Azərbaycanın dünyada baş verən proseslərlə bağlı olaraq regionda güc balansını öz xeyrinə dəyişməsi məsələsi Ermənistanda siyasətçilərin və ekspertlərinin diqqət etdiyi başlıca mövzudur.
Bu mənada Ermənistanın keçmiş prezidenti Rober Köçəryanın Azadlıq radiosunun Ermənistan bürosuna (Radio Azatutyun-red.) verdiyi müsahibədə bir çox yeni maraqlı məqamlar vardır.
Eks-prezident Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı öz fikirlərini paylaşıb.
Köçəryan müsahibəsində vasitəçilərin nizamlanma üzrə sonuncu təklifləri ilə tanış olmadığı üçün, sənədin özünü müzakirə etməyi doğru hesab etmədiyini bildirib: “Lakin həm tərəflərin verdiyi bəyanatlardan, o cümlədən KİV-lərdə çıxan məlumatlardan görünür ki, hər iki dövlətin kompromissə getmək barədə fikirlərində qeyri-mütənasiblik hökm sürür. Azərbaycanın prinsipial məsələlərdə kompromissə getmək barədə adi işarə belə yoxdur. Bu isə Ermənistan ictimaiyyətində hiddətə səbəb olur ki, bu da danışıqlardan neqativ gözləntilərə və ölkədə məğlubiyyət ab-havasına gətirib çıxara bilər”.
Bundan başqa, Köçəryan Ermənistanın münaqişənin nizamlanması məsələsində mövqeyinin sərtləşdirəcəyini vurğulayıb. Köçəryan bununla bağlı maraqlı detalları da açıqlayıb: “Mənim prezidentliyimin 10 illik dövrü ərzində biz cəmi bircə dəfə, Ki-Uestdə (2001-red.) sənədin imzalanmasına yaxın olmuşuq. Lakin imzalanma mərasiminə az qalmış Azərbaycan bundan imtina etdi. Həmin sənəd “DQR” in (qondarma-red.) Ermənistana birləşdirilməsini və qalan ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan paket və tam həcmli nizamlanmanı nəzərdə tuturdu. Bundan başqa, sənəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı müddəalar da mövcud idi. Daha sonra masaya “Madird prinsipləri” gəldi ki, onun da bir hissəsi bizim üçün məqbul sayıla bilərdi. Həmin sənəddə “DQR”- ə (qondarma-red.) öz müqəddəratını həll etmək hüququ verilirdi. Lakin bu sənəd imzalanmaq üçün deyil, gələcək saziş üçün prinsipləri müəyyən edirdi. Bu prinsiplər əsasında vasitəçilər nizamlanma ilə bağlı sazişi hazırlamağa cəhd etdrilər. Lakin bu saziş heç vaxt imzalanma məqamına qədər gəlib çıxmayıb”.
Eks - prezidenti əsas narahat edən mövzu Azərbaycan ordusunun sürətlə yeni silah və texnika ilə təchiz etdirilməsi və güclənməsi olub: “Madrid prinsipləri 10 il əvvəl qüvvədə idi. O zaman hələ erməni zabitinin öldürülməsi (Ramil Səfərovun öldürdüyü erməni nəzərdə tutulur) və aprel müharibəsi baş verməmişdi. Sülh isə tərəflər arasında hərbi qüvvələrinin balansının qorunub saxlanılmasına əsaslanmalı idi”.
Köçəryan artıq “Madrid prinsipləri”nin də gündəmdən düşdüyünü bildirib: “Aydındır ki, Madrid prinsipləri bu günkü reallıqlara cavab vermir və yenidən baxılmasına ehtiyac yaranıb. İlk növbədə, təhlükəsizliyin təmini, referendumun (qondarma “DQR-in statusu ilə bağlı-red.) vaxtının dəqiqləşdirilməsi və yalnız bundan sonra ərazilərin qaytarılmasından danışmaq olar. Sazişin ayrılmaz tərkib hissəsi kimi tərəflər arasında ən azı 25 il ərzində beynəlxalq müqavilə ilə möhkəmləndiriləcək və təmin ediləcək hərbi balansın bərpa edilməsi ola bilər”.
