|
ABŞ-la silahlanma yarışına girən Rusiyanı SSRİ-nin taleyi gözləyir-ilginc şərh
Şahin Cəfərli: “İqtisadi tənəzzül və durğunluğa baxmayaraq, Rusiya silahlanmaya, hərbi texnologiyalara hər il daha çox vəsait ayırmaqdadır”
 
Elçin Mirzəbəyli: “Rusiyanın keçmiş SSRİ-nin taleyini yaşayacağını düşünmürəm”
 
“Rusiya SSRİ-nin səhvlərini təkrarlayır. İqtisadi tənəzzül və durğunluq şəraitində silahlanmaya, hərbi texnologiyalara hər il daha çox vəsait ayırır. Rusiya rəhbərliyi inkar etsə də, əslində vəziyyət bundan ibarətdir ki, “soyuq müharibə” dövründə olduğu kimi, Amerika ilə yeni bir silahlanma yarışına giriblər”. 
 
Bunu politoloq Şahin Cəfərli sosial şəbəkədəki şəxsi profilində yazıb. 
 
Ekspert “Yeni Müsavat”a açıqlamasında bu barədə daha təfsilatlı danışaraq bildirdi ki, hazırkı beynəlxalq şərait və Qərb-Rusiya münasibətlərində yaranmış durumla SSRİ-nin dağılması ərəfəsində baş verən proseslər arasında paralellik aparanda bənzər nöqtələrin heç də az olmadığını görürük: “1985-ci ildən başlayaraq dünya bazarında neft-qaz başda olmaqla, xammalın qiymətləri xeyli ucuzlaşmış, nəticədə büdcəsi əsasən neft-qaz gəlirlərindən formalaşan SSRİ ciddi iqtisadi çətinliklə üzləşmişdi. ABŞ-la silahlanma yarışına girən sovet rəhbərliyi hərbi sənayeyə nəhəng maliyyə resursları yönəltməyə məcbur olmuş, bu isə iqtisadi böhranı daha da dərinləşdirən əlavə faktor olmuşdu. Sosialist düşərgəyə aid bir çox dövləti faktiki olaraq SSRİ maliyyələşdirirdi. Əfqanıstandakı müharibəyə xeyli maddi vəsait sərf olunurdu. Nəticədə elə bir vəziyyət yarandı ki, SSRİ iqtisadiyyatı bu yükü daşıya bilməyərək çökdü. İqtisadi çöküş öz növbəsində siyasi iflasa səbəb oldu və qüdrətli sovet dövləti bir anda tarixə qovuşdu”. 
 
Картинки по запросу Şahin cəfərli
 
Ekspert qeyd etdi ki, hazırda SSRİ-nin varisi Rusiya ətrafında buna bənzər proseslər müşahidə olunur: “Bu proseslərin öncəsində neftin və ona bağlı olaraq təbii qazın qiymətlərinin astronomik səviyyələrə yüksəlməsi nəticəsində Rusiyanın gəlirləri xeyli artmış və bundan ruhlanan Putin yenidən imperialist siyasətə qayıtmışdı. 2008-ci ildə Cənubi Osetiya müharibəsi ərəfəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi yarım trilyon dollardan çox idi. Qərb o zaman Gürcüstana qarşı provokasiyanı cavabsız qoydu və Rusiya ilə yaxın əməkdaşlığa davam etdi. Lakin 2014-cü ildə Krımın ilhaqına və Donbasda separatizm ocağının alovlandırılmasına Qərb tamam fərqli reaksiya verdi. Çünki bu, artıq 2-ci dünya müharibəsindən sonra formalaşmış dünya düzənini təftiş etməyə yönəlmiş addım və Qərbə meydan oxumaq idi. Nəticədə Qərb “soyuq müharibə” dövründə olduğu kimi, Moskvaya qarşı “dayandırma” (sderjivaniye) strategiyasını yenidən tətbiq etməyə başladı”. 
Ş.Cəfərli qeyd etdi ki, Rusiyaya tətbiq olunan sanksiyalar eyni dövrdə neftin qiymətinin ucuzlaşması ilə birlikdə Rusiya iqtisadiyyatına ciddi zərbə vurdu və vurmaqda davam edir: “Mən neftin qiymətlərinin ucuzlaşmasının iqtisadi səbəblərlə əlaqəli olduğunu düşünürəm, lakin burada siyasi niyyəti də tam istisna etmək olmaz. Ötən dövrdə ABŞ “şist inqilabı” nəticəsində neft-qaz hasilatını ciddi şəkildə artırıb. ABŞ-da ötən əsrin 70-ci illərindən qüvvədə olan neft ixracı qadağası ləğv olunub. ABŞ Avropa bazarına sıxılmış maye qaz (LNG) çıxarmağa başlayıb. Bütün bunlar bazarda təklifi artıran və qiymətləri aşağı salan amillərdir. Rusiyada yeni hazırlanan “2030-cu ilə qədər xammal-mineral bazanın inkişaf strategiyası” adlı sənəddə bildirilir ki, siyasi səbəblər və sıxılmış maye qazın Avropa bazarına daxil olması ilə əlaqədar Rusiya qazına olan tələbatın azalması on illər boyu davam edəcək. Sənəddə etiraf olunur ki, Avropada boru kəməri qazına olan tələbatın aşağı düşməsi lokal problem yox, uzunmüddətli tendensiyadır və sıxılmış qazın maya dəyərinin azalması boru kəmərləri sisteminin bazardakı inhisarına ciddi zərbə endirib. Üstəlik, yaxın 5 ildə ABŞ, Avstraliya və Qatarda yeni LNG terminalları istifadəyə veriləcək ki, bu müəssisələrin də əsas ixracı Avropaya olacaq, nəticədə Rusiya qazına tələbat daha da azalacaq. ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştaynın bu mövzuda önəmli bəyanatını xatırlatmaq yerinə düşər. 
 
