|
Moskva “Milyarderlər İttifaqı” projesinə bənzər təhdidləri işə salıb
Son günlər şimaldan Azərbaycana qarşı dolayı təhdidlərin şahidi olmaqdayıq. “Putin NATO-su”nun (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistana həvalə olunmasının, bu qurumun baş katibi postuna işğalçı ölkənin əliqanlı müdafiə naziri Seyran Ohanyanın gətirilməsi planının ardınca separatçı liderlərin Moskvada toplantısının keçirilməsinə “yaşıl işıq” yandırılıb.
 
Gerçəklik bundan ibarətdir ki, Bakı və Moskvanın arasını vurmaq istəyən qüvvələr nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Yaz-yay aylarında Ermənistanda Rusiya əleyhinə etirazların əsas şüarlarından biri Moskvanın Bakı ilə yaxın münasibətlərinə həsr olunmuşdu. Belə görünür ki, Ermənistan artıq Azərbaycanla Rusiyanın əlaqələrini pozmaq istiqamətində növbəti cəhdlər göstərirlər və məqsədlərinə nail olmaq üçün ciddi şəkildə çalışırlar. Çünki onlara yaxşı məlumdur ki, Bakı-Moskva əlaqələrinin yüksələn xətlə inkişafı şəraitində onlar həm dövlət kimi məhv ola, həm də Qarabağdan məhrum ola bilərlər.

Ancaq bu toplantıya Rusiya hakimiyyətinin sükutla yanaşması diqqət çəkir. Sözügedən oteldə Azərbaycana qarşı bir sıra addımlar reallaşdırılıb. Məsələn, “Milyarderlər İttifaqı” adlandırılan qurumun təşkilatçıları da vaxtaşırı bu ünvana yığışardılar. Kremlin razılığı olmasa, təbii ki, “Prezident” oteli qapılarını separatçıların üzünə taybatay açmaz. Yeri gəlmişkən, bu günlərdə yenidən separatçı qurumların Rusiya tərkibinə daxil edilməsi barədə çıxışlar eşidilməkdədir. Bunun ardınca separatçı qurumların liderlərinin Moskvaya üz tutması maraqlı haldır. Eyni zamanda Abxaziya separatçılarının separatçı “DQR”-də nümayəndəlik açması da eyni zəncirin həlqələrindən sayıla bilər. Bütün bunlar şübhəsiz ki, Bakını təslimçi sülhə vadar etmək üçündür.

Bu günlərdə ölkə prezidenti də konkret ünvan göstərməsə də, deyib ki, biz baş əymədiyimiz üçün ölkəmizə təzyiqlər var.
 
Image result for Elxan Şahinoğlu
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, sentyabrın sonlarında Moskvada dünyanın bütün separatçıları, o cümlədən Dağlıq Qarabağ separatçıları bir araya gələcəklər: “Tədbiri Rusiyanın Antiqlobal Hərəkatı təşkilatı düzənləsə, bunun arxasında Kremlin dayandığını söyləmək mümkündür. Əsas şübhə ondan ibarətdir ki, tədbir Moskvanın məşhur ”Prezident" otelində təşkil olunacaq. Bu, elə yerdir ki, Kremlin qeyri-rəsmi razılığı olmadan tədbir təşkil etmək çətindir. Vaxtilə Rusiya bolşevikləri “bütün dünyanın proletarları birləşin” hayqırırdılar. Bu estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “bütün dünyanın separatçıları birləşin” deyir. Demək, bolşeviklər indikilərdən daha ağıllı idi, çünki onların şüarı - kapitalistlərin xoşuna gəlməsə də - birləşdirici idi. İndikilər isə separatçıları Moskvaya toplamaqla Böyük Britaniyanın (Şimali İrlandiya və Şotlandiya), İspaniyanın (Kataloniya), Gürcüstanın (Abxaziya və Cənubi Osetiya) və Azərbaycanın (Dağlıq Qarabağ) ərazi bütövlüyünə meydan sulamaqla ayırıcı siyasətə üstünlük verir. Tutaq ki, Rusiyanın Gürcüstanla münasibətləri gərgindir və bu səbəbdən Abxaziya və Cənubi Osetiya separatçılarına açıq dəstək verir, bəs Böyük Britaniya, İspaniya və Azərbaycanın nə günahı var ki, bu ölkələri də bölmək istəyənlərə ev sahibliyi edir? Sözdə Rusiya rəsmiləri Azərbaycanı strateji tərəfdaş adlandırırlar, əməldə isə Qarabağ separatçılarını Moskvaya dəvət edirlər, özü də açıq şəkildə". Politoloq qeyd etdi ki, bu, Rusiyanın vasitəçiliyinə şübhə oyadır. Siyasi şərhçi vəziyyətə adekvat reaksiyanı zəruri sayır: “Ən azı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz notası hazırlamalıdır. Moskvada separatçıların toplantısı Rusiyanın ənənəvi ”parçala və hökm sür" siyasətinin tərkib hissəsidir, yeni heç nə icad etməyiblər..."
 
