Referendum öncəsi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ölkə müxalifətinin mitinq keçirmək üçün müraciətlərinə müsbət cavab verməsi hakimiyyət daxilində müəyyən narazılıqlara səbəb olub. Xüsusilə də Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə daxil olan şəxslər mətbuata açıqlamalarında BŞİH-i qərara görə qınayırlar.
Hakim partiya yetkililərinin əsas arqumentləri Milli Şuranın 11 sentyabrda keçirdiyi və 17 sentyabrda keçirəcəyi, eləcə də Müsavat Partiyasının ayın 18-nə təyin etdiyi mitinqin qanunsuz olması iddiası ilə bağlıdır. Onların fikrincə, referendumda heç bir təşviqat qrupu olmayan müxalifətin referendumla əlaqədar aksiya keçirməsi qanunsuzdur.
“Milli Şuranın mitinqi qeyri-qanunidir. Onlar Seçki Məcəlləsinin əleyhinə mitinq keçiriblər. Çünki Milli Şura referendumla bağlı təşviqat qrupu kimi MSK-da qeydiyyatdan keçməyib”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın keçirdiyi 11 sentyabr mitinqinə münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də “Report”a açıqlamasında BŞİH-i qınayıb:“Azərbaycanda sentyabrın 26-na təyin edilən referendumla bağlı yalnız MSK-da qeydiyyatdan keçən təşviqat qrupları təbliğat və ya əks-təbliğat apara bilər. Milli Şuranın mitinqinə BŞİH-in razılıq verməsi başadüşülən deyil. Bütün hallarda onların mitinqinə az sayda adam qatılır. Ölkədə beş milyon seçici var, onların bir neçə yüz nəfərinin referenduma ”yox" deməsi nəyisə dəyişmir".
Göründüyü kimi, hakimiyyət rəsmiləri birmənalı şəkildə aksiyaların qanunsuz olması ilə bağlı fikirlər səsləndirirlər. Belə fikirlər isə yuxarıda qeyd etdiyimiz iki hakim partiya deputatının mövqeləri ilə məhdudlaşmır. Digər rəsmilər də müxalifətin mitinqlərinin qanunsuz olmasına işarə vururlar. Bütün bunlara baxmayaraq, BŞİH-in 11 sentyabr mitinqinin ardından Milli Şuranın ayın 17-dəki aksiyasına və Müsavatın sentyabr 18-dəki mitinqinə icazə verməsi suallar yaratmaya bilməz. İqtidar daxilindəki təzadlı situasiyanı analiz etsək, müxalifətin mitinqlərinə icazə məsələsində hakimiyyət daxilində ikitirəliyin yarandığını görərik. Sanki hakimiyyətdaxili bir qrup aksiyalara icazə verilməsinin qəti əleyhinədir, digər qrup isə məsələyə fərqli yanaşır. Mitinqlərin əleyhinə olan qrup aksiyaların miqyasının artacağından ehtiyalanır, digər qrup isə referendum öncəsi Avropadan gələ biləcək təzyiqlərin ola biləcəyini nəzərə alır.
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı “Yeni Müsavat”a açıqlamasında həmkarlarının bəzi fikirləri ilə razılaşdığını bildirdi: “Referendumla bağlı heç bir təşəbbüs qrupu yaratmayan, qeydiyyatdan keçə bilməyən, xoş niyyətləri olmayan Milli Şura və digər müxalif qurumların mitinq keçirməsi düzgün deyil. Burada həqiqətən də ciddi ziddiyyətlər var. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan hüquqi, demokratik və konstitusiyada sərbəst toplaşmaq hüquqi olan dövlətdir. Bizim dövlətimiz və möhtərəm prezidentimiz daim demokratik prinsiplərə sadiqdir. Hüquqin aliliyi, sosial dövlət və digər demokratik prinsipləri cənab prezident daim uca tutub. Vətəndaşlar da daim bunu bilib məmnun qalırlar. Hamı bilir ki, Milli Şura və digər müxalif qurumların sosial bazaları yoxdur. Aidiyyəti qurumlar onların müraciətinə cavab verdi və 11 sentyabrda keçirdikləri tədbir göz önündədir. 9 milyon olan və bunun yarısı seçici olan xalqın bir neçə min vətəndaşının onların mitinqinə gəlməsi sadəcə gülüncdür. Bizim bir rayon təşkilatının elə mitinqində 10 mindən çox insan iştirak edir.
İndi onlar müraciət ediblərsə, ixtiyarımız yoxdur ki, dövlətimizə ”icazə verilməsin" deyək. Buna cavabdeh orqanlar var. O orqanlar da dövlətimizin siyasətini həyata keçirirlər. Ona görə də müraciətə tam obyektiv baxırlar. Milli Şura və digər müxalif qurumlar daim ölkəmizdə demokratiyanın olmamasını, insan haqlarının pozulmasını, Azərbaycanda problemlərin olduğunu söyləyərək, beynəlxalq aləmdə dövlətimizin imicini korlamaqla məşğuldurlar. Bəzi hallarda da beynəlxalq təşkilatlar bunun üzərində hesabatlar hazırlayaraq, ölkəmizə təzyiq etməyə cəhdlər göstərirlər.
Əsas arqumentləri müxalifətdən götürürlər. Bütün bunlara baxmayaraq, mitinqə icazə verən aidiyyəti qurum göstərib ki, Azərbaycanda demokratiya necə qorunur, insanlara necə dəyər verilir, onların hüquqlarına necə hörmətlə yanaşılır. Buna görə cavabdeh qurumların belə qərarlarına mane ola bilmərik. Sadəcə, hər kəs bilməlidir ki, keçirilən son mitinq Azərbaycan dövlətinin demokratik prinsiplərə necə sadiq qaldığını göstərdi. Bu prinsiplərin daim ölkəmizdə bərqərar olması üçün hər cür şərait var".
Barəsindəki qınaq dolu fikirlərlə bağlı rəsmi qurumun mövqeyini də aldıq. BŞİH-in mətbuat xidmətinin rəhbəri Zaur Ramazanov bunları dedi: “Mitinq üçün müraciətlərə baxıldı və müvafiq cavablar hazırlandı. Özlərinə də bu barədə məlumat verildi. Mitinqə icazə verməməklə bağlı fikir səsləndirənlərə gəlincə, onların dediklərini şərh etmək niyyətim yoxdur. O fikirlərlə tanış da deyiləm”.
musavat
