ABŞ Konqresində Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə keçirilib. Bu barədə amerikaninsesi.org-un yaydığı məlumatda detallardan bəhs olunub.
Məlumata görə, Bakıdan müzakirəyə skype vasitəsilə qatılan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycanda insan haqlarının durumuna görə ölkəsinin daha ciddi addımlar atmalı olduğunu deyib.
Xədicə İsmayıl dinləmələrdə beynəlxalq təşkilatların Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduqlarını deyib.
Müzakirəyə qatılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də Azərbaycanda qarşıdan gələn referendumda təbliğat imkanlarının məhdudlaşdırılması və medianın vəziyyətinə diqqət çəkib.
Tom Lantos İnsan Haqlaqrı Komissiyasındakı dinləmə Azərbaycanda keçirilməsi gözlənilən Konstitusiya Aktına əlavə və dəyişikliklə bağlı referendum ərəfəsinə təsadüf edir. Bu mənada dinləmələr Azərbaycana təzyiq kimi qiymətləndirilir...

Rəsmi Vaşinqtonun isə referendum məsələsinə münasibəti fərqlidir, eyni zamanda görünən budur ki, ABŞ hökuməti dinləmələrdə səslənən tənqidi fikirləri bölüşmür. Bunu ABŞ-ın Bakıdakı səfirinin mövqeyi də təsdiqləyir. “Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu ölkənin ən vacib sənədidir”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: “Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır”.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə “Yeni Müsavat”a açıqlamasında öncə dinləmələrin referendum ərəfəsinə təsadüf etməsinə münasibət bildirdi: “Referendumla bağlı qərarı Azərbaycan xalqı verir. Azərbaycan Konstitusiyasında göstərilir ki, referendum çağırılması kim tərəfindən həyata keçirilir. Bu məsələ cənab prezidentin, parlamentin səlahiyyətinə aiddir. Özü də buna qədər Konstitusiya Məhkəməsinə müraciət olunur və Məhkəmə baxır, qərar qəbul edir ki, bu məsələlər referenduma çıxarıla bilər. Yalnız bundan sonra məsələlər referenduma çıxarılır. Qalan məsələləri xalq həll edir. Xalq gəlir, ya ”hə", ya “yox” deyir. Burada da referenduma çıxarılan məsələlərin böyük əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlı olan məsələlərdir". ABŞ Konqresindəki dinləmələrdə elə Azərbaycandakı insan hüquq və azadlıqlarının pozulmasından bəhs olunmasına gəldikdə, S.Novruzov bildirdi ki, bu barədə iddialar əsassızdır: “Bu, onların əbədi mövzularıdır. Bir qrup adam var ki, mütəmadi şəkildə bu iddialarla çıxış edir. Elə onlardan biri Azərbaycanda vaxtilə səfir olmuş, burada neft biznesi ilə məşğul olmaq istəyən Kozlariçdir. Onun Azərbaycanda niyyəti baş tutmayıb, indi hansısa institutda müəllimdir. Niyyəti baş tutmadığı üçün gecə-gündüz 3-4 adam yığır və dinləmələr keçirir. ABŞ-Azərbaycan münasibətləri çox yaxşıdır və bu ölkələr strateji tərəfdaşdır. Ola bilər ki, hansısa konqresmen elə Konqresin özündə on adam yığıb dinləmələr keçirsin. Bizdə də 30 deputat yığışıb Amerika ilə bağlı dinləmə keçirə bilər. Bizim verdiyimiz qərar Amerikaya necə təsir edəcəksə, onların da verdiyi qərar bizə o qaydada təsir edəcək”.

YAP-çı deputat bu dinləmələrin keçirilməsində ayrı - ayrı qüvvələrin də maraqlı olduğuna diqqət çəkdi:“Xüsusilə də erməni lobbisi və Azərbaycandakı bir sıra QHT-lər, o cümlədən AXCP və Milli Şura adında dərnək çox həvəslidir. Bunlar onlara material ötürür. Görürsünüz, eyni vaxtda eyni addımlar atılır. Onlar Amerikada dinləmələr keçirir, bunlar da Bakıda mitinq keçirirlər, ordan gələn pulla mitinqə adamlar toplayırlar, həmin pulların böyük hissəsini mənimsəyirlər. Yəni bunlar eyni mərkəzdən idarə olunan qüvvələrdir”.