E.Şahinoğlu Azərbaycanı təhdid etməkdə şimal qonşumuzun tək olmadığını da vurğuladı: “Tehran da Moskva ilə bənzər siyasət yeridir. Birincisi, Tehranda ”erməni olimpiadasının" keçirilməsi qəribədir. Bir millətin də başqa ölkədə olimpiadası keçirilərmi? Əlbəttə, belə bir olimpiadaya icazə verilməsi Tehranın qərarıdır, buna qarışmırıq. Ancaq əgər həmin “olimpiadada” Dağlıq Qarabağ separatçılarının təmsilçiləri də “bayraqları” ilə iştirak edirlərsə, bu artıq İranın yox, bizim məsələyə çevrilir. İran da Rusiya kimi sözdə Azərbaycan strateji tərəfdaşlıqdan danışır, əməldə erməni separatçılarına reklam imkanı yaradır. Biz bu cür hadisələrə ciddi reaksiya vermədikcə, belə halların sayı arta bilər"...
 
Image result for Milyarderlər ittifaqı

Politoloq Arzu Nağıyev bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təşkilatın katibliyini idarə edən və Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə təyin edilən vəzifəli şəxsdir və təmsil olunan dövlətlərdən birinin vətəndaşı olmalıdır: “Təyinat rotasiya, yəni bütün dövlətlərin vaxtaşırı dəyişən nümayəndələri bu vəzifəni tuta, üç il bu vəzifəni daşıya bilir. Bundan əvvəl həmin vəzifəni Nikolay Bordyuja icra edib və bir dəfə bir il vaxtı uzadılıb. İndi də əlifba sırası ilə növbə Ermənistanındır. Təbii ki, namizədliyi irəli sürülən şəxsin təsdiqlənməsi bütün üzvlər tərəfindən razılaşdırılır. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bu vəzifəyə gətirilməsi də əsasən rotasiya qaydasındadır və təbii ki, ilk növbədə Rusiya ilə razılaşdırılıb”. 
 
Image result for Arzu Nağıyev

A.Nağıyev xatırlatdı ki, Rusiyanın ən çox hərbi kontingent saxladığı yer məhz Ermənistandır, NATO ilə sərhəd buradan keçir və geosiyasi baxımdan da hərbçi və təbii ki, Ermənistan nümayəndəsinin bu vəzifəyə gətirilməsi Rusiyanı qane edir: “Məlumdur ki, əvvəllər də katibliyin müavinlərindən biri erməni olub-Ara Badalyan -  hazırda da bu vəzifəni tutur. Təbii ki, Ohanyan bu vəzifəyə təyin edilərsə, bu, heç də Azərbaycan üçün xoşagələn hal deyil. Lakin KTMT-nin rəhbərliyi dəfələrlə bəyan edib ki, bu təşkilat Dağlıq Qarabağda hərbi münaqişəyə cəlb edilməyəcək. Bunun əsas səbəbi isə təbii ki, təmsil olunan dövlətlər arasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qazaxıstan, Belarus və Qırğızıstanın olmasıdır. Maraqlı məsələ odur ki. Ohanyan bu vəzifəyə təyin edilsə, Ermənistanın müdafiə naziri polisin rəisi Vladimir Qasparyan ola bilər, bu şəxs vaxtilə Ermənistanın hərbi polisinin rəhbəri kimi Dağlıq Qarabağda dinc əhaliyə qarşı işğalçılıq siyasəti yeridən, sonradan müdafiə nazirinin müavini olan bir şəxsdir”. 
 
Politoloqun fikrincə, ümumiyyətlə, bu proseslər Ermənistanda hakimiyyətdə ciddi dəyişikliklərə gətirib çıxaracaq, Sərkisyan öz hakimiyyətini saxlamaq üçün bu proseslərdən yararlanmağa çalışır: “Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT məcburiyyət qarşısında öz nizamnaməsini pozmayacaq, çünki bu xarici aqressiya və ya xarici dövlətlə müharibə deyil, Azərbaycan dünya ictimaiyyəti, BMT tərəfindən qəbul edilən qətnamələrə uyğun olaraq öz ərazilərində antiterror əməliyyatları apara bilər. Əks təqdirdə Qazaxıstan, Belarus və Qırğızıstanın təşkilatı tərk etmək məsələsi ortaya çıxa bilər, belə olanda isə yenə də Rusiya və Ermənistandan ibarət hərbi kontingent qalır. Yəni bu qurum Azərbaycan üçün birbaşa təhlükə yaratmasa da, dolayı yollarla Ermənistanı daima dəstəkləyir və dəstəkləyəcək. Səbəb isə Ermənistanın Rusiyanın vassalı olmasıdır, son təyinatlar da bunu deməyə bir daha əsas verir”.
 
Bu məsələlərlə bağlı XİN-in mövqeyini öyrənmək cəhdimiz isə nəticə vermədi. Yeri gəlmişkən, “Milyarderlər İttifaqı” da elə payız aylarında elan olunmuşdu...

musavat