|
Cəmi 4 seansa cavanlaş: fraksional lazer nədir?

Müasir dövrdə kosmetologiyada ən geniş yayılmış prosedurlardan biri fraksional lazerdir. Bəs bu prosedur necə həyata keçirilir, fərqi və üstünlükləri nədir? Həkim-kosmetoloq Günay Mikayılova bu prosedur haqda Aile.lent.az-ın oxucularına geniş məlumat verib. Kosmetoloq bildirir ki, fraksional lazer istifadəsi zamanı dəriyə vurulan lazer işığı xüsusi filtrdan keçir. Həmin bu işıq bir neçə xırda işığa bölünür. Dəriyə heç bir zədə vermir: “Dəriyə heç bir yan və ya mənfi təsiri olmasa da, öz işini görür. Daha çox dəridə çapıq toxumasının müalicəsində və cavanlaşma məqsədi ilə istifadə olunur. Bizə məlumdur ki, orqanizm boşluqları sevmir. Fraksional lazer proseduru zamanı müalicə edilən sahədə xırda deşiklər əmələ gətirir. Sonra o boşluqları doldurur və işlədiyimiz sahə lazer vasitəsilə yığılır. Eyni zamanda dəri yığıldığı üçün dəridəki sallanmaları da aradan götürür. Həm də çapığın içərisinə deşiklər girdiyinə görə altından yeni toxuma böyüməyə başlayır ki, bu da çapığın cavanlaşması və nisbətən aradan qaldırılmasına gətirib çıxarır”.

 

 

G. Mikayılova fraksional lazerin aşağıdakı problemlər zamanı yüksək nəticələr verdiyini deyib:

 

- Çapıqların müalicəsində

- Piqment ləkələri ilə mübarizədə

- Qocalmış dərinin müalicəsində

- Gözətrafı nahiyənin cavanlaşmasında

- Cavanlaşma məqsədi ilə

 

 

Lakin bu proseduru yay mövsümündə tətbiq etmək olmaz. Kosmetoloq fraksional lazerin ən ideal tətbiqinin qış mövsümü olduğunu deyir: “Təxminən oktyabrın axırından mart ayının əvvəlinədək olan vaxt ideal sayılır. Kiməsə bu proseduru etdirmək məsləhətdirsə, vaxtı ötürməsin. Çünki bir seans azlıq edəcək. Adətən 3-4 seansa ehtiyac var. 4-6 seans arası isə hətta bleforoplastika əməliyyatının nəticələrini əldə etmək olar. Hətta bleforoplastika əməliyyatı etdirmək göstərişi verilən xəstələrimiz olub. Lakin fraksional lazer üsulu ilə 5 seansdan sonra bu əməliyyata ehtiyac qalmayıb. Təbii ki, burada da nisbət var. Göz altı və göz üstü yırtıq çox olduqda artıq bleforoplastika əməliyyatı həyata keçirilməlidir. Bleforoplastikanın fraksional lazerlə əvəz edilməsi də problemin dərəcələrindən asılıdır”.

 

Həkim-kosmetoloq fraksional lazer haqda olan yanlış məlumatlara da aydınlıq gətirib. O, fraksional lazerin insanların beynində səhv formalaşan və çoxlarının qorxduğu şüa olmadığını vurğulayır: “Fraksional lazer gördüyümüz işıqdır, günəş işığı. Sadəcə olaraq fokslaşan işıqdır. Tərkibində heç bir dərman yoxdur, xüsusi aparatdır. Lazer dedikdə ağlınıza epilyasiya gəlməsin. Bunlar tamamilə fərqli sahələrdir və fərqli növ lazerdir. Ümumiyyətlə, lazerlər yalnız dərinin epidermisində işləyir, dərin qatlara getmir. Reabilitasiya dövrü azdır. Təqribən 5-7  günə xəstə artıq rahatlıqla adi həyatına qayıdır”.

 

Fraksional lazer proseduru 15-20 dəqiqə davam edir. Effektin qalıcılığı isə prosedurdan və problemdən asılıdır. G. Mikayılova Azərbaycanda daha çox qadınların estetik-kosmetologiya sahəsində cavanlaşma məqsədiilə fraksional lazerə müraciət etdiklərini açıqladı. O, xanımların sanki qocalıqdan qorxduğunu deyir: “Qocalıq xəstəlik deyil. Amma əgər biz qocalığa xəstəlik kimi baxsaq, istənilən xəstəliyin kompleks müalicəsi olmalıdır. Biz deyə bilmərik ki, bir dərmanla hər hansı xəstəliyin müalicəsi mümkündür. Protokollar var. Protokollara görə, vitamin, dərmanlar, inyeksiya, fizioterapiya olur. Ənənəvi və ənənəvi olmayan müalicələr var. Müalicəyə kompleks yanaşılmalıdır. Məsələn, lazer proseduru ediriksə, bilməliyik ki, lazer dərini qurudur. Qurudulmuş dərini yenidən nəmləndirmək lazımdır. Demək, fraksional lazerdən sonra ya plazmaterapiya, ya mezoterapiya, ya da biorevitalizasiya proseduru həyata keçirilməlidir. Bəzən pasient deyir ki, mənə sap qoy çıxım gedim. Yəni bir dəfəyə effekt alıb getmək istəyir. Soruşuram ki, siz kirli paltarı ütüləyirsiniz? Cavab verir ki, xeyr. Deyirəm, bu da onunla eynidir. Həmin nöqteyi nəzərdən yanaşsaq, dərini əvvəlcə yumalıyıq, qurutmalıyıq, sonra ütüləməliyik. Lazer müalicəsində mezoterapiya, biorevitalizasiya proseduru dərinin yuyulması və qurudulmasına aiddir. Ondan sonra botoks, dolğu, saplarla üzün dartılmasını edirik”.