İnsan Hüquqları Müdafiə Təşkilatı (Human Rights Watch) Yunanıstana sığınan valideynsiz qaçqın uşaqların dolu hücrələrdə saxlanıldığını iddia edib.
Axar.az xəbər verir ki, açıqlamada uşaqların qohumluq əlaqəsi olmayan yetkin insanlarla bir yerdə və gigiyenik qaydalar gözlənilməyən şəraitdə, polis məntəqələrində, qaçqın düşərgələrində saxlanıldığı qeyd edilib. İddiaya görə, uşaqlar tədrisdən, hüquqi dəstəkdən də ya tamamilə məhrumdur, ya da çox az yararlana bilirlər.
Təşkilat iddialarını 42 qaçqın uşağın ifadəsi əsasında irəli sürdüyünü vurğulayıb.
Həmçinin, Yunanıstanda bu ilin əvvəlindən bəri müşayiətçisi olmayan, sığınma müraciəti edən 3 min 300 uşağın qeydə alındığı məlum olub.
Ölkə qanunlarına görə, müşayiətçisi olmayan uşaqlar müvəqqəti sığınacaq tapana qədər 25 gün, fövqəladə durumlarda isə 45 günə qədər polis nəzarətində saxlanıla bilər.
Cia.az
