Bir neçə gün əvvəl Kəlbəcər köçkünü Yusif Abbas oğlu Əmirov Bakıda Azərbaycan Ali Məhkəməsinin qarşısında aclıq aksiyası keçirməyə cəhd edib. Y.Əmirov ona bəraət verilməsini tələb edir.
Bunun üçün o, Ali Məhkəmənin rəhbərliyi ilə görüşmək istəyib. Onun istəyi baş tutmadığından Ali Məhkəmənin binası qarşısında aclıq aksiyası keçirməyə cəhd edib. Ərazidə olan polis əməkdaşları aksiyanın qarşısını alıb. Y.Əmirov Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb. “Yeni Müsavat”a müraciət edən Y.Əmirov deyib ki, bölmədə 3 saat saxlanılıb.
“Bölmədə polislərə dedim ki, 14 il müddətinə heç bir əsas olmadan, günahsızlığımı hər kəs bildiyi halda azadlıqdan məhrum edilmişəm, 10 illik mücadiləmdən sonra məni azad ediblər, amma bəraət verməyiblər. Mən bəraət istəyirəm. İşimə ədalətlə baxılmasını istəyirəm. Onlar da araşdırdılar, gördülər ki, haqlıyam, məni buraxdılar” deyə, Y.Əmirov bildirib.
Qeyd edək ki, Y.Əmirov ötən il yanvarın 12-də “Koroğlu” stansiyasının yaxınlığında yerləşən və “intihar körpüsü” kimi ad çıxarmış yol qovşağının konstruksiyalarının üzərinə çıxaraq eyni tələblə çıxış etmişdi. Həmin vaxt FHN əməkdaşları ona intihar etməyə imkan verməmişdilər. “Yeni Müsavat”ın 16 yanvar 2015-ci il tarixli sayında Y.Əmirovun başına gələnlər haqda “Özünü öldürmək istəyən adamın tükürpədici hekayəsi” adlı yazı dərc edilib. 63 yaşlı Yusif Əmirov demişdi ki, körpüyə çıxmazdan əvvəl çox qapılar döyüb, lakin heç kim onu dinləməyib.
Növbəti müraciətində Y.Əmirov haqqını bərpa edə bilmədiyindən Ali Məhkəmənin qarşısında aclıq aksiyasına qərar verdiyini söylədi: “Etmədiyim cinayətə görə 10 illik həbs yatmışam. Naxçıvan məhkəməsindən barəmdəki hökmü bu gün də mənə vermirlər ki, şikayət edim, mənə əzablar, iztirablar yaşadanların cəzalandırılmasına nail olum. Ora çıxmazdan əvvəl uşaqlarımın gələcəyini tərəzinin bir gözünə, çəkdiyim ağrıları, əzabları, özümün, həyat yoldaşımın başına gətirilən müsibətləri o biri gözünə qoymuşam. O adamlar ki, mənim həyatımı sındırıblar, uşaqlarımı 10 il atasız qoyublar, mən o adamları son nəfəsimə qədər bağışlayan, bu işdən keçən deyiləm. Mən ailəmin namusunu müdafiə etmişəm və Şərurun polis rəisi olmuş Salman Vəliyev tərəfindən şərlənərək qanunsuz həbs olunmuşam. Naxçıvan prokurorluğunun müstəntiqi Ədalət Səfərov şərləndiyimi bilə-bilə qondarma iş aparıb. Naxçıvan prokuroru Fikrət Qəribov mənim işgəncələrə məruz qalmağıma göz yumub, qanunsuz həbsimə şərait yaradıb. Hakim Elman Yəhyayev günahsız olduğumu bilə-bilə mənə 14 illik cəza oxuyub. Bu adamlar cəzalarını bu dünyada almalıdırlar”.
Y.Əmirovun tək istəyi həyatını puç edən, ona və ailəsinə, uşaqlarına acı yaşadanların Azərbaycan dövlətinin qanunu qarşısında cavab vermələridir: “Ayaqlar altında tapdalanan hüquqlarımız bərpa olunsun və o adamlar qanun qarşısında cavab versinlər”.
