cia.az