Qarabağ danışıqlarında real hərəkətlilik və dönüş əvəzinə, vasitəçilərin ənənəvi söz oyunu, ümidverici bəyanatları davam edir. İndi də, deyəsən, ümidlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə qalıb.
Ancaq prezidentlər arasında bu günədək onlarla belə görüş keçirilsə də, o sırada aprel döyüşlərindən sonra daha iki belə təmas baş tutsa da, sülh prosesini dalandan çıxarmaq hələ ki mümkün olmayıb. O səbəbə ki, münaqişənin həllinə vasitəçi dövlətlərin yanaşmasında konseptual dəyişikliyə ehtiyac var - beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrinə söykənən konseptual dəyişikliyə. Bu dəyişiklik isə gecikir.
***
“ATƏT Qarabağ münaqişəsinin illərlə uzanmayacağına ümid edir”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son açıqlamasında - “İnterfax”a müsahibəsində bildirib. “Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək, amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək də lazım deyil. Danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir. Lakin bizim irəliyə getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələdə iştirak edirlər. Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra nizamlanacağını əvvəlcədən söyləyə bilmərəm, amma prezidentlər irəliləmək üçün siyasi iradə nümayiş etdirsələr, nizamlanmanın bütün elementləri hazırdır”, - deyə diplomat qeyd edib.
Göründüyü kimi, amerikalı həmsədr rusiyalı və fransalı həmkarları kimi sülh danışıqlarında nəticəyə görə əsas məsuliyyəti yenə münaqişə tərəflərinin üzərinə - Azərbaycan və Ermənistanın üstünə qoyub. Ənənəvi mövqedir və bu mövqe təbii ki, heç vaxt nizamlama prosesində sıçrayışa gətirməyəcək, necə ki, gətirməyib. Niyə?
Ona görə ki, işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyan bir yanaşmadır. Belə yanaşma Azərbaycandan fərqli olaraq, təcavüzkar tərəfə tamamilə əl verir. Ona görə ki, ona vasitəçi dövlətlərin hər hansı birtərəfli təzyiqlərini gündəmdən çıxarır, Ermənistanı təzyiqlərdən sığortalayır, status-kvonun sonsuzadək uzanmasına xidmət edir. Bir az da xırdalayaq.
Məntiqlə Azərbaycandan da sülh anlaşması üçün güzəşt tələb olunursa, bu, artıq Ermənistan tərəfdən spekulyasiya predmetinə çevrilmiş olur, çünki İrəvan öz güzəştini Bakının labüd güzəşti ilə əlaqələndirərək, vaxtı məharətlə uzadır. Halbuki Ermənistan işğalçıdır və beynəlxalq hüquq normaları tələb edir ki, o, qeyd-şərtsiz, Bakının “güzəşti-filanı” olmadan, ləngimədən yad torpaqlarından çıxsın.
Azərbaycanın nə güzəşti ola bilər ki? Onun ən böyük güzəşti işğal rejiminə bunca dözüm göstərməsi olub. Bundan sonra da dözüm göstərməyinin anlamı qalmayıb. Zira, indiyədək belə bir dözüm real sülh anlaşmasına gətirməyib, əkisnə, işğalçı ölkəni daha arxayınlaşdırıb, onu daha radikal mövqeyə kökləyib.
***
Belə olan surətdə Azərbaycanın tək çıxış yolu hərbi yolla öz ərazilərini azad eləməyə, yəni ordusunu günbəgün gücləndirməyə qalır. Hərgah, bəzən bunu da ona çox görürlər. Daha dəqiqi, bu məsələdə də ölkəmiz ikili standartla üzləşir - hansını ki, Uorlikin məlum müsahibəsindən də görmək mümkündür.
“ABŞ Konqresinin Azərbaycanla bağlı qanuniləşdirilmiş mandatı Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcəyi üçün ona silah satmağımıza imkan vermir”. Bu fikri də amerikalı diplomat məlum müsahibəsində deyib. “Biz başa düşürük ki, Rusiya və ABŞ fərqli vəziyyətdədir. Rusiyanın hər iki ölkə ilə uzun müddətdən bəri oturuşmuş münasibətləri var və uzun müddətdir ki, onlarla dostluq edir. ABŞ da Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir, lakin başqa cür. Biz tərəflərdən heç birinə silah satmırıq. Biz onlara olduqca məhdud sayda müdafiə silahları göndəririk. Hesab edirik ki, bizim hər iki ölkə ilə strateji münasibətlərimiz var”.
Yəni yenə ikili standart. Lap tutaq ki, belədir - Vaşinqton işğalçı tərəflə də, işğala məruz qalan Azərbaycanla da yaxşı münasibətə malikdir. O zaman konfliktin dinc yolla həllinə yardımçı olmaq üçün ona nə mane olur? Nədən Amerika “yaxşı münasibətdə olduğu” Ermənistanı başa salmır ki, işğal etdiyi ərazilərdən nə qədər tez çıxsa, bir o qədər onun üçün də, region üçün də yaxşıdır, nədən ki, getdikcə bölgədə böyük müharibə riski artır?!