O bildirib ki, Amerika sıxılmış qazı Avropa qaz bazarında inqilab yaradacaq və bazarda vəziyyəti radikal şəkildə dəyişdirəcək. “Merill Lynch”in proqnozuna əsasən təbii qazın qiyməti yaxın gələcəkdə kömürün qiyməti ilə eyniləşəcək ki, bunun Rusiya iqtisadiyyatına verəcəyi zərərləri təsəvvür etmək çətin deyil. Hazırkı mərhələdə şimal qonşumuz bunun mənfi təsirlərini ciddi şəkildə hiss etməyə başlayıb. 2014-cü ilə qədər təbii qazın min kubmetri 450 dollar civarında idi, bu ilin martına olan məlumata görə isə Almaniyaya satılan qazın qiyməti 147 dollar təşkil edib. İndi Rusiyanın məruz qaldığı zərəri təsəvvür edin. Enerji daşıyıcılarının qiymətinin yaxın illərdə kəskin yüksəlməsi ehtimalı çox zəifdir və ya yoxdur. Bu isə o deməkdir ki, Rusiya zəifləməyə davam edəcək. Neft və qaz artıq strateji əmtəədən adi əmtəəyə çevrilməkdədir. Onu da nəzərə alaq ki, aparıcı dövlətlər bərpa olunan enerjiyə yatırımlarını artırırlar, təkcə 2015-ci ildə bu sahəyə 313 milyard dollar sərmayə qoyulub. Bu amil orta və uzunmüddətli perspektivdə ənənəvi enerjiyə olan tələbatı azaldan əlavə faktor kimi ortaya çıxacaq. Bundan başqa, Rusiyanın əriyən maliyyə resursları və bu ölkəyə texnologiyanın ixracına qoyulmuş qadağa gələcəkdə çətin hasil olunan neft yataqlarının istismarını qeyri-mümkün hala gətirəcək. Bu isə tədricən ölkədə hasilatın azalmasına və buna müvafiq olaraq gəlirlərin daha da aşağı düşməsinə zəmin yaradacaq. Ölkədən maliyyə axını da davam edir. İqtisadi tənəzzül və durğunluğa baxmayaraq, Rusiya silahlanmaya, hərbi texnologiyalara hər il daha çox vəsait ayırmaqdadır. 
 
2015-ci ildə hərbi xərclər 48% artırılıb. Rusiya rəhbərliyi inkar etsə də, əslində vəziyyət bundan ibarətdir ki, “soyuq müharibə” dövründə olduğu kimi, Amerika ilə yeni bir silahlanma yarışına giriblər”. 
 
