Son aylarda Ukraynada yaşayan azərbaycanlı iş adamları qətlə yetirilib, oğurlanıb, ölkənin müxtəlif şəhərlərində həmyerlilərimizə məxsus böyük restoranlar yandırılıb, 6 bahalı avtomobil qaçırılıb.
Bütün bu kimi cinayətlərin isə üstü açılmamış qalır. Məsələ ilə bağlı azərbaycanlılar Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər, ancaq də bunun da heç bir əsaslı faydası olmayıb.
Baş verənlərə Azərbaycanın müvafiq orqanları da biganə qalmayıblar. Belə ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə bildirilir ki, azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənilir. O cümlədən ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov bildirib ki, son zamanlar Ukraynada azərbaycanlı iş adamlarına qarşı münasibətdə çox təhlükəli bir tendensiyanın şahidiyik: “Məsələ ondadır ki, artıq bu kimi hadisələr dəfələrlə təkrarlanır. Bu da nəticə etibarı ilə orada azərbaycanlı iş adamlarının fəaliyyətinin faktiki olaraq məhdudlaşdırılması, onların təhlükəsizliyi ilə bağlı məsələlərin son dərəcə aktuallaşmasına gətirib çıxarıb. Bu qorxulu tendensiya ilə bağlı məlumatlar hər birimizi çox ciddi narahat etməyə başlayıb. Xüsusilə də bu məsələ ilə bağlı Ukraynadakı Azərbaycan diasporu artıq öz səsini ucaldıb, ölkənin baş prokurorluğuna müraciət edilib. Hələ ki, Ukrayna hökumətinin hansı addımları atacağı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin hər halda bu hadisənin çox ciddi məsələ olduğunun hər kəs fərqindədir. Ukrayna ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır. Xüsusilə də Ukrayna prezidenti cənab Poroşenkonun Bakıya səfərindən sonra ikitərəfli əlaqələrin çox geniş spektoruna dair müzakirələr oldu. Hesab edirəm ki, baş verən məlum hadisələr ikitərəfli münasibətlərdə də gərginliklər yarada bilər. Müəyyən dairələr, xüsusilə də ermənipərəst qüvvələr bundan maraqlıdır. Onlar ciddi cəhdlə çalışırlar ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətləri korlansın”.
Deputat bildirib ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü müdafiə edib: “Son hadisələr zamanı da Azərbaycan ən yüksək səviyyədə Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi. Baxmayaraq ki, buna görə Azərbaycan təzyiqlərlə də üzləşdi. Bu baxımdan hesab edirəm ki, hadisə ilə bağlı Ukrayna hüquq mühafizə orqanları fəaliyyətlərini xeyli genişləndirməlidirlər. Təbii ki, bu məsələlər Azərbaycan ictimaiyyətini də narahat edir. Müvafiq qurumlarımız hadisələri diqqətlə izləyirlər və uyğun addımları atacaqları istisna deyil. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da hər bir üzvü məsələ ilə bağlı öz mövqeyini bildirməli, son baş vermiş hadisələrdən narazılığını ifadə etməlidir. Baş verən hadisələr son qoyulmasını tələb etməlidir. İstisna deyil ki, bu məsələ ilə bağlı konkret olaraq əməli addımlar atılacaq”.
Deputat Fəzail Ağamalı da bildirib ki, baş verənlər hər birimizdə narahatlıq hissi doğurub: “Baxmayaraq ki, Ukrayna ilə Azərbaycan arasında çox normal, yüksək səviyyəli münasibətlər var, ancaq təəssüf ki, bu cür hadisələr də baş verir. Eyni zamanda xalqlarımız arasında da hər zaman dostluq münasibətləri olub. Ukrayna ilə bizim aramızda nə Sovet dövrü ərəfəsində, nə də sonrakı dövrdə hər hansı bir problem yaşanmayıb. İndi isə orada nələr baş verir, bu hadisələrin arxasında kim dayanırsa dəqiqləşdirmək lazımdır. Çalışmalıyıq ki, soydaşlarımızın orada incidilməsinə son qoyulsun”.
Deputat deyib ki, hadisələrin qarşısı zamanında alınmasa bu millətlər arasında ədavət və qarşıdurmaya yol aça bilər: “Eyni zamanda baş verən hadisələr Ukrayna dövlətinin özü üçün də başıaşağılıq gətirən məsələdir. Orada cinayətə məruz qalanların əksəriyyəti Ukrayna vətəndaşıdırlar. Əgər Ukrayna dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə edə bilmirsə, milli zəmində Dombaskdan sonra ikinci bir hadisənin yaranması onlar üçün xoş gələcək vəd etmir. Bu baxımdan Ukraynanın müvafiq orqanları tam gücləri ilə hadisələrin qarşısını almağa çalışmalıdırlar”.