Yaxşı ki, bunu indi həmsədr dövlətlər də anlamağa başlayıb. “Bir çoxları Dağlıq Qarabağ münaqişəsini dondurulmuş adlandırır, amma gördüyümüz kimi, xüsusilə də son vaxtlar, bu, heç də belə deyil”. Bu sözləri də Uorlik “İnterfax”a müsahibəsində bildirib. O, bunun olduqca aktiv münaqişə olduğunu bildirib: “Bu, çox aktiv münaqişədir. Biz aprelin əvvəlində onun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Bir neçə il öncə mən bu vəzifəyə keçəndə, daha çox snayperlər təhlükə kəsb edirdilər. Və çoxlu sayda insanın snayper gülləsi ilə öldürülməsi çox məyusedicidir. Bu gün vəziyyət daha təhlükəlidir. Çünki biz burada raket və digər ağır texnikaların mövcudluğunu görürük. Düşünürəm ki, bütün bu ağır texnikalarla münaqişənin gərginləşmə riski var. Təhlükə, sadəcə, gərginləşmə ilə bağlı deyil, mənfi nəticələrə gətirib çıxara biləcək səhv hesablamalar da ola bilər. Ona görə mən bunu tam dondurulmuş münaqişə adlandırmazdım, mən onu olduqca aktiv, tərəfimizdən böyük diqqət tələb edən münaqişə adlandırardım. Düşünürəm ki, bu münaqişəni idarə olunan hesab edənlər yanılırlar. Bu səbəbdən nizamlanmanın yolları, düşünürəm ki, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir” - vasitəçi narahatlıqla qeyd edib.
***
Birgə sahə isə ilk növbədə Ermənistana ortaq təzyiqlərlə bağlı ola bilər. Çünki işğal rejiminin uzanması labüd müharibəyə aparır. Rusiyalı tanınmış tarixçi-alimi, siyasi analitik və ekspert, Qarabağ məsələsində daim obyektiv mövqeyi ilə seçilən Oleq Kuznetsov bu xüsusda ermənilərin milli kimliyini və terrorçu mahiyyətini də unutmamağı vacib sayır.
Musavat.com-un məlumatına görə, analitik hesab edir ki, ermənilərdən ötrü terrorizm - öz milli kimliklərini saxlamaq vasitəsidir: “Eyni səbəbdən onlar üçün Drastaman Kanayan, Stepan Zatikyan, Monte Melkonyan kimilər milli qəhrəman hesab edilirlər - halbuki yerdə qalan dünya üçün onlar terrorçu və cinayətkarlardır. Terrorizm ermənilər üçün sadəcə, mübarizə vasitəsi deyil, həm də mənəvi dəyərdir”.
Daha sonra Qarabağ məsələsində Ermənistanın oynadığı “rol”dan danışan tədqiqatçı-alim bu rolun heç vaxt həlledici olmayacağına əminlik ifadə edib. “Ermənistan regional izolyasiya vəziyyətində və ya özünütəcrid durumundadır. Odur ki, regional layihələrin heç birinə o qatıla bilməyəcək. Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstanla ya düşmən, ya da gərgin münasibətlərə malikdir. Rusiya və İranla isə tamamilə xoşməramlı münasibətlər saxlayır - lakin bu da o vaxta qədər olacaq ki, ağa-qulluqçu münasibətləri mövcud olacaq, kimin nəvazişi hesabına ki, qulluqçu (ermənilərin saxta dövləti - red.) mövcuddur. ”Erməni faktoru" həmişə bazarlıq predmeti olacaq, bu və ya digər dövlətin arqumentlər toplusuna tərəzini “düzətmək” üçün özünəməxsus əlavə kiçik çəki daşı rolu oynayacaq. Ancaq heç zaman müstəqil rol oynamayacaq, çünki o, öz-özlüyündə heç nədir" - təhlilçi qeyd edib.
Onun sözlərinə görə, Rusiya, İran, Türkiyə və Azərbaycanın həmrəy mövqeləri olarsa, Ermənistanın mövqeyi olduqca xırda ölçülü amil kimi heç vaxt hesaba alınmayacaq. “Yox, onların arasında ziddiyyətlər olarsa, o zaman yalnız kartların bölüşdürülməsində əlavə kiçik kart kimi istifadə olunacaq. Bundan artığı olmayacaq”, - deyə analitik əlavə edib.
***
Beləliklə, bir daha qənaət hasil olur ki, Dağlıq Qarabağ münaqişəsinin bunca uzanması heç də “xırda amil” olan Ermənistanla bağlı deyil, konfliktə cəlb olunmuş böyük güclərin hər birinin həmin “xırda amil”dən öz maraqları naminə istifadə eləmək istəyi ilə bağlıdır. Bu surətdə konfliktin həllini münaqişə tərəfləri üzərinə qoymaq - ikili standart yanaşmadan doğan siyasi riyakarlıq və münaqişənin həllindən yayınmaqdam savayı bir şey deyil. Görəsən, vasitəçi dövlətlər nə vaxtadək işğalçı ölkəyə gizli qarant rolunda çıxış edəcəklər?
