Bakıda bacısını 21 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.
Musavat.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Seyid Cavadovun cinayət işinin ibtidai istintaqı Sabunçu Rayon Prokurorluğunda yekunlaşaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Orucovun icraatına verilib.
Xatırladaq ki, cinayət hadisəsi bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. S.Cavadov bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdən hadisə yerində keçinib. M.Cavadov isə yaralanıb.
İlkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyən S.Cavadov bacısının boşanmasına etiraz etdiyini söyləyib. Belə ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova ərindən boşanmaq istəyib.
Cinayət hadisəsindən bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evinə gedərək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarətlər yetirib.
S.Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
