|
Taxıl Fondu buğda tədarükü müddətini uzatdı
Taxıl Fondu buğda tədarükü müddətini noyabrın 1-nə qədər uzadıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. 

“Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılıb. Həmçinin bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək”, - deyə məlumatda bildirilir. 

Ekspertlər isə bildirirlər ki, Taxıl Fondu indiyədək lazımi səviyyədə taxıl tədarük edə bilməyib. Bildirilir ki, taxıl bu il də idxaldan asılı olacaq.
 
Ekspert Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, ölkə iqtisadiyyatı üçün strateji önəm kəsb edən taxıl ehtiyatları ilə bağlı mövcud olan problemlərin kompleksli təhlili bu istiqamətdə yaranmış əsas problemlərin kəmiyyət deyil, keyfiyyət problemləri ilə bağlı olduğunu göstərir: “Belə ki, kəmiyyət göstəricilərinə nəzər saldıqda, ölkədə taxıl istehsalının bu istiqamətdəki nəticələri daxili tələbatın əksər hissəsini ödəmək imkanında olduğunu söyləmək üçün əsas verir. Lakin ölkədə istehsal olunan taxılın böyük hissəsinin qida normativlərindən uzaq olması, ölkəyə böyük həcmdə taxıl idxalını zəruri edir. Nəticədə bu həm ərzaq təhlükəsizliyi, həm inflyasiya, həm illik təxminən 200 -300 milyon dollar həcmində ölkədən kapital axını, həm də digər makroiqtisadi problemlərə səbəb olur. Bu problemin kökündə texnoloji problemlər, o cümlədən suvarma ilə bağlı problemlər dayanır. Ümumilikdə Sovet İttifaqının dağılmasından sonra bu istiqamətdə elmi-tədqiqat işlərində müşahidə edilən ciddi geriləmə sözsüz ki, ölkədə keyfiyyətli taxıl istehsalı prosesinin dinamik və intensiv inkişafına ciddi şəkildə mane olmaqdadır. Çünki bu istiqamətdə digər ciddi problem də mövcuddur ki, bu da məhsuldarlıqla bağlıdır”. 
 
E.Məmmədovun sözlərinə görə, məhsuldarlığın aşağı olması da ciddi problemdir: “Ekspert hesablamalarına görə, ölkədə taxıl istehsalı sahəsində məhsuldarlıq göstəriciləri aparıcı taxıl istehsalçıları ölkələrindən 3-4, orta MDB göstəricilərindən isə 2 dəfə aşağıdır. Buna görə də ölkədə taxıl istehsalı üçün nəzərdə tutulan ərazilərin kifayət qədər böyük sahələri əhatə etməsinə baxmayaraq, məhsuldarlığın aşağı olması ölkədə bu sahədə tələb olunan inkişaf dinamikasına nail olmağa mane olur”.