|
Valideynlərin qorxulu yuxusu - məktəbli bazarlığı
Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Valideynlərin əksəriyyəti övladları üçün məktəb bazarlığını yekunlaşdırmaq üzrədir. Ötən illə müqayisədə isə qiymətlər “əl yandıracaq” dərəcədə fərqlənir. Belə ki, ötən illə müqayisədə məktəbli ləvazimatlarının alınması üçün bu il azı 60-65 manat arasında bahalaşma var. 

Ümumi hesabladıqda bir uşağın məktəbə gedə bilmə xərcini konkret demək mümkün deyil. Çünki bu, valideynin məktəb ləvazimatlarını haradan almasından asılıdır. Məkana, yerə görə qiymətlər dəyişir. Həmçinin 20 manata da çanta var, 70 manata da. Geyimlər də həmçinin. 

Gəlirləri az olan ailələr nə qədər ucuz mal alsalar da, bir uşağı məktəbə yola salmaq 150 manat civarında pul tələb edir. Bir az artıq gəliri olan təbəqə üçün isə məktəbli ləvazimatlarının alınması 200-250 manat arasında başa gəlir. 
 
Şəhərdə qiymətlər baha olduğu üçün aztəminatlı ailələrin əksəriyyəti məktəb alış-verişi üçün "Sədərək" ticarət mərkəzinə üz tutur. Çünki “Sədərək” ticarət mərkəzində qiymətlər şəhərdəkinə nisbətən ucuzdur. "Sədərək"də istənilən qiymətə məktəbli formaları, köynəklər tapmaq mümkündür. 
 
Təbii ki, qiymət keyfiyyətə də çox ciddi təsir edir. “Sədərək”də 20-25 manata da məktəbli formaları satılır. Hansı ki, onları şəhərdə 35-40 manata satırlar. Onu da qeyd edək ki, bu geyimlərin keyfiyyəti aşağıdır.  Normal keyfiyyətdə olan məktəbli formalarının qiyməti isə 33-35 manatdan başlayır. Məktəbli üçün ağ köynəklərin qiymətində də ötən illə müqayisədə  5 manat fərq var. Məsələn, valideyn ötən il övladı üçün 16-17 manata 2 köynək ala bilirdisə, indi bu məbləğə yalnız bir köynək almaq mümkündür. “Sədərək”də 6 manata da köynək tapmaq mümkündür. Ancaq yaxşı keyfiyyətli köynəklərin qiyməti 14 manatdan başlayır. 20 manatdan ucuz normal məktəbli çantaları isə tapmaq mümkün deyil. 
 
Ayaqqabıların qiyməti isə 15 manatdan başlayır. Ancaq məktəbə 2-3 uşaq yola salmağa hazırlaşan valideynlər məcburən keyfiyyətə yox, daha çox qiymətin ucuz olmasına önəm verirdilər. Çünki keyfiyyətli məktəb paltarı 3 uşaq üçün onların büdcəsinə uyğun gəlməyə bilər. Bundan başqa, dəftər, qələm, karandaş, rəsm albomu və digər ləvazimatların da qiymətində ötən illə müqayisədə 30-40 faiz artım var. 
 
Ümumi hesabladıqda bu ləvazimatların qiyməti ötən illə müqayisədə 6-7 manat bahalaşıb. Satıcılara qiymətlərin artım səbəbini soruşduqda, bunu dolların bahalaşması və əksər malların xarici ölkələrdən xarici valyuta ilə alındığını əsas gətirirdilər. 
Cia.az