|
Qızıl 2 dəfə bahalaşıb
Dolların manata nisbətdə getdikcə bahalaşması ölkədə qızılın da qiymətinə təsirsiz ötüşməyib. İqtisadçılar hesab edirlər ki, bu artım hələ bir müddət də davam edəcək. Musavat.com-un əməkdaşı Bakıda yerləşən qızıl mağazalarında hazırkı qiymətlər və mövcud durumla tanış olub.

Öyrəndik ki, hazırda Bakıda yerləşən qızıl mağazalarında bu ilin may ayı ilə müqayisədə təxminən 2 dəfə qiymət artımı var.  Satıcılar artımın davam edəcəyini söyləyirlər. Lakin onlar da bu qiymət artımından razı deyillər. Çünki satıcıların  sözlərinə görə,  qiymətin artması müştərilərin sayının kəskin azalmasına səbəb olub...
 
Mərkəzi Univermaqda (MUM) yerləşən qızıl mağazalarında olduğumuz zaman müşahidə etdik ki,  bu ay toyların çox olmasına baxmayaraq, qızıl alanlar demək olar ki, yoxdur.
 
Söhbət etdiyimiz satıcı Ümid Rzayev bildirdi ki, qızılın qiymətində artım aybaay davam edir: “Hesab edirik ki, bir müddət sonra qiymətlərdə enmə olacaq. Çünki bu gedişlə heç hara getmək olmaz. Qiymət artır, müştəri isə azalır. Hazırda 583-585 əyarlı qızılın qramı təxminən 75-80 manata satılır. 750 əyar isə modelindən asılı olaraq 85-90 manat arasında qiymətlə satılır. Bu da ötən aylarla müqayisədə təxminən yarıbayarı qiymət artımıdır”.
 
Satıcı bildirdi ki, qızılın qiyməti bahalaşdıqca insanlar daha çox sarı qızıl almağa üstünlük verirlər. Elə söhbət etdiyimiz müştərilər də təsdiqlədilər ki, artıq ağ qızıl almaq mümkün deyil.  
 
Alıcı Sevda Həsənova bildirdi ki, ötən ay alacaqları zinət əşyasının behini veriblər, bu ay isə almağa gəldikləri zaman qiymətin əvvəlki ilə müqayisədə 60 manat bahalaşdığını görüblər: “Getdikcə bahalaşma davam edir. Özü də təkcə qızıl bahalaşmayıb. Qızılın üzərindəki brilyant da  bahalaşıb. Gümüş də həmçinin bahalaşıb. Satıcılar  da deyirlər ki, onlardan asılı deyil, dollar bahalaşdıqca hər şey bahalaşır”.
 
Bəs qızılın qiymətindəki bu cür kəskin artımın səbəbi təkcə dolların bahalaşmasıdırmı?

 
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert  Fikrət Yusifov bildirib ki, qızılın qalxmasının əsas səbəbi Amerika iqtisadiyyatında baş verən qeyri-sabitlikdir: “Dünya bazarlarında neftin  qiymətinin kəskin dəyişməsi və bu istiqamətdə neft hasilatı ilə məşğul olan dövlətlərin bir neçə dəfə cəhdlərinin boşa çıxmasının da qızılın qiymətinə təsiri var. Bundan başqa da amillər var. Hansı ki, həmin amillər bütövlükdə iqtisadi böhranla bağlıdır. Hazırda dünyanın  xüsusilə də neft hasil edən ölkələrində iqtisadi böhran tüğyan edir. Qızılın qiymətinin artması da məhz bununla bağlıdır. Ola bilər ki, qızıl hasilatında da azalma var. Tələb təklifi üstələməsə heç zaman bu qədər artım ola bilməz. Tələbin kökləri isə ondan ibarətdir ki, dünyada qızıla olan güvən daha böyükdür. Kapital sahibləri öz kapitallarını daha etibarlı saxlamaq üçün qızıla üstünlük verirlər. Bu da qeyd etdiyimiz kimi, qiymət artımına səbəb olur”.
 
 
Ekspert bildirib ki, Azərbaycanda manat dollara nisbətdə ucuzlaşsa da qızılın qiymətində sabitlik müşahidə olunmaz: “Qızılın qiymətinin belə olan halda ucuzlaşması bir o qədər də inandırıcı görünmür. Ola bilər ki, manat ucuzlaşarsa, bunun qızılın da qiymətinə müəyyən dərəcədə təsiri olsun. Lakin bu, əsaslı təsir olmaz”.
musavat