|
Azərbaycan üçün perspektiv layihə - Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi layihəsindən gözləntilər ciddiləşir. Artıq layihə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından prioritet perspektiv layihə kimi qəbul olunub. Ekspertlər bunun o qədər də arzuolunan olmadığını vurğulayırlar. Rəsmilər isə əksini fikirləşirlər.
 
Energetika naziri Natiq Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər qrafikə uyğun olaraq irəliləyir: “Heç bir ləngimə yoxdur. Mütəmadi olaraq Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə işlərin gedişi ilə bağlı görüşlər keçirirəm və məlumatlar alıram. Layihələrin icrasında heç bir ləngimə, hansısa narahatlıq yoxdur. Bütün işlər öz qaydasında icra olunur. Hesab edirik ki, planlaşdırıldığı kimi, 2020-ci ildə ilk qaz Avropaya çatdırılacaq”.

N.Əliyev həmçinin məsələlərin hamısının Azərbaycan tərəfindən asılı olmadığını vurğulayıb: “Biz əlimizdən gələni edirik. Bilavasitə Azərbaycan olaraq iştirak etdiyimiz ”Şahdəniz-2",Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisində heç bir problem yoxdur. Trans-Adriatik Boru Kəməri (TAP) üzrə Yunanıstanda işlər başlayıb, İtaliyada işlər görülür. Onların hökuməti də bizi inandırır ki, bu ölkələrdə layihənin icrasında heç bir ləngimə olmayacaq. Yunanıstanın Saloniki şəhərində keçirilən təməlqoyma mərasimi zamanı da Yunanıstanın baş naziri Aleksis Tsipras bütün dünyaya hökumətin bu layihəni dəstəklədiyini və onun həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklərini bəyan edib".
 
Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün investisiya xərclərindən də danışan nazir bu məsrəflərin tez-tez dəyişdiyini qeyd edib: “Layihə ilə bağlı yekun investisiya sazişi imzalananda 45 milyard dollar civarında investisya nəzərdə tutulurdu. Bu, ilkin rəqəmlər idi. Amma təcrübə göstərir ki, indiyədək həyata keçirilən layihələr üzrə xərclər ilkin nəzərdə tutulan məbləğdə qalmayıb. Çünki bazar həmişə dəyişir. Cənub Qaz Dəhlizi layihəsinin də hazırda xərcləri 5 milyard dollar azaldılaraq 40 milyard dollar həcmində qiymətləndirilir. TANAP-ın 11-12 milyard dollara başa gələcəyi deyilirdisə, son məlumata əsasən, bu rəqəm 2 milyard dollar azalıb”.
 
Image result for Natiq Əliyev
 
Onun sözlərinə görə, bu, neftin qiymətinin düşməsi ilə bağlı olaraq mal və xidmətlərin ucuzlaşması hesabına olub. Nazir hazırkı rəqəmlərin də son rəqəm olmadığını vurğulayıb: “Bizi nə gözlədiyi bilinmir. Ola bilsin ki, hansısa zəruri işlər lazım olacaq, əvvəl planlaşdırılmamış yeni xərc ortaya çıxacaq. Şübhəsiz ki, biz dayanmayacağıq və bütün xərcləri ödəməliyik. Əsas layihənin yekunlaşanda neçəyə başa gəlməsidir”. (report)
 
Image result for Professor Elşad Məmmədov
 
Professor Elşad Məmmədov isə musavat.com-a açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı baxımından ölkə hökuməti tərəfindən prioritet perspektiv layihə kimi qəbul olunub: “Əslində ölkə iqtisadiyyatının tədricən postneft dövrünə adaptasiya olmasının zəruriliyini nəzərə alaraq, qaz ixracı iqtisadiyyatın diversifikasiyası baxımından önəmlidir. Bununla belə, ölkənin qaz istehsalçısı və ixracatçısı potensialı obyektiv qiymətləndirilməli və əldə edilməsi gözlənilən gəlirlərin son neft dövründə əldə olunmuş gəlirlər səviyyəsindən aşağı olacağının proqnozlaşdırılmasını nəzərdən qaçırmaq olmaz. Bu baxımdan, həm də ümumilikdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsinin zəruriliyini nəzərə alaraq, milli iqtisadiyyatın qaz ixracatına söykənməsi yolverilməzdir. Bununla yanaşı, məlumdur ki, dünya neft bazarında olduğu kimi, qaz bazarında  da ciddi rəqabət mövcuddur və bu rəqabətin perspektivdə  artacağını proqnozlaşdırmaq mümkündür. Ümumilikdə Cənub Qaz Dəhlizi ölkə iqtisadiyyatı üçün vacib olmaqla yanaşı, bu layihənin reallaşması, iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı müəyyən problemlər var. Belə ki, ilkin hesablamalara görə, layihənin investisiya xərcləri təxminən 45 milyard dollara  yaxındır”. 
 
