Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində ittiham olunan Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayacaq.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, cinayət işi hakim Eynulla Vəliyevin icaraatındadır. Məhkəmənin hazırlıq iclası
sentyabrın 16-na təyin edilib.
Qeyd edək ki, bu il yanvar ayında Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.
Qeyd edək ki, bu ilin yanvar ayının 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin yaşadığı mənzildə üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətlə yetirilən M.Nametzadə Bakıda qızıl alveri ilə məşğul olub.
Cia.az