S.Novruzov ölkə prezidentinin Azərbaycana təzyiqlərlə bağlı dediklərini də təsdiqlədi: “Biz bundan əvvəl də demişdik ki, Azərbaycanın müstəqil siyasəti ilə əlaqədar bizə təzyiqlər davam edir. Tutaq ki, üç böyük dövlətin başçısı Azərbaycanda toplaşdı, heç kimin razılığını soruşmadan müqavilələr imzaladı. Türkiyə, Rusiya, İranın rəhbərliyi mütəmadi olaraq buraya gəlir və heç bir başqa dövlətin razılığı olmadan zəruri qərarlar qəbul edilir. Ona görə də ölkələrimizə qarşı müxtəlif təzyiq metodu seçirlər. Türkiyədə ayrı-ayrı qüvvələrin vasitəsilə terror aktları törədirlər. Azərbaycanda Əli Kərimli və onun ətrafındakıları ortaya çıxarırlar ki, ölkəmizdə ictimai-siyasi sabitlik pozulsun, hər hansı qarşıdurma yaransın. Məlumat var ki, 17 sentyabr mitinqində də özləri qəsdən qarşıdurma yaradacaqlar və baş verənləri iqtidarın üstünə atsınlar. Vətəndaşlarımız bilsin ki, bunlar belə hadisələri də planlaşdırıblar və bu hadisələrdən çəkinmirlər. Çünki bunlara tapşırıq bu cür gəlib. Belə yollarla Azərbaycana təsir etmək istəyirlər. Lakin Azərbaycanın öz yolu var. Cənab prezident çıxışında qeyd etdiyi kimi, heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməz, biz bu yolumuzla da gedəcəyik. Yəni Azərbaycan müstəqil dövlət olaraq öz daxili və xarici siyasətini həyata keçirəcək”.
***
Amerikadakı dinləmələr REAL idarə heyətinin üzvü Erkin Qədirli ilə AXCP rəhbərliyini də üz-üzə qoyub. AzVision.az saytının məlumatına görə, ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələrdə əvvəlcə Erkin Qədirlinin çıxış etməsi gözlənilirdi. Amma sonra məlum oldu ki, onu dinləmələrdən kənarlaşdırıblar. “Səbəb o idi ki, ölkə daxilində bir qrup Erkin Qədirliyə qarşı ”donosbazlığa" başlamış və onlara xaricdən də dəstək verilmişdi. Azərbaycana qarşı çıxışları ilə seçilən bloqqer Ani Vandaryan bununla bağlı yazdığı tvitdə qeyd edir: “Niyə bu panelə Azərbaycandan seksist, homofob, ikrah doğuran Erkin Qədirli daxil edilib - bu, sirrdir”. Amma bütün kartlar tam şəkildə dinləmələr keçirilən gün açıldı; məlum oldu ki, Erkin Qədirlini dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli əvəz edib.
Bundan sonra hər şey aydın oldu ki, Erkin Qədirlinin dinləmələrdən kənarlaşdırılıb, yerinə Türkel Kərimlinin salınmasını Əli Kərimli təşkil edib və ilanı da Seyid Əhmədin əlilə tutub. Seyid Əhməd rolunu isə bu dəfə Xədicə İsmayıl və onun şəbəkəsi oynayır. Bu yerdəcə qeyd edək ki, elə Ani Vandaryan da Tvitterdə Əli Kərimli - Xədicə İsmayıl şəbəkəsinə tez-tez dəstək olur, onların fikirlərini paylaşır".
E.Qədirlinin sosial şəbəkədəki qəzəbli statusu da diqqət çəkir: “Ölkəsindən küsmüş, millətindən dönmüş, cinsindən narazı adamların əlində qalmışıq. İnternet dönəmində bu qədər yalanı nə üzlə yazırsınız? Məni boş verin, google-dan soruşun. Görün, mən nə zamansa ”siçan dərmanı" ifadəsini işlətmişəmmi? Soruşun google-dan, görün kimlərin və hansı yazıları çıxacaq qarşınıza. Hər şeyin də həddi olmalıdır axı. Bu nə düşüklükdür belə?!"
E.Qədirli bildirib ki, baş verənlərin səbəbləri barədə müəllif yazısı ilə çıxış edəcək.
Emil Bağırov