Ekspertin sözlərinə görə, ölkədə mövcud olan hazırkı iqtisadi vəziyyəti və beynəlxalq reytinq agentliklərinin ölkənin kredit reytinqinin aşağı salmasını nəzərə alaraq, bu vəsaitin layihəyə cəlb edilməsində müəyyən çətinliklərin olması gözləniləndir. Digər tərəfdən, layihəyə görə, bu dəhlizlə ilkin mərhələdə ildə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin  6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya daşınması planlaşdırılır. “Qeyd etmək lazımdır ki, Türkiyəyə qazın nəqli çox güman ki, güzəştli şərtlərlə həyata keçiriləcək. O ki qaldı Avropaya nəql edilməsi nəzərdə tutulan  qazın həcminə, bu həcm Avropanın qaz tələbatının təxminən 2 faizini və yaxud bir orta statistik Avropa ölkəsinin qaza olan tələbatının həcmini təşkil edir. Düzdür, sonrakı dövrdə bu dəhlizlə qaz nəqlinin bir qədər artırılması gözlənilir, lakin o halda belə nəql ediləcək qazın həcmi Avropanın qaza olan tələbatının təxminən 4 faizini təşkil edəcək”,- deyə ekspert qeyd edib. 
 
Image result for Türk axını
 
O, Rusiya ilə Türkiyə arasında münasibətlərin düzəlməsi fonunda 63 milyard kubmetr qaz nəqlini nəzərdə tutan “Türk axını” layihəsinin reallaşdırılması ehtimalının yüksəldiyini də xatırladıb: “Həmçinin İranın iri qaz ixracatçısı kimi bazara qayıtması, qaz istehsalı və nəqli texnologiyalarında yaxın illərdə ğözlənilən innovativ məzmunlu yeniliklər, alternativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsi və qaz bazarına təsir  edə biləcək digər amillər nəzərə alınmalıdır. Fikrimcə, Cənub Qaz Dəhlizinə İran və Türkmənistanın qoşulması bu layihənin iqtisadi səmərəliliyini və ümumilikdə önəmini ciddi şəkildə artıraraq layihəni Avropa Qaz Bazarında strateji səviyyəyə çatdırardı. Lakin elə dəhlizlə nəqli nəzərdə tutulan qazın həcmlərinə nəzər saldıqda, habelə digər iqtisadi amillərlə bağlı İran və Türkmənistanın layihəyə cəlb olunmayacağını proqnozlaşdırmaq mümkündür. Belə olan halda, sözsüz ki, layihə ilə əlaqədar həm investisiyalarla, həm də digər iqtisadi problemlərin həlli ilə bağlı yükün böyük hissəsinin Azərbaycan iqtisadiyyatının üzərinə düşəcəyini gözləmək olar. Lakin bütün bu və layihə ilə bağlı digər problemlərə baxmayaraq, nəzərə alınmalıdır ki, Azərbaycan hökuməti ölkənin təbii ehtiyatlarının dünya bazarlarına nəqli marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı öz strateji seçimini müəyyənləşdirmiş və bu baxımdan layihə Avropanın enerji bazarında Azərbaycanın iştirakının göstəricisi kimi  böyük əhəmiyyət kəsb edir”.
 
Qeyd edək ki, hazırda Cənub Qaz Dəhlizi layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndirilir. Bu vəsaitin 9,3 milyard dolları TANAP, 6 milyardı TAP, 23,8 milyard dolları isə “Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

cia.az