Politoloq bildirdi ki, ABŞ texnoloji-innovasion üstünlüyündən istifadə edərək nüvə arsenalı da daxil olmaqla, bütün silah sistemlərini sürətlə modernləşdirir: “Rusiya bu sahədə geri qalmamaq üçün bənzər addımlar atmaq məcburiyyətindədir, çünki malik olduğu əsas “sərt güc” elementi – güclü silahlı qüvvələr dünya məsələlərində rol oynamaq, neoimperial iddialarını ayaqda tutmaq üçün yeganə resursdur. Lakin bu, çox böyük maliyyə resursları tələb etdiyi üçün get-gedə Rusiyanın sosial-iqtisadi inkişafını ləngidən amillərdən birinə çevrilir. SSRİ dövründə olduğu kimi, hərbi xərclər artırılır, elm, təhsil, səhiyyə kimi önəmli sahələrin maliyyələşdirilməsi isə ixtisara məruz qalır. Lakin bütün bunlar Rusiya dövlətinin dağılması, parçalanması anlamına gəlmir. Qərbin belə bir məqsədi olduğunu düşünmürəm. Sadəcə olaraq, məqsəd Rusiyanı hazırkı aqressiv neoimperial siyasətindən vaz keçirməkdir. Rusiyanın öz siyasətinə korrektələr edərək hər an Qərblə yaxın əməkdaşlığı bərpa etmək şansı var”.
 
Politoloq Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında məsələyə fərqli prizmadan yanaşaraq qeyd etdi ki, Rusiyanın hərbi-sənaye kompleksi sadəcə ABŞ-la yarışmaq üçün nəzərdə tutulmayıb: “Şimal qonşumuz dünyanın super gücü ilə silahlanma yarışına girməklə yanaşı, həm də silah satışından böyük gəlir əldə edir. Təkcə 2015-ci ildə Rusiyanın hərbi texnika və silah-sursat satışından əldə etdiyi gəlir 15,2 milyard dollar təşkil edib. Bu rəqəmin yalnız Rusiyanın müvafiq şirkətləri tərəfindən birbaşa həyata keçirilən ixrac əməliyyatlarını əks etdirdiyini nəzərə alsaq, real rəqəmlər bundan dəfələrlə çoxdur. Bu baxımdan, Rusiyanın silahlanma nəticəsində çökəcəyini proqnozlaşdırmaq inandırıcı görünmür. 
 
Картинки по запросу Politoloq Elçin Mirzəbəyli
 
Rusiyanın keçmiş SSRİ-nin taleyini yaşayacağını da düşünmürəm. Belə yanaşmalar çox vaxt Rusiyaya olan nifrətdən doğur və emosional xarakter daşıyır”. E.Mirzəbəylinin fikrincə, SSRİ-nin süquta uğradığı dönəmdəki geosiyasi reallıqlarla bugünkü vəziyyət arasındakı durum da fərqlidir: “Geosiyasi reallıqlar, şərtlər dəyişib. Rusiyanı çökdürə biləcək səbəblər çoxdur, amma sırada silahlanmaya yer yoxdur. Rusiya çoxmillətli, federal dövlətdir. Artıq bu ölkədə xalqları bir arada saxlaya biləcək ideologiya da mövcud deyil. Vahid ideologiya olmadığı üçün də SSRİ-nin süqutundan sonra yetişən yeni nəsil vahid Rusiyaçılıq təfəkküründən çox uzaqdır. Artıq ayrı-ayrı federal subyektlərdə yaşayan xalqların öz milli identikliklərinə əsaslanan ictimai münasibətlər sistemi, düşüncə tərzi formalaşıb. Və bu fərqlilik nə zamansa, özünü qabarıq şəkildə büruzə verə bilər. 
 
Digər tərəfdən, Rusiya sosial dövlət olmaqdan çoxdan çıxıb. Avtoritar idarəçiliklə isə bazar münasibətlərini uzun müddət tənzimləmək olmur. İqtisadiyyatın təbii sərvətlərin ixracından asılılığı bu ölkənin maliyyə sistemini qlobal maliyyə sisteminin tərkib hissəsinə çevrilib. Dünya bazarında baş verən istənilən təbii, yaxud idarə olunan böhran Rusiyaya ciddi təsir göstərir. Rusiya ilə bağlı proqnozlar irəli sürəndə, zənnimcə, proseslərə daha kompleks yanaşmaq lazımdır. Rus xalqının psixologiyası, çətin şərtlər altında yaşaya bilmək potensialı, 200 illik “velikorus” şovinizminin təsiri və d. amillər nəzərə alınmalıdır. Şübhəsiz ki, nə zamansa Rusiya da, ABŞ da çökəcək. Lakin bu prosesin nə zaman baş verə biləcəyini mövcud geosiyasi reallıqlar müstəvisində dəyərləndirmək olduqca çətindir”.
musavat