|
“Qara qızıl”ı" ağ qızıl" əvəz edə bilər, amma...
Ölkəyə daxil olan neft gəlirlərinin azaldığı bir vaxtda hökumət valyuta axınını təmin edəcək başqa sahələrin axtarışındadır. Qeyri-neft sektorunda ən uğurlu  alternativ sahə isə kənd təsərrüfatının müxtəlif qolları, əsasən də pambıqçılıqdır.  
 
Dövlət başçısı İlham Əliyev də Salyanda pambıqçılıq sahəsinin inkişaf etdirilməsinin vacibliyindən danışıb və sözügedən bölgənin bu sahədə imkanlarının olduğunu bildirib. İ. Əliyev qeyd edib ki, ölkəyə valyuta gətirən ixrac məhsulları lazımdır: “Keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min hektarda əkilib, yəni beş dəfə çox. Proqram üzrə gələn il 7 min hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu, insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq, həm də ümumi işimizə bir töhfədir”.

Prezident onu da bildirib ki, 1970-ci illərdə pambıqçılıq əhalinin rifahını da təmin edib, bu işdə  işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər: “Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq”.
 
Prezidentin çıxışından da görünür ki, hökumət pambıqçılığı inkişaf etdirmək, dünya bazarına çıxarılacaq məhsullar arasında “qara qızıl”ı “ağ qızıl”la əvəz etmək istəyir. Bəs görəsən, pambıqçılıqla ölkəyə valyuta axınını təmin etmək mümkündürmü?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ölkəyə valyuta axınını təmin etmək üçün bütün sektorlarda paralel olaraq işlərin aparılmasına ehtiyac var: “Təkcə bir sahənin inkişaf etdirilməsi hansısa formada ölkəyə valyuta axınını, neft gəlirlərinin azalmasından yaranan itkini təmin edə bilməz. Burada ilk növbədə daxili iqtisadiyyat hədəfə alınmalıdır, daxili tələbat ödənilməlidir. Bununla ölkədən valyuta axınının qarşısı müəyyən qədər alınmalıdır. Daha sonra ixrac potensiallı sahələrə diqqət yetirilməlidir. 
 
Azərbaycanda ixrac potensiallı sahələr əsasən kənd təsərrüfatı, yüngül və yeyinti sənayesidir. Bu sahələrə diqqətin artırılmasına ehtiyac var. Pambıqçılığa gəlincə, bu sahə dünya əmtəə birjasında daimi bazarı olan məhsullardan biridir. Müəyyən dövrlərdə pambığın qiymətinin bahalaşıb-ucuzlaşmasına baxmayaraq, son 10 ildə pambığın qiymətində artım baş verib. Bu isə imkan verir ki, Azərbaycanda pambıqçılıq sektoru inkişaf etsin. Həmin sahəyə müəyyən qədər maliyyə dəstəyi olmalıdır ki, növbəti dövrlərdə ixrac olunan məhsulların ixracı sayəsində ölkəyə gətirilən valyuta bunu kompensasiya edə bilər. Ümidvarıq ki, növbəti dövrlərdə  pambığın qiymətində müəyyən qədər artımlar baş versin və bu da Azərbaycanda sektorun təşviq edilməsi üçün əsas amillərdən birinə çevrilə bilər. O cümlədən nəzərə almaq lazımdır ki, Azərbaycanda əvvəllər böyük pambıqçılıq təcrübəsi olub, bu təcrübənin fonunda pambıqçılıq sahəsinin inkişaf etdirilməsi hökumət üçün o qədər də çətin olmaz. Əgər nəzərdə tutulan təşviqedici addımlar həqiqətən həyata keçirilsə, dövlət qurumları bu sahənin inkişafında maraqlı olsalar deyilənlər reallaşa bilər. Pambıqçılıq həm gəlirli sahədir, həm də bu istiqamətdə ənənə mövcuddur. Sadəcə müasir texnologiyanın tətbiq edilməsi, müasir tələbələrə cavab verən inkişaf metodunu tətbiq etməklə pambıqçılığı ölkəyə valyuta gətirən sahələrdən birinə çevirmək olar".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pambıqçılıq gəlir gətirən sahələrdən biri olduğu üçün bundan xarici valyuta qazanmaq mümkündür: “Mən ölkə başçısının çıxışında iki əsas məqamı vurğulamaq istəyirəm. Bunlardan biri pambıqçılıq sahəsi ilə bağlıdır. Bildiyiniz kimi, pambıqçılıq Azərbaycanda ənənəsi olan bir sahədir. Ölkəmizdə bu sahə həmişə yaxşı inkişaf edib. Lakin çox ağır, xərc və zəhmət tələb edən sahədir. Ancaq əlbəttə, istehsalı ilbəil artırmaqla bu sahədən müəyyən qədər valyuta təmin etmək mümkündür. Bunun üçün illərlə vaxt lazımdır, bu bir ilin içində əmələ gələn deyil. Azərbaycanda təxminən 300-400 min ton pambıq istehsal etmək, ondan həm daxili bazarın tələbatını ödəmək, həm də ixrac etmək vaxt tələb edir. Buna baxmayaraq, pambıqçılıq sahəsini inkişaf etdirmək çox vacibdir. Aparılan  islahatlar içində pambıq istehsalının artırılması da vacibdir. Ancaq burada təkcə pambıqçılıqdan söhbət getmir. Məndə olan  məlumata görə, hökumət baramaçılıq, ipəkçilik və digər sahələrin də inkişafına çalışır. Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatı sahəsinin ən çox gəlir gətirən sahələrindən biri olduğu üçün bundan xarici valyuta qazanmaq mümkündür. Dünya bazarında da pambığa tələbat hər zaman var”. 
 
Deputatı icra başçılarının rayonlara xarici investorları cəlb etməsinin də vacibliyini vurğuladı: “İkinci bir məsələ də icra başçıları ilə əlaqədar idi. Ölkə başçısı bildirdi ki, icra başçılarının fəaliyyətinə o  zaman yüksək qiymət veriləcək ki, onlar öz rayonlarını saxlaya biləcəklər. Yəni  artıq dövlət büdcəsindən əlavə vəsait istəməyəcəklər, xarici investorları  öz rayonlarına cəlb  edəcəklər. Bu çox ciddi məsələdir. Biz çalışırıq dövlət büdcəsindən yerli büdcələrə ayrılan vəsaitlərin miqdarı bir qədər azalsın. Artıq  Azərbaycanın 6 rayonu özü-özünü təmin edir, qalanları isə dövlətdən dotasiya alır. İcra başçıları çalışmalıdırlar ki, yeni müəssisələr yaratsınlar, investisiya cəlb  etsinlər və yavaş-yavaş dövlət dotasiyasından  əl çəksinlər, öz vəsaitləri hesabına rayonu saxlasınlar”.