|
Azərbaycanlılar Ukrayna DİN-in qarşısında aksiya keçirdilər
Sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar ölkənin Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər. Belə ki, son aylar Ukraynada yaşayan azərbaycanlı iş adamları qətlə yetirilib, ölkənin müxtəlif şəhərlərində həmyerlilərimizə məxsus böyük restoranlar yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. 

APA-nın məlumatına görə, aksiya iştirakçıları  son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz ediblər. Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 2 ildə - o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb ediblər.
 
Mitinqdə iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov “Yeni Müsavat”a bildirib ki, cinayətlərin üstü açılmadığı üçün mitinq keçirib, şüarlar səsləndiriblər: “Mitinqə Ukraynanın müxtəlif şəhərlərindən 200-dən çox adam gəlmişdi. Daxili İşlər Nazirliyinin qarşısında tələblərimizi irəli sürüb, şüarlarımızı səsləndirdik. Bildirdik ki, bu işlərə baxılsın və tez bir zamanda cinayətkarlar cəzalandırılsın. Daxili İşlər Nazirliyindən bizə cavab veriləcəyi bildirildi. Hələ ki biz də onlar cavab verənə qədər hər hansı bir aksiya keçirməyi düşünmürük. Cavabdan sonra buna uyğun olaraq müvafiq addımlar atacağıq”.
 
Durumu “Yeni Müsavat”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, son zamanlar Ukrayna və xüsusilə də Kiyevdə olan azərbaycanlı iş adamlarını oğurlayırlar. Bu halların isə üstü açılmamış qalır:“Cinayətlərin sayı getdikcə artıb. Eşitməmişəm ki, Kiyevdə hər hansı bir erməni iş adamı oğurlansın. Bu da əslində Avakovla bağlı azərbaycanlıların haqlı olaraq şübhələrinin, narazılıqlarının artmasına gətirib çıxarır. Avakovla bağlı Ukrayna cəmiyyətində də narazılıqlar var. Eyni zamanda prezident Poroşenko da ondan razı deyil. Sadəcə olaraq, parlamentdə qeyri-rəsmi koalisiyanın mövcudluğu və Avakovun da bu koalisiyanın üzvü olması səbəbindən Poroşenko ona dözməyə məcburdur. Avakov  işini bacarmır, cinayətlərin üstünü aça bilmir. Bununla yanaşı, ara-sıra etikadan uzaq açıqlamalara da yer verir. Ən əsası isə Azərbaycan və azərbaycanlılara qarşı bu adamın nifrət hissinin olması da açıq şəkildə görünür. Təsadüfi deyil ki, o, daxili işlər naziri olmadan öncə də çox çalışırdı ki, qondarma ”erməni soyqırımı" qətnaməsi Ukrayna parlamentində qəbul edilsin. Düşünürəm ki, demokratik ölkədə özünə hörmət edən nazir əslində bu cür şikayətlərdən sonra dərhal istefa verməli idi. Normal ölkələrdə bu cür hallarda istintaqa mane olmamaq üçün nazirlər istefa verirlər. Hətta onlar özlərini müqəssir saymasalar belə bu addımı atırlar. Zaman göstərəcək ki, Avakov istefa verəcək, yoxsa yox. Ancaq bu gedişat ona aparır ki, yaxın və ya uzaq perspektivdə o, öz vəzifəsi ilə sağollaşmaq məcburiyyətində qalacaq".

Politoloq bildirib ki,  Avakov Ukraynadakı erməni diasporasının ən üzdə olan simasıdır: “Avakov Xarkovda iş adamı kimi fəaliyyətə başlayıb, sonra isə müəyyən yollarla maddi baxımdan xeyli varlanıb. İndi  də azərbaycanlılara qarşı cinayətlərin üstü açılmır, ancaq ermənilərə qarşı belə bir hallar yoxdur. Demək ki, kimsə azərbaycanlılara qarşı bilərəkdən bu əməlləri həyata keçirir. Bununla da azərbaycanlılarla Ukrayna hakimiyyəti arasında sanki narazılıq yaratmağa çalışırlar. Burada hansısa ermənipərəst qüvvələr var. Bu baxımdan, əslində Avakovun nazir olması Ukraynanın özünə ziyandır. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır ki, onları  da narazı salmaq müsbət hal deyil. Bu, Azərbaycanla Ukrayna arasındakı münasibətlərə də mənfi təsir göstərə bilər. Poroşenko yay aylarında ölkəmizə səfər edib, Azərbaycanla əməkdaşlığı genişləndirmək istədiyini bildirmişdi. İndi sanki Ukrayna hakimiyyətində  adamlar var ki, bu əməkdaşlığa da mane olmaq istəyirlər”.
cia.az