Neftin qiyməti ilə bağlı proqnozlara Azərbaycanın energetika naziri Natiq Əliyevin fikirləri də əlavə olunub. Nazir “ABŞ-ın yüksək vəzifəli şəxsləri dəfələrlə deyib ki, Rusiya, OPEC və qeyri-OPEC ölkələri hasilatı dondursa, bizim hasilatı artırmaq, dolayısı ilə qiymətlərin artmasının qarşısını almaq imkanımız var” – deyə, qeyd edib: “Neftin qiyməti ilə bağlı indi ABŞ-ın hansı məqsədi güddüyünü demək çətindir. Bu yaxınlarda Əlcəzairdə OPEC-in növbəti iclası olacaq və geniş müzakirələr aparılacaq. Qəbul olunan istənilən qərar olduqca vacib olacaq… Bilirsiniz ki, bazarın əsas oyunçularından olan Səudiyyə Ərəbistanı ilə İranın ciddi fikir ayrılığı var. Maraqlı məqam odur ki, bazarın əsas oyunçuları yanvardan etibarən hasilatı durmadan artırdı. İndi məni bəzi suallar düşündürür: Əlcəzairdəki iclasda nədən danışacağıq? Hasilatı hansı ayın səviyyəsində dondurulmasını təklif edəcəklər? Düzdür, iclasdan öncə yaranmış vəziyyətdən, səslənən bəyanatlardan görünür ki, hansısa konsensusa gəlmək olacaq. Onu da etiraf edirəm ki, bəzi ölkələrin maraqları üst-üstə düşməyə bilər. Məsələn, İran hasilatın səviyyəsini sanksiyadan öncəki səviyyəyə çatdırmaq istəyir. İran itirdiyi mövqeyi bərpa etmək niyyətindədir. Fikir verin, hətta OPEC-in daxilində maraqlar üst-üstə düşmür”. (APA)
Yaxın perspektivdə neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən nazir qeyd edib ki, qiymət hazırda müəyyən olunmuş dəhlizdən kənara çıxmayacaq: “Neftin qiymətinin formalaşmasında bir sıra amillər vacibdir. İlk növbədə söhbət siyasi amillərdə gedir. Lakin indiki şəraitdə bunların altında onlarla subamillər var və onlar barədə biz sizinlə saatlarla danışa bilərik. Neftin qiyməti ilə bağlı proqnoz vermək artıq ən əhəmiyyətsiz işə çevrilib. Fundamental əsaslar, iqtisadi qanunauyğunluq tamamilə pozulub. Yaxın perspektivdə hansı hadisə baş verə bilər ki, qiymət indiki dəhlizdən kənara çıxsın? Mən elə bir hadisəni görmürəm”.
Hazırda Azərbaycan neftinin 47,78 dollara satıldığı bildirilir. Son gündə “Azeri Light” markalı neft təqribən 3 faiz ucuzlaşıb.
N.Əliyev həmçinin bildirib ki, növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır. Nazirə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. “Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir”, - deyə o qeyd edib.
Bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollar götürülmüşdü. İlin əvvəlində neftin qiymətində kəskin azaldıqdan sonra parlament dövlət büdcəsinə yenidən dəyişiklik etdi. Dəyişiklikdən sonra büdcədə neftin baza qiyməti 25 dollar götürüldü.
Qeyd edək ki, neftin qiyməti ilə bağlı proqnozlar fərqlidir. Məsələn, Rusiya Maliyyə Nazirliyi təxmin edir ki, yaxın bir neçə il üçün neftin hər barelinin 30 dollar olmasına hazır olmaq lazımdır. Nazir müavini Maksim Oreşkin bu pessimist proqnozla “Fitch reytinq” agentliyinin konfransında çıxış edib. Nazir müavininin sözlərinə görə, 2017-2019-cu illər üçün büdcədə neftin hər bareli 40 dollardan hesablanıb. Bu isə daha pis vəziyyətlərə hazır olmaq üçün növbəti addım ola bilər. Qeyd edək ki, sentyabrın 14-də London birjasında neftin bareli 47 dollara satılıb.
İran isə son 3 ayda neft hasilatındakı artımı dayandırıb. “Reuters”in yaydığı xəbərə görə, bu barədə məlumat OPEC-dəki mənbələrdən verilib. Belə ki, iyun ayında İran orta hesabla gündə 3,64 milyon barel neft hasil etdiyi halda, avqustda bu göstərici 0,27 faiz azalaraq 3,63 milyon barel təşkil edib. Buna baxmayaraq, İran gündəlik hasilatı 4,2-4,3 milyon barelə yüksəltmək məqsədi olduğunu açıqlayıb. Xatırladaq ki, 2012-ci ilin əvvəlində gündə 4 milyon barel neft hasil edən İranın sanksiyaların tətbiq edilməsi ilə hasilatı 2015-ci ilin iyununda 29 faiz azalaraq 2,84 milyon barel/günə qədər geriləyib.
Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC-in üzv və üzv olmayan ölkələrin iştirakı ilə növbədənkənar sammitin keçirilməsi gözlənilir. Sammitin əsas mövzusunu neft qiymətlərini sabitləşdirmək üçün hasilatın dondurulmasının müzakirəsi olacaq. Bundan əvvəl Vyanada keçirilən sammitdə İran tərəfi iştirak etməyib. OPEC isə 2017-ci ildə təşkilata üzv olmayan dövlətlərin neft hasilatını artıracağını proqnozlaşdırır. OPEC-in bu proqnozu təşkilata üzv olmayan ölkələrdə yeni yataqların kəşfi və ABŞ-da şist neft hasilatçılarının aşağı qiymət həddinə dayanıqlılıq göstərərək hasilata davam etməsi amilinə əsaslanır. OPEC-in aylıq hesabatında həmçinin üzv ölkələrin neftinə tələbatın 2017-ci ildə 32,48 milyon barel/gün təşkil edəcəyi qeyd olunur ki, bu da əvvəlki proqnozdan 530 min barel/gün və ya 1,6 faiz azdır.
Sənədə əsasən, 2016-cı ilin ikinci yarısında hasılatın ilk yarımillik göstərici ilə müqayisədə artacağı vurğulanır. Təşkilat üzv olmayan ölkələrin 2017-ci ildə neft təklifini gündəlik 200 min barel artıracağını proqnozlaşdırır. Belə ki, əvvəlki hesabatda 2017-ci ildə təklifin gündəlik 150 min barel azalacağı ehtimal edilib. OPEC gələn il neft təklifinin artmasını Qazaxıstanın “Kaşaqan” yatağında hasilata başlanması və ABŞ-da şist neft hasilatının azalmaması ilə izah edərək bildirib ki, ABŞ-da hasilat yaxın perspektivdə artmağa davam edəcək.
Qeyd edək ki, sentyabrın 9-da ABŞ-da mütəmadi olaraq “Baker Hughes” şirkəti tərəfindən açıqlanan həftəlik hesabata görə, ABŞ-da fəal neft-qaz qazma quyularının sayı sentyabrın 3-9-da 11 ədəd və ya 2,21 faiz artaraq 508 ədədə çatıb. Neft quyularının sayı 7 ədəd və ya 1,72 faiz artaraq 414 ədəd, qaz quyularının sayı isə 4,55 faiz artaraq 92 ədədə yüksəlib.
Açıqlanan xəbərlər neft kotirovkalarının aşağı düşməsinə səbəb olub. Hazırda neftin qiyməti əvvəlki günlə müqayisədə 1,16 faiz azalaraq 47,75 dollar/barelə enib. Neftin qiymətinin mövcud xəbərlər nəticəsində daha sərt enməməsinə səbəb isə ABŞ-da “Ermine” tropik qasırğası nəticəsində Meksika körfəzində hasilatın dayandırılması və sentyabrın 26-28-də Əlcəzairdə neft hasilat edən ölkələrin növbədənkənar sammitinin yekununda hasilatın dondurulması perspektivləridir.
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, neft bazarı ilə bağlı sentyabr ayının sonuna proqnoz vermək daha asan olacaq: “Çünki ayın sonunda Əlcəzairdə OPEK-in toplantısı olacaq. Orada kvotalar yenidən müzakirəyə çıxarılması gözlənilir. Bir də ABŞ-ın Federal Rezerv Sisteminin toplantısı gözlənilir. Hər iki toplantıdan çıxan qərarlar neft bazarında çox ciddi təsir yarada bilər. Bundan sonra neft bazarında vəziyyət daha da aydın görünə bilər. Amma ən azından bu gün gedən proseslər, Beynəlxalq Energetika Agentliyinin hesabatı bunu sübut edir ki, neft bazarında yaxın illərdə hələ də hasilat istehlakı daha da üstələyəcək. Hətta OPEK və Beynəlxalq Energetika Agentliyi gələn il üçün artıq neft proqnozunu üç dəfəyə qədər artırıb. Bu da neftin qiymətinin qalxmasının kifayət qədər qarşısını alan məsələlərdən biridir. Bu il neftin ortalama qiyməti çox güman ki, 40-45 dollar civarında olacaq. Ciddi kəskin enmələrin olması ehtimalı hələ ki, görünmür. Gələn ilin neft qiymətləri də bu ilkindən kifayət qədər çox, kəskin fərqlənməyəcək. Çünki ən azından neft bazarında daha təsirli bir rol alan ABŞ-da gələn il üçün hasilatın artması ehtimalı var. Ona görə gələn il neftin baza qiymətini Azərbaycan 40 dolar civarında götürsə, düşünürəm ki, kifayət qədər həqiqətə yaxın bir rəqəm olacaq. Ən azından daha aşağı bir rəqəm götürsə, özünü sığortalaya bilər. Qiymətin 30-35 dollar civarında götürülməsi gələcəkdə olan problemlərdən özünü sığortalamaq nöqteyi-nəzərindən daha məntiqli olardı. Amma 40 dollar götürülsə belə, bu, çox da həqiqətdən uzaq olmayan bir ehtimal olacaq”.
Cia.az
