Milli Şuranın 11 sentyabr mitinqi həmçinin xalqın müxalifətin icazəli aksiyalarına belə gəlməməsi, ona inamsızlığı məsələsini də gündəmə gətirib. Son illərdə hakimiyyət demokratik düşərgənin əksər mitinq müraciətini müsbət cavablandırıb, amma bununla belə, həmin aksiyalara ən yaxşı halda 10 minə yaxın etirazçı qatılıb. Əksər aksiyalarda isə 2-3 min civarında insan iştirak edib.
Xalq hakimiyyətdən narazı qaldığı ən kəskin dövrlərdə belə müxalifətə üz tutmur. Nümunə olaraq birinci devalvasiya dövrünü göstərə bilərik. Həmin vaxt müxalifət aksiya təşkil etdi və fiaskoya uğradı. Müxalif camiə tarixinin ən acınacaqlı mitinqini keçirdi. Görünən odur ki, xalq ümidini demokratik düşərgədən də kəsib. İcazəsiz aksiyalara azsaylı iştirakçının qatılması müəyyən mənada başa düşüləndir. Amma şəhərin mərkəzində təşkil olunan icazəli aksiyalara marağın bu qədər az olmasının səbəbləri nədir?
Ekspertlər hesab edirlər ki, xalqın uzun illərdir nəticə qazanmayan partiyalara və onların liderlərinə artıq inamı qalmayıb. Əsas da xalqın dəyişikliyə olan inamına müxalifət liderlərinin uğursuzluğu və bir-biri ilə narazılıqlarının ciddi zərbə vurduğu qeyd olunur. Bu yöndə bir fikir də ondan ibarətdir ki, hakimiyyətin cəmiyyət daxilində demokratik düşərgəyə nisbətən nüfuzu daha böyükdür...

Ümid Partiyasının sədri İqbal Ağazadə xalqın müxalifətin mitinqlərinə qatılmamasının səbəblərini bu cür izah edir: “Nəticəsizliklər, hakimiyyətin ictimai-siyasi fəallara basqısı insanlarda qorxu yaradıb. Müxalifətin özündə də bəzi qüsurlar olub. Ona görə də mitinqlərin keçirilməsi gözlədiyimiz və kütləviliyi təmin edən bilən aktiv fazaya keçmir”.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, əslində xalq arasında hakimiyyət əleyhinə olanların sayı getdikcə artır: “Amma bununla belə, müxalifətin mitinqlərinə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var. Burada öncəliklə siyasi proseslərə olan inamsızlıq əsas rol oynayır. Hakimiyyətdən narazı olan vətəndaş mitinqə çıxmaqla, səsverməyə getməklə nəyisə dəyişəcəyinə ümid etmir. Hakimiyyət vətəndaşa gücsüzlüyünü aşılayıb. Buna görə etiraz aksiyalarında fərqli elektorat olmur və sayda da artım müşahidə olunmur. Digər səbəb də uzun illərdir narazı elektoratı təmsil edən liderlərin dəyişməməsidir. Eyni adlar, soyadlar, şüarlar, təşkilatlar müxtəlif problemlər ətrafında insanları küçələrə çağırırlar. 23 illik uğursuzluğu bunların üzərində gəldikdə məlum olur ki, xalq artıq ənənəvi müxalifətə inanmır. Müxalifətin stabil 15-20 min civarında elektoratı var. Artım və azalma müxalifətin içərisində olur. Artıq üzlər, təşkilatlar, adlar, soyadlar dəyişməlidir. İnsanlar yenilik istəyirlər. Xalqın irəli sürdüyü yeni tələbləri bugünkü müxalifət cavablandırmır. Mitinqdə iştirak edən etirazçıların sayının artmaması hakimiyyətə olan rəğbətlə bağlı deyil. Çünki iqtidarın xalq arasında dayaqları zəifdir”.

Vaxtilə müxalifətin aparıcı funksionerlərindən sayılan politoloq Qabil Hüseynli bildirdi ki, insanlar artıq siyasətdən uzaqlaşıblar: “Bəzi insanlar siyasətdən gediblər, bəziləri iyrəniblər, bəziləri siyasətin heç bir şey vermədiyi qənaətindədir. Burada qorxu və xofu da qeyd etmək mütləqdir. Vətəndaşlar düşünürlər ki, istər icazəli, istərsə də icazəsiz mitinq olsun, şəkillərini çəkərlər və sonradan onlara, yaxınlarına təzyiq edərlər, işdən çıxararlar. Cəmiyyətdə müəyyən qədər mitinq abı-havası var, əvvəlki kimi olmasa da. Müxalifətin pərakəndəliyi, liderlərin ambisiyaları, xalqın içərilərinə gedə bilməmələri, cəlbedici şüarların olmaması insanları aksiyalara sövq etmir. Siyasi mühitin özü də mitinqlər üçün əlverişli deyil. Etirazçı qüvvələr keçirilən mitinqlərin onları hara aparacağını təsəvvür edə bilmirlər. Çox adam deyir ki, mitinqdir, ondan mənə nə. Bu düşüncədə olanların sayı çoxdur. Bu da siyasi mədəniyyət probleminə gətirib çıxarır. Təəssüflər olsun ki, siyasi mədəniyyət cəmiyyətin bütün kateqoriyalarında eyni səviyyədə deyil. Mitinq hər bir demokratik cəmiyyətin simasıdır. Mitinq həm də kütləvi tədbirlər deməkdir. Müxalifət bunu hazırlayıb, ortaya çıxara bilmirsə, burada cəmiyyətlə bərabər müxalifətin də üzərinə böyük məsuliyyət düşür”.
musavat