Ermənistanın “Ay data” ofisinin rəhbəri və “Daşnaksütyun”un siyasi məsələlər üzrə eksperti Kiro Minoyan da Qarabağ münaqişəsinin həllinə yönəlik paket təkliflərin müxtəlif cür adlandırılmasına rəğmən eyni məzmunda olduğunu söyləyib: “Bu plan əvvəllər “Madrid” , sonra “Kazan”, ən axırda isə Lavrov planı adlandırılıb”.
“Mahiyyət üzrə eyni məzmun daşıyan bu sənədlərin hamısı ərazilər müqabilində Qarabağa hansısa statusun verilməsini nəzərdə tutulub. Fikrimizcə, ərazilərin anlaşılmaz status əvəzinə güzəşt edilməsi məntiqi gediş deyil”, - deyə Manoyan qeyd edib.
Kiro Minoyanın sözlərinə görə Ermənistan Respublikası və qondarma DQR arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanmalıdır. Fikirləşirəm ki, bu sazişin imzalanması üçün an artıq yetişib. Bu “DQR”-in (qondarma-red.) beynəlxalq tanınmasına da kömək edə bilər. Əlbəttə ki, biz heç bir illüziyalara qapılmırıq, lakin belə olan halda Ermənistanı başa düşərlər.
Ermənistanın “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan isə Qarabağ problemi barədə daha həyasız açıqlamalar verib.
Papyan qondarma “DQR”-in müstəqilliyinin əleyhinə olduğunu söyləyərək necə deyərlər, “baltanı lap kökündən vurub”.
O hesab edir ki, bu siyasət özünü tamamilə tükədib və problemin real həlli üçün Ermənistanın və “DQR”in birləşməsi yolunda prosesə başlamaq lazımdır. Papyan Qarabağ probleminin xalqların öz müqəddəratını həll etmək hüququ prinsipi əsasında deyil, Ermənistanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu düşünür. (?!)
Onun sözlərinə görə, Qarabağ problemi müqəddəratın həll etmək hüququ çərçivəsində həll edilsə, erməni tərəfi ətraf rayonlara iddia edə bilməz, ən yaxşı halda isə DQMV-nin 4 rayonu ilə kifayətlənməli olacaq:“Lakin bu birləşmə əsasında baş versə o zaman Ermənistanın dövlət ərazisinin işğaldan azad edilməsi kimi dəyərləndiriləcək. Həm Dağlıq Qarabağ, hə də aran Qarabağ Ermənistanın tərkib hissəsidir” deyə Ermənistanın liberal və mötədil ziyalılarından biri hesab edilən Ara Papyan qeyd edir.
Ara Papyanın fikrincə, Ermənistanın köməyi olmadan qondarma “DQR” müstəqil olmaq üçün, heç bir resursa malik deyil: “DQR-in müdafiəsi ilə bağlı hamımız iştirak etməli oluruq, pul buraxırıq, onların uğrunda itkilər veririk, lakin “DQR” bu məsələdə yalnız özü qərar verməlidir. ...Əgər müstəqil olmaq istəyirsinizsə, gedin olun... Onda bizdən nə qan, nə də pul istəyin”, deyə politoloq müsahibəsində qeyd edib.
Yuxarıda adları çəkilən fikir sahibləri Ermənistanın həm müxalifət, həm də iqtidar cəbhəsini təmsil edən nümayəndələrdir.
Lakin ümumilikdə Qarabağ məsələsi ilə əlaqədar Ermənistanda analitik təhlil və fikir yürütmə baxımından demək olar heç bir ekspertin rəylərində fərq hiss olunmur. Necə deyərlər “al birini, vur o birisinə”...
Hər halda, daima Azərbaycanın problemə konstruktiv yanaşmadığından ağız dolusu şikayət edən Ermənistanın fikir yiyələrinin məsələyə hansı tərzdə yanaşdıqlarını asanlıqla görmək olar.
Xalq dili ilə desək bunların hələ ağıllılarının bu cür düşüncə tərzinə malik olduğunu fikirləşsək, qalanlarının da hansı səviyyədə olduğunu təxmin etmək o qədər də çətin deyil.
Qalır bu adamlarla anladıqları dildə danışmaq, daha doğrusu hərəkət etmək....
musavat
