Dünyanın ən qüdrətli dövlətinin - ABŞ-ın 1-ci şəxsini müəyyən edəcək prezident seçkisinə iki aydan da az vaxt qalır. Yəqin ki, rəqibləri tanıtmağa xüsusi ehtiyac yoxdur. Lakin ABŞ tarixində bəlkə də ilk dəfə prezident seçkisinin saxtalaşdırılacağı haqda ciddi ehtimallar səslənməkdədir. Musavat.com Rusiya və digər xarici mediaya istinadən bu qəbildən xəbərləri oxuculara təqdim edir.
***
ABŞ-ın Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klinton Rusiyanın noyabrda keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini bəyan edib. ABŞ-ın nüfuzlu demokratlarının əksəriyyəti də eyni mövqedədir. Onların fikrincə, Moskva səslərin sayılması prosesinə qarışa bilər. Hillari Klinton öz tərəfdarları qarşısında çıxış edərək “Rusiyanın seçki prosesinə qarışması barədə mötəbər mənbələrdən ciddi məlumatlara malik olduğunu” bəyan edib. Namizədin fikrincə, Demokrat Partiyasının Milli Komitəsinin serverinin qırılaraq oradakı baza məlumatlarının Rusiyanın xüsusi xidmət orqanları tərəfindən yayılması onun dediklərini təsdiq edir.
Qeyd edək ki, Klinton öz seçicilərinə Trampın Rusiya hakerlərindən rəqibi haqqında kompromat xarakter daşıyan digər məlumatları da yaymağı xahiş etməsini xatırladıb. Doğrudur, Tramp sonradan bu sözləri zarafat xatirinə söylədiyini bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin isə öz dövlətinin bu məsələ ilə heç bir bağlantısının olmadığını bildirərək, iddiaları rədd edib. Bununla belə, ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin yazdığına görə, hazırda ABŞ kəşfiyyatı Trampın Rusiya ilə əlaqələrini araşdırır.
ABŞ hakimiyyət orqanları təhqiqatın gedişatı barədə informasiya verməkdən boyun qaçırsa da, təhqiqatın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru general Ceyms Klepperin şəxsən kurasiyasında olması məsələnin ciddiliyindən xəbər verir. Qeyd olunur ki, Vaşinqtonda Rusiya xüsusi xidmət orqanlarının kiber casusluqdakı fəaliyyət ehtimalı yüksək qiymətləndirilir.
“ABŞ-da Rusiyanın tənəzzüldə olduğu danışılsa da, kiber təhdidlər barədə söhbət düşəndə məlum olur ki, Rusiya bu sahədə rəqabətə davamlıdır, Çindən daha böyük imkanlara malikdir və bu sahədə daha yüksək səviyyədə əməliyyatlar keçirməyə qadirdir”, - deyə Ağ Ev yanında Atlantik Şuranın analitiki Metyu Berrouz gazeta.ru-ya müsahibəsində bildirir.
Bir sıra ekspertlərin rəyincə, hakerlərin kütləvi hücumu nəticəsində seçicilərin siyahısı təhdid altında ola bilər. Avqustda FTB bəyan edib ki, naməlum hakerlər prezident Barak Obamanın doğma İllinoys ştatının seçicilərinin siyahı bazasına daxil ola biliblər. FTB bu məsələdə Rusiyanın əli olduğuna dair şübhələrini gizlətmir.
Öz növbəsində ABŞ Senatında Demokrat Partiyasının fraksiya rəhbəri Harri Rid FTB-yə deputat sorğusu ilə müraciət edərək, Rusiyanın noyabr seçkilərinə olan müdaxiləsinin mümkünlüyünün yoxlanılmasını istəyib. Sorğuda Moskvanın “seçkilərin nəticələrini saxtalaşdıra biləcəyi” barədə qeyd əks olunub.

Senatorun sözlərinə görə, onunla söhbət aparan kəşfiyyat strukturları Putinin seçkilərə müdaxiləsi barədə informasiyaları təsdiqləyir. Ekspertlərin fikrincə, belə bir təhdid üçün kifayət qədər əsas var. Məsələn, hakerlər internet yolu ilə səs verən seçicilərin səslərini dəyişdirə bilərlər. Bunu hər yerdə etmək mümkün olmasa da, səs fərqinin cüzi olduğu kritik ştatlarda həyata keçirmək mümkündür.
Siyasi analitiklərə görə, Rusiya bununla “bir daşla iki quş vurur”: bir yandan, öz xeyrinə olan namizədin seçilməsinə nail olur, digər yandan isə ABŞ-da seçkilərinin saxta və qeyri-legitim olduğu barədə həm öz vətəndaşları arasında, həm də bütün dünyada rəy yaradır. Hazırda Tramp reytinqlərdə Klintondan bir az irəlidə görünür. (45%-43%) Lakin oktyabrda rəqiblər arasında keçiriləcək debatlar seçkinin nəticələri üçün həlledici ola bilər.
Seçki prosesinə təsir edəcək və sürpriz sayıla biləcək hadisələrdən biri də ABŞ-ın Ukrayna və Suriya məsələlərində Rusiya ilə kompromisə gəlmək variantıdır. Lakin Kremldə başa düşürlər ki, bu məsələ həm daxili, həm də xarici siyasət məsələlərində Obamanın birbaşa varisi hesab edilən Klintonun işinə yarayacaq.
musavat
