|
Cinayət Məcəlləsinə salınan yeni maddə kimləri ömürlük məhbus edəcək?
Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.
 
Milli Məclisdən femida.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur. Layihəyə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Ölkə başçısının təqdimatının ardından məsələ ətrafında bir sıra müzakirələr yaranıb. Çoxları hesab edir ki, Azərbaycanda getdikcə artmaqda olan dini cərəyanlar təhlükəli hala gəldiyinə, dini çevriliş təhlükəsi yarandığına görə önləyici təbdirlər görülür. 
 
Türkiyədə FETÖ ilə bağlı baş verən proseslərin ölkəmizə sıçramasının burada mühüm rol oynadığı vurğulanır. Çünki baş verən proseslərdən sonra Türkiyə xaricində Fətullah Gülən tərəfdarlarının ən çox Azərbaycanda olduğu aşkara çıxdı. Bütün bunlar heç şübhəsiz ki, ölkə hakimiyyətini düşündürməyə bilməzdi. 
 
Siyasi şərhçi Arzu Nağıyev hesab edir ki, dinlə bağlı hər hansı bir çevriliş təhlükəsinin olduğu inandırıcı görünmür: “Ümumiyyətlə, Azərbaycan tarixində dinlə bağlı hansısa bir çevrilişə cəhd halı olmayıb. Çünki Azərbaycan fanatik din olan dövlətlərdən biri deyil. Düşünürəm ki, son zamanlarda Türkiyə və Yaxın Şərqdə baş verən hadisələr, regionda cərəyan edən dini fanatizmlə bağlı məsələlər bunu gündəmə gətirə bilər. ABŞ-dakı 11 sentyabr hadisələrindən sonra mili təhlükəsizliyə təhdid kimi dini radikalizm gündəmə gəldi. Bu, təhdid kimi bütün dünya tərəfindən qəbul edildi. Lakin Azərbaycanda dövlət çevrilişi ilə bağlı belə bir təhdidin olduğu inandırıcı deyil. Amma hiss olunur ki, qonşu ölkələrdə və regionda bu istiqamətdə baş verənlər artıq qabardılmaqdadır. Xüsusi xidmət orqanlarının hər hansı bir dövlətə qarşı istifadə edəcəyi məsələlərdən biri də dövlət və milli təhlükəsizliyə dini təhdiddir. Türkiyədə son aylarda gedən proseslər buna bir daha təkan verdi. Xüsusi xidmət orqanlarının bu məsələdən istifadəsi də gündəmə gəldi. Düşünürəm ki, belə bir təhdidin rüşeymləri olduğuna görə, cənab prezident belə bir təqdimat verə bilər. Ancaq bunun ölkəmizdə ciddi təhlükə olduğuna inanmıram. Düşünürəm ki, qabaqlayıcı tədbirlər görülür. Başqa cür ola da bilməz. Yaxın və uzaq ölkələrdə - Türkiyədə FETÖ-nün dövlət çevrilişinə cəhddə iştirakı, Misir və digər ölkələrdə dini radikalizmin meydan sulaması, hətta müəyyən zaman kəsiyində iqtidara gəlməsi, görünür, dövləti qabaqlayıcı tədbirlər görməyə vadar edir. Doğrudur, Suriya və digər yerlərdə terrorçulara qoşulan Azərbaycan vətəndaşlarına qarşı onsuz da xüsusi xidmət orqanları ciddi əməliyyatlar aparırlar”.
 
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı “Müsəlman” Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə və digər şəxslərin məhkəmə prosesləri keçirilir. Həmin şəxslərə qarşı irəli sürülən cinayət maddələrinin içərisində 278, yəni hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama maddəsi də var. Qərar Milli Məclisdə qəbul olunarsa, bu şəxslərə şamil olunub-olunmaması ilə bağlı sualımıza A.Nağıyev belə cavab verdi: “Həmin şəxslərə qarşı cinayət işləri müxtəlif maddələr üzrə qaldırılıb. Oradakı maddələrin hamısı dinlə bağlı deyil. Bu maddələrə uyğun olaraq onların istintaq dövrü bitib, hazırda da məhkəmələri gedir. Düşünürəm ki, qərar qəbul edildikdən sonra bu maddə üzrə ittiham olunanlara şamil olunacaq”.
Cia.az