|
Turan sevdalı Azərbaycan şairi
Çağdaş Azərbaycan ədəbiyyatının ünlü simalarından olan şair Rüstəm Behrudinin bugünlərdə 59 yaşı tamam oldu. R.Behrudi Azərbaycan milli düşüncəsinin formalaşmasında misilsiz xidmətləri olan aydınlarımızdandır. Hələ milli azadlıq hərəkatı başlamamışdan çox əvvəl o, öz şeirləri ilə Azərbaycan insanına çox ciddi informasiyalar ötürürdü. Onun qələmə aldığı şeirlərdə Turan ideyası, türkçülük xətti, Bozqurd fəlsəfəsi açıq formada təbliğ olunurdu. Sovet hakimiyyətinin ən güclü dövrlərində bu cür mövzulara toxunmaq həyat üçün ciddi təhlükə sayılırdı. Lakin Rüstəm Behrudi bu vacib və müqəddəs işi - milli şüurun, ictimai düşüncənin formalaşması missiyasını yüksək səviyyədə icra edirdi. 
 
 
R.Behrudinin poeziyasında ana xətti Turançılıq təşkil edir. O, şeirlərində türklərin Böyük və Qutsal Vətəni - Turanı təbliğ və vəsf edir. O, özünün "Turan" şeirində yazır:
 
And olsun Tanrı dağa
Oda, suya, torpağa
Turan qalxıb ayağa
Qılınclar qına gəlməz
 
Az qala milli marş səviyyəsində ola biləcək bir şeirdi. R.Behrudi Güney mövzusuna da toxunur öz yaradıcılığında, amma bu, hiss olunacaq qədər azdır. Özü deyir ki, bütün dünyada yaşayan türklərin əsas hədəfi Turan olmalıdır. “Turançılıq olmadan, bu ideyanı populyarlaşdırmadan, düşüncələrə yeritmədən Güney-Quzey problemi, Qarabağ müşkülü çözülməyəcək. Qarabağ, Güney-Quzey çözülmədən də, Turan qurulmayacaq. Yəni bu məsələlər bir-birindən asılıdı, bir zəncir kimidi” - deyir şair. 
 
O, Turan deyərkən ilk öncə bu ideyanın beyinlərə hakim olmasını istəyir. “Müasir uluslararası münasibətlər türklərə Böyük Vətənlərini bərpa etməyə imkan tanımır, fəqət biz ilk öncə Turanı düşüncələrdə, beyinlərdə qurmalıyıq. Bu ideyanı poeziyaya, nəsrə, musiqiyə daşımalıyıq. Sonra əmələ keçmək olar” - Rüstəm belə söyləyir. 
İsmayıl Bəy Kaspıralının düsturu kimi yəni. “Dildə, fikirdə, işdə birlik”. Bu, Türk Birliyinin yol xəritəsi, Turanın nəzəriyyəsi, ideolojisi, alt qatıdır. Rüstəm Behudi də bu yol xəritəsinə illərdir öz töhfəsini verir - dayanmadan, usanmadan. 
Onun dillər əzbəri olan “Boz Qurd” şeiri də yaradıcılığında bir başqa mərhələdi. 
 
Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan,biri gündoğan-
Dağından,daşından,adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən-
Sevgili bir yurd.
Sevgili bir yurd-
Hər gecə, hər gecə yuxularımda. 
 
Bu bənd türk ulusunun, türk coğrafiyasında yaşayan xalqların, xüsusilə də Azərbaycanın son əsrlər başına gələn müsibətlərin poetik dildə təsviridir. Şair “Boz Qurd” şeirinin bir başqa bəndində türklərin qədim vətənlərinin sınırlarını çəkir: 
 
Hər gecə, hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-Ulaya dolaşıb gəzən,
Obu, Yeniseyi, İtili keçib
Altaytək, Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd-
Hər gecə, hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa ordular basan.
Uluslar,"Bay göllər", Göyçələr səni
Məndən soruşurlar, Boz qurd, hardasan?! 
 
Şairin “Vətən” şeirində isə qədim Azərbaycan torpaqlarının işğalının bir başqa formada, ürək yanğısıyla qələmə alınmasını görürük:
 
Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı - qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
Vətən!  
Şeirin bir başqa bəndində R.Behrudi yenə də Turan mövzusuna toxunur və Azərbaycanı böyük ustalıqla Turanın bir parçası, amma önəmli parçası kimi təqdim edir: 
Mənə üz tut - yurda ocaq qurana,
“Turan” - deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana,
Vətən! 
 
Məhəmməd Əmin Rəsulzadə “Yeni Turanın açarı Azərbaycandadır” yazırdı. Ötən əsrin əvvəllərindəki Azərbaycan istiqlalçı nəsli, Turançılıq ideologiyasının memarları bu xətti siyasi fəlsəfə kimi ortaya qoydular. Və Turan ideologiyasının bütün dünya türklərini, xüsusilə də Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan əsas xətt olduğunu isbatladılar. 
 
Rüstəm Behrudinin bu gün türk dünyasında sevilməsinin, qəbul edilməsinin də bünövrəsində onun Turançılığa bağlılığıdır. Rüstəm təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının, Turanın şairidir. 
 
Rüstəm Behrudinin 59 yaşı tamam oldu. Amma belə insanların yaşı bilinməz. İnanırıq ki, tarix onu əsrlər boyu yaşadacaq. 
 
Doğum günün mübarək olsun, Turan sevdalı şair. 
musavat