|
Azərbaycan müxalifətinin ABŞ-dan gözləntiləri
Azərbaycanda müxalifət partiyaları 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Qərbdən gələn hər bir bəyanata, açıqlamaya, səfərlərə həssaslıqla yanaşırdı. Demokratiyaya dəstək məsələsində Qərbə böyük ümidlər var idi. Əsasən də ABŞ-dan Azərbaycanda demokratiya ilə bağlı verilən ən adi bir bəyanata Azərbaycanın demokratik qüvvələri ümid işığı olaraq yanaşırdı. Amerikada keçirilən prezident seçkiləri də böyük həvəslə izlənirdi.
 
Okeanın o tayında fövqəldövlətdə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi, kimin prezident seçiləcəyinə Azərbaycan müxalifəti o dərəcədə həssaslıqla yanaşırdı ki, sanki Azərbaycanın taleyi həll edilirdi. Bu diqqət ondan qaynaqlanırdı ki, müxalifət nəhayət, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik proseslərə real ciddi dəstək verəcəyini gözləyirdi, buna ümid edirdi. Son illərdə müxalifətin okeanın o tayına ümidləri sanki yox olub. Belə təəssürat var ki, müxalifət artıq Qərbdən üz döndərib, əlini üzüb, Qərbə inamını itirib.

Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu gün dünyada təhlükəsizliklə bağlı o qədər problemlər var ki,  insan hüquq və azadlıqları, demokratiya məsələlərində əməkdaşlıq ikinci plana keçir. Yaxın Şərqdə müharibə gedir, Ukraynanın bir hissəsini Rusiya işğal edib, ümumiyyətlə, dünyada çox ciddi təhlükəsizlik problemi yaşanır. Ona görə də dünyada prioritet məsələləri demokratiya və insan haqları məsələləri təşkil etmir.
 
Ona görə də müxalifət başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək: “Məsələnin ikinci tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda belə təəssürat yaranırdı ki, müxalifətin yeganə ümid yeri Qərbdir. Bu gün Qərb Azərbaycanda demokratik dəyişikliklər istəsə belə, hazırda Azərbaycanda demokratik dəyişikliklərin həyata keçməsində rol oynayacaq tərəf-qüvvə yoxdursa, Qərbin istəyi nəyi həll edəcək? Heç nəyi. Məsələn, fərz edək ki, Qərb indiki vəziyyətdə istəyəcək ki, Azərbaycanda bir demokratik seçki keçirilsin. Əgər ortada ciddi demokratik müxalifət yoxdursa, Qərb nə qədər çalışsa da, demokratik seçki keçirilməsi mümkün olmayacaq. Bizim Qərbin bəyanatlarına, addımlarına illər öncə olduğu kimi, ciddi reaksiya verməməyimiz əlimizi Qərbdən üzməklə bağlı deyil. Səbəb odur ki, artıq müxalifət kifayət qədər zəif düşüb, elə Qərbin də dolayısı ilə iştirakı ilə müxalifət ölkədə sıxışdırılıb siyasi səhnədən az qala çıxarılıb”.
 
ADP sədri Azərbaycanda əvvəlki illərdən fərqli olaraq hökumətin ancaq dini qruplaşmalardan danışdığını da demokratik müxalifətin siyasi sistemdən sıxışdırılmasının nəticəsi hesab edir: “Əvvəllər demokratik qüvvələrdən danışırdılar. Efirdən ADP-ni, Müsavatı, AXCP-ni söyürdülər. Bu gün isə sanki nə Müsavat, nə AXCP, nə ADP var. Son illərdə daha çox dini qruplaşmaları söyürlər. İllərdir aparılan siyasətin nəticəsində demokratik müxalifətin yerini radikal dini təmayüllü qüvvələr tutub. Qərbin verdiyi bəyanatlar Azərbaycanda demokratik müxalifət öndə olduqda əhəmiyyət daşıyırdı. İndiki vəziyyətdə Qərbdən verilən bəyanatlar həm də buna görə əvvəlki kimi ciddi qarşılanmır, ümid yaratmır. Nə qədər ki, demokratik müxalifət zəif durumdadır, dini radikal qüvvələr təşəbbüsü ələ alıb, Qərb ölkədə demokratiyaya nə qədər dəstək vermək istəsə belə, radikal dini müxalifət buna imkan verməyəcək”.
 
Image result for Sərdar Cəlaloğlu
 
S.Cəlaloğlu dedi ki, müxalifət qüvvələr nisbətini ölçüb-biçir, geopolitik vəziyyətə, beynəlxalq konyukturaya baxır: “Görürük ki, boşuna ümidlənməyə dəyməz, Qərb hətta istəsə belə Azərbaycanda demokratiya qurulsun, indiki şərtlər daxilində ölkədə demokratikləşmə həyata keçirmək mümkün deyil. Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır. Subyekt sıradan çıxarılıbsa, proses radikal dini müxalifətlə aparılacaq? Axı bu mümkün deyil. Ən qəribəsi budur ki, Qərb demokratik müxalifətin güclənməsi üçün hələ heç bir ciddi addım atmır. Qərbin hərdənbir verdiyi bəyanatlar, hərdən iqtidara sərt münasibət bildirməsi, ABŞ-da kimin prezident seçilməsi həm də buna görə bizi əvvəlki kimi maraqlandırmır”.

Həmsöhbətimiz vurğuladı ki, əgər Qərb Azərbaycanda demokratiya istəyirsə, birinci növbədə ölkənin daxilindəki demokratik müxalifətin güclənməsinə çalışmalıdır: “Son hadisələr göstərdi ki, iqtidarın özünün də marağı bunu tələb edir. Vaxt var idi demokratik müxalifətin minlərlə üzvünü mitinqlərdə polis əlində dəyənək döyürdü, qovurdu. Lakin demokratik müxalifətin həmin minlərlə üzvü polisə müqavimət belə göstərmirdi. İndi 10-15 radikal dini qrup üzvünün qarşısına göndərilən polislər öldürülür, polisə atəş açılır. Demokratik müxalifətlə radikal müxalifət qruplarının fərqi bax budur. Demokratik müxalifət sıradan çıxdıqca, narazı insanlar gedib həmin o radikal qrupların sırasına qoşulur. Burda artıq Qərbə ümid-filan kimi məsələlər rol oynamır”.