Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Frans Klintseviç “İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın Türkiyənin Suriyanın şimalındakı “Fərat qalxanı” antiterror əməliyyatına dəstək verməyəcəyini deyib. O qeyd edib ki, Rusiya Suriyaya quru əməliyyatı üçün qoşun göndərməyəcək.
Qeyd edək ki, Rusiyanın son iki gündə Rusiyanın XİN rəsmilərinin də dilindən Türkiyənin Suriyada 15 gündür başlatdığı antiterror əməliyyatlarından narazılıq ifadə edilməyə başlayıb. Rusiyadan verilən açıqlamalarda Türkiyənin Suriyada nəzərdə tutulduğundan irəli getdiyi, Bəşər Əsədə qarşı olan Suriya hərbi müxalif qüvvələri ilə birlikdə hərəkət etdiyi iddia edilir və Moskvanın bundan narazı qaldığı nəzərə çatdırılır.
Diqqətçəkən məqamlardan biri Türkiyə hakimiyyəti ilə ABŞ arasında münasibətlərin son günlər yumşalmasının müşahidə edildiyi vaxtda Moskvadan bu cür açıqlamaların gəlməsidir.
Bəs bu cür açıqlamaların, Rusiyanın narazılıq ifadə etməsinin uzunmüddətli qarşıdurmadan sonra əldə olunan Rusiya-Türkiyə kövrək yaxınlaşmasının yenidən pozulacağını, münasibətlərin gərginləşəcəyini deməyə əsas verirmi?
Politoloq Ərəstun Oruclu bildirdi ki, Türkiyənin Suriyaya girməsində Rusiya ilə anlaşması olduğu barədə deyilənlər əslində həqiqəti əks etdirmir. Çünki belə bir anlaşma heç vaxt ola bilməz: “Mən əvvəldən bildirmişdim ki, belə bir anlaşma yoxdur. İki ölkənin başında duran şəxslərin münasibətləri nə qədər yaxın olsa belə, belə bir anlaşma alınmaz. Türkiyə NATO dövlətidir, Türkiyə NATO-ya antiterror koalisiyasının dəstəyi ilə daxil olub. Bu gün də o proses NATO dövlətləri ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Sadəcə olaraq, Rusiya Suriyadan xeyli vaxtdır çıxarılıb. Rusiyanın sonuncu cəhdi İranla birlikdə Suriya prosesində iştirak etsin. Bu da alınmadı. İran öz ərazisində yerləşdirilmiş Rusiya təyyarələrinin çıxarılmasını istədi və buna nail oldu. Beləliklə də artıq Yaxın Şərqdə, Suriyada baş verənlərə Rusiyanın yalnız siyasi-diplomatik aidiyyəti var. Hərbi iştirak isə artıq qeyri-mümkündür. Ona görə də Rusiya indi başlayıb məlum bəyanatları verməyə. Amma mən düşünmürəm ki, bu, Türkiyə ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq”.
Ə.Oruclu qeyd etdi ki, Rusiyaya Türkiyə ilə münasibətləri yenidən pozmaq sərf etmir. Bunu Moskva artıq özü üçün qətiləşdirib: “Türkiyə iqtisadi partnyor kimi Rusiya üçün vacibdir. Onu itirmək Rusiyanın bugünkü durumunda əlverişli deyil. Rusiyaya Qərbin sanksiyaları arta-arta gedir. Belə bir gedişatda Moskva Türkiyə nəfəsliyindən imtina etməz.
Digər tərəfdən də Türkiyənin Suriyada İŞİD-ə qarşı apardığı əməliyyatlara görə Rusiyanın ciddi bir narazılığı yoxdur. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi ilk vaxtdan bəyanat verdi ki, Türkiyə gərək Suriya hökumətindən icazə alıb bu əməliyyatlara başlayaydı. Amma Rusiya da nəzərə alır ki, bu əməliyyatlar İŞİD terrorçularına qarşıdır. Sadəcə, müəyyən narahatçılığı var ki, Türkiyə bu əməliyyatlarla qırmızı xətti keçə bilər. Bu narahatlığa da əsas görünmür. Türkiyə Suriyanın dərinliyinə qədər getməyəcək".
musavat
